Gədəbəydə “Müsibəti-Fəxrəddin” dramı davam edir – yeni faktlar


Gədəbəydə “Müsibəti-Fəxrəddin” dramı davam edir
Gədəbəyin icra başçısı Ramiz Yediyarov rayonda çalışan sahibkar Fəxrəddin Bağırova qarşı qanunsuzluqlarını davam etdirir. 6 ay əvvəl sahibkarın obyektinin qarşısına 1 maşın daş tökdürən başçı ticarət məkanının qapı-pəncərəsini, darvazasını hördürüb. Ötən müddət ərzində obyektin işi iflic olub, sahibkar Fəxrəddin Bağırov Bakıya gələrək rəsmi qurumlardan dəstək ümidi ilə ayları, günləri sayır.

10-a yaxın işçi də Gədəbəydə avara-sərgərdan gəzib-dolanır, sahibkarın Bakıdan geri qayıdacağını, iş yerlərinin qapı-pəncərələrinin, darvazalarının açılacağı günü gözləyirlər. Həmin işçilərdən biri də obyektdə sürücü işləyən 2 övlad atası, Qarabağ qazisi Şahin Bağırovdur. Sahibkar Fəxrəddin Bağırovun qardaşı olan Şahin Bağırov da digər işçilər kimi 6 aydır işsizdir, çıxılmaz durumdadır. Maşını icra başçısının qapı-pəncərəsini, darvazasını hördürdüyü obyektdə girova çevrilib. İşçilər obyekt Ramiz Yediyarovun qanunsuz göstərişi ilə blokadaya salınandan sonra hasardan aşmaqla oranı tərk edə bilsələr də, ağır tonnajlı nəqliyyat vasitəsini hasardan bu üzə keçirmək müşkülə çevrilib.

“Yeni Müsavat”ın 23 noyabr 2017-ci il tarixli sayında
“Gədəbəyin icra başçısı ”Müsibəti-Fəxrəddin"i yenidən yazır ..." sərlöhvəli reportajda (http://musavat.com/news/gedebeyin-icra-bascisi-musibeti-fexreddin-i-yeniden-yazir-reportaj-fotolar-video_485354.html http://musavat.com/news/gedebeyin-icra-bascisi-musibeti-fexreddin-i-yeniden-yazir-reportaj-fotolar-video_485354.html) bu haqda geniş söhbət açmışdıq. Hazırda vəziyyət dəyişməyib. Sahibkarın qardaşı Şahin Bağırov da çıxılmaz durum barəsində dövlət rəhbərliyinə məktub yazıb. Qarabağ müharibəsi veteranı Şahin Bağırovun prezident, ali baş komandan İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, baş nazir Novruz Məmmədova, müdafiə naziri Zakir Həsənova, baş prokuror Zakir Qaralova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə, daxili işlər naziri Ramil Usubova açıq müraciətində deyilir:

- Hörmətli cənablar, hörmətli Mehriban xanım.
1992-ci il mayın 6-da könüllü olaraq Milli Orduya yazılmışam. Sapyor - minabasdıran olmuşam. Gədəbəy cəbhəsində gedən bütün döyüşlərdə iştirak etmişəm. 1993-cü ildə Qalankənddə, yeni yolun üstündə 2 erməni əsgəri öldürmüşəm. 1994-cü ildə kəşfiyyatın qrupunun tərkibində Krasnoselskdən Berd rayonuna gedən asfalt yola 2 ədəd tank əleyhinə - “TEEM-57" mina, ondan 15 metr aralı 4 ədəd ”Ozem-72" markalı piyada əleyhinə mina basdırmışam. Həmin minalara 10-dan çox erməni düşüb. Göyəlli kəndində gedən döyüşlərdə 1 erməni əsgərini öldürüb meyitini gətirmişəm. Həmin dığanın qolunda “A Cidois” yazılmışdı. 1994-cü il avqustun 5-6-da Sümüklü postu uğrunda gedən döyüşlərdə həlak olmuş Hüseynov Aqil Baxşəli oğlunun meyitini erməni postunun yanından mən gətirmişəm. Sərhəd boyu 2 mindən çox mina basdırmışam.
 
