“Qubanın mərkəzi bazarının vəziyyəti bu turizm məkanını gözdən salır” -FOTOLAR

  
Rayon rəhbərliyi isə mövcud vəziyyət müdaxilə etmir
 
Quba Azərbaycanın qədim şəhərlərindən biridir. Fikrimiz bu haqda yazmaq deyil. Oxucuların tarixi şəhər haqqında yəqin ki, məlumatları var. Çünki bu barədə kifayət qədər deyilib və yazılıb. İndiki söhbətimiz hər il minlərlə turistin üz tutduğu qocaman Qubanın mərkəzi bazarındakı vəziyyət barəsindədir.

Azərbaycanın dövlət müstəqilliyindən iyirmi yeddi il ötür. Çox şey dəyişib və yenilənib. Ölkənin əyalətlərində də quruculuq və abadlıq işləri aparılıb. Quba şəhəri də bu baxımdan istisna deyil. Amma yenilik ab-havası Quba mərkəzi bazarına gəlib çatmayıb. Bəri başdan qeyd edək ki, Quba rayonu şimal bölgəsində icra başçılarının tez-tez dəyişdiyi rayondur. Kreslo sahibləri dəyişsə də alış-veriş mərkəzi dəyişmir ki, dəyişmir. Biz fotoşəkillərdən görəcəyiniz küçənin dəqiq adını bilmirik, heç maraqlanmadıq da. Bu bazar küçəsinə heç küçə də demək olmaz. Asfaltlanmamış, çalaçuxurdan ibarət, sağı-solu piştaxtalarla dolu, sol hissəsi maşın dayanacaqlarından ibarət darısqal bir keçiddir. Quba mərkəzi bazarında əsl antisanitariya hökm sürür. Sovetlər Birliyindən qalma şiferlər və taxtalardan ibarət bir çox piştaxtada kənd təsərrüfatı məhsulları sanitar gigiyena qaydalarına əməl olunmadan satılır. Bu məkanda şənbə və bazar günləri bir xaos yaşanır. Maşınlar adamlara, adamlar da maşınlara aman vermir. Hələ yerdə antisanitariya şəraitində satılan məhsulları demirik. Quba mərkəzi bazarı xəstəlik mənbəyidir. Biz heç buranın sahibinin də kim olduğunu bilmirik. Yaxşı, tutaq ki, ticarət mərkəzi adlandırılan bu yerin başçısı heç nəyin fərqində deyil. Bəs şəhər meri və bələdiyyə sədri, rayonun artıq altı ay bundan öncə təyin edilmiş icra başçısı Ziyəddin Əliyev necə?  Onlar bu rüsvayçılığı görmürlərmi? Bildiyimizə görə, cənab başçı əvəllər “Azəravtoyol” ASC-nin işçisi olub. Yəqin ki, şəhərin yollarına bələd olmamış da deyil. Onda biganəlik nədəndir?  Mətbuatdan bildiyimizə görə, Z. Əliyev Qubanı az-qala Parisə çevirəcəyinə vəd verib. Hələlik gördüyümüz və diqqəti cəlb edən sadəcə yaraşıqlı yolüstü keçiddir. Amma başçı fikirləşməlidir ki,  qeyd etdiyimiz kimi, hər il minlərlə turist qədim Qubaya səyahət edir, şəkillər çəkir, dükan-bazara girir. İndi Qubanın miskin görkəmli bazarına girən xaricilər haqqımızda nə düşünəcəklər? Bəlkə də Z. Əliyev bunun fərqində deyil, başı şəhərin yalnız gözəgörünən yerlərini kosmetik təmir etdirməyə qarışıb. Lakin əcnəbiləri isə təkcə bu maraqlandırmır. Elə bazarda söhbət etdiyimiz satıcılar da dediklərimizi  təsdiqlədilər. Onlardan biri müxbirimizə söylədi ki, xaricilər də tez-tez  bazara baş çəkirlər. Buranı foto və videokameraların yaddaşına həkk edənlər də olub. Hə, əsl xəcalət çəkməli işdir...
Qubaya bir neçə il keçmiş nəqliyyat naziri Ziya Məmmədov “qubernatorluq” edib. Qohum-qardaşını icra başçısı, polis rəisi və digər dövlət vəzifələrinə soxuşdurub. Onlar da özlərinə villa tikməkdən, dövlət vəsaitlərini havaya sovurmaqdan başqa elə bir ciddi iş görməyiblər. Əslində 2012-ci ilin martında və 2016-cı ilin yanvarında Qubada baş qaldıran etiraz aksiyalarının siyasətlə heç bir əlaqəsi yox idi. Əhali sabiq nazirin “qubernatorluğunu” və qohum-əqrəbasının yarıtmaz idarəçiliyini qəbul edə bilmirdi. İndi isə başçı dəyişib. Əhali bu yeniliyə müsbət yanaşıb. Amma bazarda və şəhərin mərkəzi küçəsində söhbət etdiyimiz Quba sakinləri Z. Əliyev barəsində elə bir tərif söyləmədilər. Zahid adlı rayon sakini bildirdi ki, əhalinin köklü problemləri var. Bazarın vəziyyəti toya gedəsidir. İndiki rəhbərlik də sələflərinin yolu ilə gedir. Meşə və dağ massivlərində qanunsuz hasarlanmış ərazilər, işsizlik, kənd təsərrüfatı, tibb və səhiyyə sahələrindəki vəziyyət necə olubsa, elə də qalıb. “İcra başçısının vəzifəsi yalnız şəhərin mərkəzini abadlaşdırmaqdan ibarət deyil. Əgər söhbət abadlaşdırmadan gedirsə, Ziyəddin müəllim bazardan başlamalı idi. Qubanın mərkəzi bazarının vəziyyəti bu turizm məkanını gözdən salır”.
Qubada olarkən başqa mətləblərdən də agah olduq. Sən demə, rayonda bir yaylaq savaşı da gedir. Bələdiyyələrin mülkiyyətində olan yaylaqlar icra hakimiyyətində yenidən bölüşdürülür. Özü də birbaşa Z. Əliyevin rəhbərliyi ilə. Lakin bu proses bir sıra qanunsuzluqlarla müşayiət olunur.
Müəyyən araşdırmalardan sonra mövzuya qayıdacağıq.
 
Fazil Mahmudov
  
Tarix: 12-06-2018, 01:03
Xəbəri paylaş





Xəbər lenti