Əliyanlıların fəryadı Bakıya qədər çatdı: "Bizi xilas edin!"

 "O vaxtdan bəri hələ də gözümüz yolda, qulağımız səsdədir ki, hansısa səlahiyyətli gəlib bu acınacaqlı durumumuza bir çarə qılacaq"


Bərdə rayonunun Əliyanlı kəndində ekoloji fəlakət hökm sürür. Belə ki, kənardan gətirilən məişət tullantıları kənddəki yaşayış evlərinin yanına atılır. Heyvan mənşəli tullantıların yaratdığı üfunət qoxusu isə dözülməzdir. Yaxınlıqdakı əkin sahələrində də zibilliyin yaratdığı fəsadlar açıq-aşkar ortadadır.

Kənd sakinlərinin iddiasına görə, bu xoşagəlməz vəziyyətlə bağlı əlaqədar yerli təşkilatlara müraciətlər etsələr də, heç bir müsbət faydası olmayıb. Kənd sakini Sayad Paşayeva Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışır ki, iki dəfə rayon icra hakimiyyətinə gedib, məsələ barədə məlumat verib, amma xeyri olmayıb.

"Mənə dedilər ki, "gedin, gəlib probleminizi həll edəcəyik". O vaxtdan bəri hələ də gözümüz yolda, qulağımız səsdədir ki, hansısa səlahiyyətli gələcək, bu acınacaqlı durumumuza bir çarə qılacaq. Gəlib-gedən isə əsla yoxdur. Ciyərlərimizə iyli, üfunətli havanı çəkmək məcburiyyətindəyik" — müsahibimiz bildirir.

"Evimizdən bezmişik. Əkin sahəsini becərmək üçün də bura heç kim gəlmir. Deyirlər ki, gedib özümüzü xəstə salmayacağıq ki. Əliyanlı qəssabları kəsdikləri heyvanların qan qarışıq tullantılarını gətirib bura tökürlər. Qana, qoxuya gələn itlərin əlindən də evlərimizdən çölə də çıxa bilmirik", — Sayad Paşayeva qeyd edir.

Əliyanlı kənd sakini Əvəz Əhmədov da mövcud vəziyyətdən gileylənir: "Buradakı üç hektar əkin sahəsində pambıq əkirəm. Hər il əkdiyimi becərmək üçün çox çətinlik çəkirəm. Heç kim baş alıb gedən bu anti-sanitariyaya, üfunətə görə becərmə üçün işləməyə gəlmir. Ağız-burunlarını parça, dəsmalla sarısalar belə, faydası olmur. Gələn alaqçılar burdakı qoxuya dayana bilməyib qaçırlar".

  • Bərdə rayonunun Əliyanlı kəndi ərazisindəki zibillik
  • Bərdə rayonunun Əliyanlı kəndi ərazisindəki zibillik
  • Bərdə rayonunun Əliyanlı kəndi ərazisindəki zibillik
  • Bərdə rayonunun Əliyanlı kəndi ərazisindəki zibillik
1 / 4
© SPUTNİK / MUSA MURADLI
Bərdə rayonunun Əliyanlı kəndi ərazisindəki zibillik


Ə.Əhmədov da vurğulayır ki, vəziyyətlə bağlı bir neçə dəfə kəndin bələdiyyəsinə, icra nümayəndəsinə müraciət etsələr də, şikayətlərinə baxan olmayıb.

Kənd sakini Pərviz Abulkərimov isə zibilin düz onların yaşadıqları evin qarşısına töküldüyünü deyir: "Dözülməz vəziyyətlə bağlı dəfələrlə icra hakimiyyətinə, kənd bələdiyyəsinə etdiyimiz müraciətlərin heç bir faydası yoxdur. Bura yaşayış evidir. Bir daha onlara deyirik ki, gəlsinlər, bizim iydən, üfunətdən necə əzab çəkdiyimizi gözləri ilə görsünlər. Uşaqlar yemək yeyə bilmirlər, tez-tez xəstələnirlər. Axı biz hara gedək, başımıza nə çarə qılaq?".

Evi zibilxanaya çevrilmiş əraziyə yaxın olanlardan biri də kənd sakini İlham Qurbanovdur. O da acınacaqlı durumdan şikayətçidir: "Dəfələrlə müraciət etməyimizə baxmayaraq, burdakı zibilliyi təmizləyən yoxdur. Milçək əlindən, qəssabların gətirib tulladığı leşin iyindən evimizdə yaşaya bilmirik. Ötən illərdə gəlib təmizləyir, vəziyyətin bir az yüngülləşməsi üçün hansısa işlər görürdülər. Amma bu il burada yaşayan adamların taleyi tamam yaddan çıxıb".

"Mənim də evim buradadır. Mal-qara da buralarda gəzə bilmir. Heyvanların ayağına şüşə qırıntıları dolur. Heyvan mənşəli tullantılara görə bura yığışan saysız-hesabsız itlər həyatımız üçün təhlükə yaradır. İy və üfunətdən dayanmaq olmur. Tədbir görülməsə, hamımız buranın yaratdığı xəstəliyin qurbanları olacağıq", — deyə kənd sakini Elşad Həsənov da mövcud vəziyyətdən haray edir.

Kənd sakini Elşad Həsənov
© SPUTNİK / MUSA MURADLI
Kənd sakini Elşad Həsənov


Əliyanlı bələdiyyəsinin sədri Telman İbişov da Sputnik Azərbaycan-a açıqlamasında zibil tökülən ərazidəki acınacaqlı vəziyyət barədə kənd sakinlərinin dediklərini təsdiq edib: "Bərdə Rayon İcra Hakimiyyətinə məlumat verilib. Texnika verilsə, yanacağına kömək edərik, ərazini təmizlədərik. Əks halda, ərazinin mühafizəsini təşkil eləmək bizim imkanlar xaricindədir".

Bələdiyyə sədri əraziyə atılan zibilin kənddən daşınmadığını, Bərdə şəhərindən gətirilib tullanıldığını da qeyd edib. Zibilliyin insanların həyatı üçün yaratdığı təhlükənin nə zaman aradan qaldırılacağı barədə isə heç nə deməyib. Görünür, əliyalınlıların fəryadı hələ uzun müddət davam edəcək.

Onu da qeyd edək ki, Azərbaycan Respublikası Konstitusiyasının maddələrindən biri də, hər kəsin sağlam ətraf mühitdə yaşaması ilə bağlıdır. Ümid edək ki, əlaqədar təşkilatlar, cavabdeh vəzifəli şəxslər Əliyanlı sakinlərinin üzləşdiyi ekoloji fəlakətə bundan sonra biganə qalmayacaqlar, dərhal problemin həlli istiqamətində lazımi işlər görüləcək.



Tarix: 5-05-2018, 08:45
Xəbəri paylaş





Xəbər lenti