Şəmkirdə məmurları və torpaqları “pul gücünə alan” Nizami Həsənov kimdir? - “Xahiş edirik, yardım edin!”
Şəmkir rayon İrmaşlı kənd sakinlərinin dədə-baba yolu kəsilib.
Rayonun İrmaşlı kənd sakini Ağgül Hüseynovanın AzNews.az-a verdiyi məlumata görə, sözügedən yol iş adamı Nizami Həsənov tərəfindən zəbt edilib:
“15 ildir ki, təsərrüfatla məşğuluq. Kənddə uşaqların futbol meydançası və heyvanlar üçün 7 hektar otlaq sahəsi var. Kənd sakini Nizami Həsənov həmin torpaq sahəsini qanunsuz olaraq zəbt edib. Bunun üçün o, kənd icra nümayəndəsi və bələdiyyəyə pul verib. Bu azmış kimi, kəndin dədə-baba yolunu kəsib, bizim həyətyanı torpaq sahəsinin yarısını də hasarlayıb. Biz dəfələrlə bununla bağlı kənd icra nümayəndəsinə, bələdiyyəyə şikayət etmişik. Hər ikisi də deyir ki, “Nizaminin pulu çoxdur, biz ona söz deyə bilmərik”. Anlaya bilmirəm, qolçomaqlıq dövrüdür? Kimin pulu var, haranı istəyir alır. Nizami də deyir ki, “hara istəyirsən şikayət elə, onsuz da hamı mənim tərəfimdədir”.
Ağgül Hüseynovanının sözlərinə görə, məsələ ilə bağı Şəmkir Rayon İcra Hakimiyyətinin müavini Qüdrət Məmmədovun qəbulunda olub: “Ancaq o da bizim problemi həll etmək istəmir. Deyir gedin məhkəmə ilə həll edin. Nizaminin pulu var, məhkəməyə də pul verib qərarı öz xeyrinə həll etdirəcək...
Xahiş edirik, bizə kömək edin, camaatın yolunu Nizaminin əlindən geri alaq”.
Faktla bağlı Şəmkir Rayon İcra Hakimiyyəti ilə dəfələrlə əlaqə saxlamağa çalışsaq da, cəhdimiz baş tutmadı.
P.S. Qarşı tərəfin mövqeyini də işıqlandırmağa hazırıq.
Kənd sakinlərinin saytımıza göndərdiyi videoları olduğu kimi təqdim edirik: