Göygöl sakini prezident İlham Əliyevə şikayət ərizəsi ünvanlayıb. Bir nüsxəsi də DİA.AZ-a daxil olan müraciətdə deyilir:
"Hörmətli cənab Prezident! Mən Allahverdiyeva Laçın Əsəd qızı, Göygöl rayon Üçtəpə kəndində anadan olmuşam və hazırda orada da yaşayıram. Çarəsiz durumdayam, 20 ildir əkib becərdiyim torpağımı Arif Seyidovun Üçtəpədəki qoluzorlu, dilbilməz, qolçomaq dəstəsi əlimdən almaq istəyir. Üçtəpə kənd bələdiyyəsi bütün ətrafda olan torpaqlara yalan-doğru sənəd düzədib. Bir tək mənim torpağım ehtiyyat torpağıdır deyirlər. Dəfələrlə Arif Seyidovun qəbulunda olmuşam. Hər dəfə də bilərəkdən mənim məsələmi həll etmir. Halbuki həmin ərazidə olan digər torpaq sahələrinin hamısının sənədi var, çünki onlar Üçtəpə bələdiyyəsini görüblər. Cənab Prezident mən isə Sizə güvənirəm, Sizə inanıram. Təsəvvür edin 10 hektarlarla yerin içərisində bir tək mənə məxsus 0.6 ha torpaq sahəsi ehtiyyat fonda aiddir deyir Üçtəpə kənd bələdiyyəsinin sədri Rza Məmmədov. Rza Məmmədova deyəndə ki Prezidentə şikayət edəcəyəm, çəkinmir deyir mənim arxamda Arif Seyidov durub. Heçnə də edə bilməyəcəksən. Rza Məmmədovun Allahı Arif Seyidovdur. Bu Allahsızın cəzasını verməyinizi xahiş edirəm. 3 ildir dayanmadan Üçtəpə kənd bələdiyyəsinə və Arif Seyidovun yanına gedib gəlirəm, hər dəfə də məni qəsdən get-gələ salırlar. Sonuncu gedişlərimdə Üçtəpə bələdiyyəsinin sədri Rza Məmmədov bu işi həll etmək ən azından 1000 manata başa gələr dedi. Mənim 1000 manatım yoxdur ki, Rza Məmmədova verim, qanuni sənədlərimin hamısı var, sadəcə məndən pul qopartmaq üçün məni bezdirir. Göygölün başçısı Arif Seyidovun yanına gedirəm, deyir bu iş mənlik deyil. Başa düşmürəm Arif Seyidov bu rayonda nəçidir? Göygöldə baş verən hadisələrin Arif Seyidova bir aidiyyatı yoxdursa bəs niyə bu tutduğu vəzifədə oturur? Mənə elə bir başçı lazım deyil. Hörmətli cənab Prezident! Siz hər zaman çıxışlarınızda məmurlar xalqın qulluqçusudur deyirsiniz. Lakin Arif Seyidov və onun Rza Məmmədov kimu əlaltıları bu sözlərə əhəmiyyət vermirlər. Sizdən xahiş edirəm mənə köməklik edəsiniz".