Tovuzun Düz Cırdaxan kəndində iki qonşunun it davası məhkəməyə qədər uzanıb. İt həyətdə oynayan 12 yaşlı Əli Mürsəlovun ayağını parçalayıb, piy qarışıq ətini qopardıb. Əlinin anası Sevinc Cəfərova ona dəymiş maddi ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət edib.
S.Cəfərova virtualaz.org saytına bildirib ki, hadisə ötən ay baş verib, Əli müalicə olunub. Amma hadisədən sonra həm uşağın səhhətində problemlər yaranıb, həm də ailənin maddi durumu pisləşib. Uşaqlıqda keçirdiyi ağır psixoloji sarsıntıdan sonra Əlinin nitqində problem yaranıb. İt dişləyəndən sonra isə vəziyyəti daha da ağırlaşıb. “Müalicə üçün sələmə pul götürmüşdüm, 700 manat borcum yarandı. Qonşum isə kömək etmək istəmədi. Polisə müraciət etmək məcburiyyətində qaldım, onlar da işi məhkəməyə göndəriblər”, - Sevinc danışır.
Sevinc iki uşağı ilə birgə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sığınacağında məskunlaşıb. Deyir ki, bir tərəfdən borc, digər tərəfdən də müalicə xərcləri onu çıxılmaz vəziyyətə salıb. Günlərdir bir çörək almağa belə imkanı yoxdur. “Keçmiş həyat yoldaşım içki düşkünü idi, içən kimi özünə xəsarət yetirirdi. Dəfələrlə ruhi-əsəb xəstəxanasına yerləşdirildi, amma nəticəsi olmadı”, Sevinc söyləyib.
Əli 5 yaşı olanda atası onu qaçırıbmış. Ana deyir ki, polisin köməyi ilə uşağı geri qaytarıblar, lakin sarsıntıdan Əlinin nitqində problem yaranıb. “Həkim deyir ki, psixologi sarsıntı keçirməkdən qorumaq lazımdır, yoxsa illərlə çəkilən zəhmət boşa gedəcək. Uşağı qoruduqca başına bədbəxt hadisə gəlir, bir dəfə elektrik vurdu, indi də o qədər uşağın içində it bunu qapdı. Sığınacaqda uşaqların qarnı doyur, psixoloji yardım alırlar. Buna görə də bura gəldik”, - Sevinc söyləyir.
Ailənin problemi bununla yekunlaşmır. Bir müddət qohumların himayəsində qalan, bəzən də küçədə gecələyən ailə üçün ev tikintisinə başlanıb. Daha dəqiq ifadə etsək, müxtəlif orqanlara şikayət edəndən sonra ikiotaqlı daxma tikilib. Amma yarımçıq saxlanıldığından yalnız bir otağı yaşamaq üçün yararlıdır. Sevinc söyləyir ki, yağış yağanda su birbaşa evə tökülsə də, ən azı döşəmədə yatmaq mümkündür. Ana deyir: “Qohumlarım məsləhət gördü ki, uşaqları internata yerləşdirim, amma razı olmadım. Milli Məclisə müraciət etdim, qapı-qapı köməklik istədim. Məni sığınacağa göndərdilər. Qışda, payızda evdə qala bilmirik, sığınacağa gəlirik. Mən dilənçi deyiləm, fəhlə kimi işləyib uşaqlarımı dolandırmağa gücüm çatır. Yetər ki, bir balaca ümid yeri olsun, heç olmasa, qışda soyuqdan, yayda istidən qorunmağa evim olsun...”
Ü.Xudiyeva
Foto S.Həsənovanındır