“Rayonda o qədər özbaşınalıqdır ki,..." - ''Kəndimizdəki oğurluqların üstü açılmır''



 


Siyəzənin Dağ quşçu kəndinin sakini 16 baş xırdabuynuzlu heyvanının oğurlandığını, polisin isə oğruları axtarmadığını iddia edir

“Kənddə o qədər özbaşınalıqdır ki, gəlib həyətinin içindən qoyun-quzunu, mal-qaranı yığıb aparırlar. İki həftədir polis kiçik bir kənddə heyvanlarımı aparan oğrunu tapa bilmir. Bəlkə də tapardı, əgər axtarsaydı...”

Mayın 1-dən 2-nə keçən gecə Siyəzənin Dağ quşçu kənd sakini Rübabə Adıgözəlovanın həyətinə girən oğrular iki keçi, 1 quzu, 13 qoyununu aparıblar. Rübabə xanım deyir, səhər saatlarında hadisədən xəbər tutan kimi Siyəzən Rayon Polis Şöbəsinə şikayət edib. Ancaq iki həftədir ki, polis işçiləri məsələylə maraqlanmırlar.

“Dedilər, oğrular tapılanda xəbər edərik”

“Dedilər, ana, get otur evdə, oğrular tapılanda xəbər edərik. Nə gəlib yerə baxdılar, nə iz götürdülər... Bunlar oğruları harda, necə axtarır, görəsən? Hadisə olanda gəlib qonşuları danışdırarlar, hadisə yerinə baxarlar, əl izi götürərlər. Bir baxarlar gələn oğru başqa nə iz qoyub gedib... Bunlar elə ərizəmi aldılar, özümü də yola saldılar”.

Rübabə xanımın 67 yaşı var, təqaüdçüdür. Deyir, ailə üzvləri heç yerdə iş tapmır. Keçilərin südünü, qoyunların yununu satır, dövlətdən aldığı pensiyanın üstünə qoyub dolanır:

“Allah haqqı, o heyvanlar mənim ruzum idi... İki həftədir dəliyə dönmüşəm. Heç yerdən köməyim yoxdur. Belə şey olar? Balaca kənddir, hamı bir-birini tanıyır, axtarsalar, 1 saata oğrunu da taparlar, heyvanlarımı da... Burda kimin heyvanı itdisə, əlini üzür, bilir ki, polisə şikayət mənasızdır. Oğrular da bundan istifadə edirlər, cəzasız qalırlar, əl-qolları daha da genişlənir”.

Oğru arxayındır ki, cəzasız qalacaq

Başqa kənd sakini Nazim Hüseynovun sözlərinə görə, kənddəki evlərdə gecələr növbəylə heyvan keşiyi çəkirlər ki, oğurlamasınlar:

“Belə şey olar? Qoyun itir, quzu itir, keçi itir, qaz-ördək itir... Bunları kim himayə edir ki, belə rahat-rahat hərəkət edirlər? Rübabə xalanın 16 qoyun-quzusu, keçisi gedib, bir deyil, iki deyil... Bu boyda sürünü qarşına qatıb aparmaq üçün cəzasız qalacağına nə qədər arxayın olmalısan... Biz tələb edirik ki, polis oğruları tapsın, bu gün Rübabə xalanın qoyunlarını aparan sabah mənim də mal-heyvanımı aparacaq”.

Polis: “Tapılacaq”

Siyəzən polisi kəndlilərlə razılaşmır. Polis şöbəsindən bildirilib ki, adıçəkilən kənddə oğurluq hadisələri qeydə alınmayıb. Yalnız bu il mayın 2-də kənd sakini Rübabə Adıgözəlovadan şikayət daxil olub: “Kiçik kənd olması şərt deyil, oğru heç vaxt oğurladığını həmin yerdə saxlamır, ola bilsin ki, bu kənddən oğurlayıb aparıb başqa rayon ərazisində satıblar. Hər halda, bütün mümkün hallar araşdırılır. Nəticəsi barədə vətəndaşa məlumat veriləcək”.

Kəndlilərsə deyir, indiyədək kənddə bir neçə dəfə heyvan oğurluğu baş verib və üstü açılmayıb.

Meydan TV
Tarix: 14-05-2018, 13:51
Xəbəri paylaş





Xəbər lenti