Sabir Rüstəmxanlıdan Yardımlının icra başçısına sərt sözlər: “İnsanlığa sığmayan...”
“Yardımlı rayonunun icra başçısı Ayaz Əsgərovun bəhanələrinə, qadağalarına, rayon təhsil şöbəsi müdirinə və məktəb direktoruna gizli tapşırıqlarına və sair, ziyalıya, başçıya, nəhayət normal insana yaraşmayan cəhdlərinə baxmayaraq mayın 25 – də Prezident Aparatının və Təhsil nazirliyinin müdaxiləsindən sonra, məzunu olduğum doğma məktəbimizdə şagirdlərlə görüş keçirtdim”.Yenicag.az bildirir ki, bu sözləri
Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Xalq şairi Sabir Rüstəmxanlı deyib.
O, icra başçısının bu hərəkətini insanlıq normasına sığmayan bir akt kimi qiymətləndirib:
“Bu görüş cümhuriyyət bayramına və bizim məzunlugumuzun yubileyinə həsr edilmişdi, mühüm görüş idi. Lakin mənim üçün o görüş qədər önəmli olan başqa bir məsələ də yerində olmayan, səlahiyyətini və məsuliyyətini bilməyən, böyüyə, kiçiyə hörmət etməyən və nəticədə özünü gülünc vəziyyətə salan başçıya yerini göstərmək, mədəniyyətin, səlahiyyətin, nəhayət dövlətçilik tərbiyəsinin nə demək olduğunu anlatmaq idi. O, niyə belə bir xam xəyala düşməlidir ki, Yardımlının şagirdlərinin istəyini nəzərə almadan, bu dövlətin bərpasında xidməti olan, ölkənin köhnə nazirini, 25 illik millət vəkilini, Azərbaycanın Xalq şairini, nəhayət bu rayonda doğulmuş bir insanı öz bitirdiyi məktəbə buraxmamaq qədər gülməli, heç bir hüquq və insanlıq normasına sığmayan bir işi görə bilər. Yardımlıda buna gücü çatar və sonra da qalıb bu rayonda xalqın üzünə utanmadan baxa- baxa vəzifəsini sürdürər?
Məni təəccübləndirən başqa bir şey də var. Bir həftə öncə görüşü icra başçısı ilə razılaşdırmağın vacibliyini mənə demişdilər və mən də başçıya zəng vurmuşdum. Bir az tərəddüdlə olsa da “gəlin, məktəbdə görüş keçirməyinizə etirazımız yoxdur” demişdi. Rayona çatan kimi yanına getdim. Onda da “olmaz!” sözü ağzından çıxmamışdı. Anlaşılmayan da məhz budur: üzdə mənə,”etirazımız yoxdur” deyib, arxada başqa tapşırıq vermək iyrənc işdir, ayıbdır və bir rayon böyüyünə yaraşmaz….
Görüş yüksək səviyyədə, lakin pozulan əsəblərrımizin hesabına keçdi. Ancaq ortada çoxlu suallar qaldı. Niyə bir şairin, bir ziyalının öz doğma məktəbində görüş keçirməsi Prezident Aparatı və nazirlik səviyyəsində həll olunmalı, niyə rayon başçısı bu işə qarışmalıdır? Bu, məktəbin, müəllimin öz işi, öz səlahiyyəti və öz məsuliyyətidir. Hər xırda iş gedib rəhbərlik səviyyəsinə çıxmalı deyil .İkincisi, bu nadir nüsxəni hardan tapıblar və Yardımlı kimi işləyən başçıya ciddi ehtiyacı olan rayona niyə göndəriblər? Nəhayət, şagirdlərin Cümhuriyyət bayramı ərəfəsində öz sevdikləri bir qələm əhliylə görüşünü önləmək istəyən bir adam hansı dövlətçilik, idarəçilik şüurundan və yerli əhaliyə hansı hörmətindən danışa bilər?”
Tarix: 26-05-2018, 21:05