“Mən ona görəmi döyüşdüm ki, bu gün Gədəbəyin icra başçısı gəlib mənə qoruduğum torpaqda yaşamağa imkan verməsin?”
Hörmətli cənablar, hörmətli Mehriban xanım.
Bunlar mənim müharibədə iştirakımdan yadımda qalanlardı. İndiyədək bu barədə danışmamışam. Düşünmüşəm ki, nə eləmişəm, vətənim, millətim üçün eləmişəm. Heç kimə buna görə minnət qoymamalıyam və qoymuram da. Amma bu gün başıma gələnlər məni vadar edir ki, döyüş yolum ilə bağlı belə açıq yazım.

Mən ona görəmi döyüşdüm ki, bu gün Gədəbəyin icra başçısı Ramiz Yediyarov gəlib mənə qoruduğum torpaqda yaşamağa imkan verməsin? Mənim yeganə dolanışıq yerim olan avtomobilimi qardaşım Fəxrəddin Bağırovun obyektində qoyub qapısını hördürsün? Bu adamın mən döyüşəndə 25 yaşı olub. Amma kolxozun fermasında müharibədən gizlənib, fərarilik edib. Mənim nə evim var, nə torpağım var, 6 aydır ki, artıq iş yerim də yoxdur! Müharibə ucbatından ali təhsil də almamışam. 9 və 10 yaşında körpə uşaqlarım var. Mən ona görəmi döyüşmüşəm ki, Yediyarov kimi fərari və rüşvətxor məmur gəlib mənim bu 2 uşağıma çörək qazanmağa imkan verməsin? 6 aydır mənim maşınım girovluqdadır. Əkin mövsümüdür. Mən toxumu neçə daşıyım? Ramiz Yediyarov bu gün rayonun yarısına saxta veteranlıq verdirib hər birindən min manat rüşvət alır. O adamların çoxunu şəxsən tanıyıram, müharibə vaxtı Rusiyada alver edirdilər. Soruşsunlar görək mənim dediyim bu döyüşlərin hansında iştirak ediblər?

Özü müharibəyə getməyən, üstəlik müharibədən yayınan 500 nəfərdən artıq adama saxta veteranlıq verən bu adamın həqiqi müharibə iştirakçısı kimi mənə və ailəmə qarşı törətdiyi qanunsuzluqlara dözə bilmirəm. Cənab prezident, siz keçirdiyiniz iclasda dediniz məmurların vətəndaşı sıxışdırması yolverilməzdir. Bir icra başçısı isə müharibə iştirakçısının çörəyini kəsməkdən sanki zövq alır. Bu, sizin siyasətinizə qarşı çıxmaqdır. Mən döyüşlərdə sağlamlığımı da itirmişəm. Başağrısındsan, bel ağrısından gecələr yatmıram. Bir tərəfdən də Yediyrovun bu qanunsuzluqları məni əsəbiləşdirir. Bu haqsızlığa son qoyulmasını xahiş edirəm.

Vətəni Yediyarovun kef içində böyüyən oğlu müdafiə etməyəcək. O, öz atası kimi qaçıb gizlənəcək. Vətəni mənim kirayədə, şoferliklə, əziyyətlə böyütdüyüm oğlanlarım müdafiə edəcək. Sizdən xahiş edirəm, mənim vəziyyətimlə maraqlanın. Bir vətəndaş, bir keçmiş döyüşçü kimi sizdən xahiş edirəm - Yediyarov haqda tədbir görün. Qardaşımın obyektinin qapısının açılmasına və mənim avtomobilimin oradan çıxarılmasına yardımçı olun".
 
Tarix: 7-05-2018, 09:10
Xəbəri paylaş





Xəbər lenti