FİA.Az sosial şəbəkələrdə yayılan məlumata istinadən yazır ki, R.Əhmədovun tamet sexi Ağcabədidə monopolist obyektdir.
Rayonda abadlıq işi görülürsə, hansısa sahibkar tikinti aparırsa, başçı müavininə aid sexdən tikinti materialı götürməyə məcbur edilir.
Bu inhisarçılıq digər obyektlərin nəfəsini kəsib və işləməyə imkan vermir. Azərbaycanda dövlət qulluqçusu və məmur bizneslə məşğul ola bilməz.
Ancaq qanunvericilikdə göstərilən bu müddəaya məmurların əməl etmədiyi çoxdan bəllidir. Onlardan biri də R.Əhmədovdur ki, Ağcabədidə oliqarxa çevrilib.
Rövşən Əhmədov 2006-cı ilə qədər sürücü olub. İcra başçısı əvvəlcə onu “JEK” rəisi təyin edib. Rövşən Əhmədovun “bacarığı” bir müddət sonra onun vəzifəsinin artmasına səbəb olub.
Şahin Məmmədov əvvəlcə onu Mənzil Kommunal Təsərrüfat Birliyinə rəis təyin edib. Sonra Ağcabədi şəhərinin icra nümayəndəsi təyin edib. Bir müddət sonra Rövşən Əhmədov başçının birinci müavini vəzifəsinə təyinat alıb.
Rövşən Əhmədovla qalmaqallı olaylardan biri də onun hərbi xidmətdən yayınması ilə bağlı arayışdır.
Hələ bir neçə il əvvəl sahibkar Teyyub Eminov Rövşən Əhmədovun qanunsuz əməllərilə bağlı mətbuat konfransı keçirmişdi.
Həmin vaxt sahibkar media nümayəndələrinə bir sənəd nümayiş etdirmişdi. Hərbi komissarlığa təqdim edilən həmin sənəddə yazılıb ki, Rövşən Əhmədov psixi çatışmazlığı olduğuna görə hərbi xidmətə yararlı deyil.
FİA.Az mediaya istinadla onu da yazır ki, icra başçısı və müavini Rövşən Əhmədovun Ağcabədidə yüzlərlə obyektləri var. R.Əhmədovun obyektlərinin siyahısını təqdim edirik:
Belə ki, təzə xəstəxananın sağında-solunda mağazaları, “moyka”ları, aptekləri, rayonun Tofiq İsmayılov və Ənnağı Bünyatov küçələrində 300-400 kvadrat metrlik böyük “avtozapçast” mağazası, maşın təmiri sexləri, keçmiş qaçqınların yerləşdiyi Alman qəsəbəsi deyilən ərazidə qeyri-qanuni şəkildə icarə müqaviləsi bağlamaqla icarəyə verdiyi piltə, tamet sexləri, sement zavodu fəaliyyətdədir.
Ağcabədidə bütün tikililər üçün lazımı materiallar bu sexlərdən gedir. Rövşən Əhmədovun Qarqar çayının üstündə böyük qum-çınqıl zavodu var. Bu zavodu o, icra başçısı Şahin Məmmədovla şərik işlədir.
Şahin Məmmədov Ağcabədiyə icra başçısı təyin ediləndən sonra dövlət fondunun 300-hektar torpağını qanunsuz olaraq əmisi oğluna verib. Şahin Məmmədov bu əməli torpağın təyinatını dəyişməklə həyata keçirib.
FİA.Az KİV-ə istinadla xatırladır ki, R.Əhmədovun adı bundan əlavə də neqativ işlərdə hallanıb. Bir müddət əvvəl 5 uşaq anası olan dul qadın şikayət edirdi.
Ağcabədi rayon sakini, 5 uşaq anası Abdullayeva Arzu Müslüm qızı qarşılaşdığı məmur özbaşınalığı ilə bağlı prezidentə yazmışdı.
Arzu xanımın sözlərinə görə o bir müddət əvvəl Ağcabədi rayon İcra hakimiyyətinin başçısından evinin yaxınlığında gözəllik salonu açmaq üçün kiçik bir yer istəyib.
Onu dinlədikdən sonra icra başçısı Şahin Məmmmədov birinci müavini Rövşən Əhmədova qadına kömək etməyi və istədiyi torpaq sahəsini ona verməyi tapşırıb.
Bir neçə gündən sonra isə Rövşən Əhmədov Arzu Abdullayevanı çağıraraq bildirib ki, onun istədiyi yer park ərazisi olduğundan həmin ərazidən torpaq sahəsi ayıra bilməz.
Şikayətçinin etirazlarını dinləmək istəməyən birinci müavin 5 uşaq anasını təhqir edərək otağından qovub.
Daha sonra isə məlum olub ki, Rövşən Əhmədov park ərazisi olaraq dediyi həmin torpaq sahəsini elə Arzu Abdullayevanın qonşusu Habil Səfiyevə satıb.
Qarşı tərəfi dinləməyə hazırıq.