Göyçayın Potu kəndinin tam orta məktəbinin yerləşdiyi, hələ çar II Nikolayın dövründən qalmış, heç tövlə kimi də yaramayan daxma uçub-dağılmaq üzrədir. Kənd sakinləri olməktəbdən çəkilmiş kadrları virtualaz. org-a göndəriblər. Mənzərə doğrudan da acınacaqlıdır və Afrikanın yoxsul ölkələrinin ucqar kəndlərində məktəb adına istifadə olunan hansısa yarıuçuq daxmaları xatırladır.
Rəsmi hesabatlarda deyildiyi kimi Azərbaycanda təkcə ötən 10 il ərzində 2900-dan çox məktəb binası tikilib, yaxud əsaslı təmir olunub. Amma ölkənin mərkəzi rayonlarından birində heç tövlə kimi də işə yaramayan tikilidə uşaqların təhsil almağa məcbur olması Azərbaycanda qəzalı məktəb binaları probleminin hələ də qaldığını göstərir.
Potu kəndinin tam orta məktəbi Əfqanıstan müharibəsində xüsusi igidlik göstərib həlak olmuş kənd sakini Mübariz Məmmədovun adını daşıyır, iki korpusdan (əgər bunlara korpus demək mümkün olarsa) ibarətdir. Birinci korpus 1905-ci ildə tikilmiş və tam uçuk-sökük vəziyyətdə olan tikilidə yerləşir. Həmin tikilinin çar II Nikolayın dövründə hansı məqsədlə tikildiyini yəqin tarixçilər araşdıra bilər, amma faktdır ki, 8 otaqan ibarət bu tikili sovet dövründə uzun illər kəndin orta məktəb binası kimi istifadə olunub.
Hazırda tikilinin (onu bina adlandırmaq belə düzgün olmazdı) döşməsi çürüyüb tökülür, damı yarıdağılmış vəziyyətdə olduğundan yağan yağış, qar içəri axır, tavan aşsüznə dönüb. Və şəkillərdən görünür ki, məktəb heyəti içəri axan yağış sularının qarşısını almaq üçün tavana içəri tərəfdən (!) selofan çəkib.
Məktəbin ikinci korpusu isə nisbətən təzədir, yəni çar dövründə yox, sovet dövründə-1977-ci ildə tikilmiş birmərtəbəli binadan ibarətdir. Bu korpusda 12 otaq və dəhliz var, bina istismar müddətini çoxdan başa vurub və qəzalı vəziyyətdədir. Döşəmələr çürüyüb, tavanı damır, divarların suvağı qopub tökülüb və iri çatlar yaranıb. Sinif otaqlarından birində müəllim stulunun qoyulduğu yerə hansısa dəmir parçası vurulub ki, heç olmasa müəllim dərs keçəndə stulqarışıq döşəmənin çürük taxtalarının arasına yıxılmasın.
Əlbətdə, bu vəziyyətdə olan məktəbin istilik sistemindən də söhbət gedə bilməz. 260 şagirdin təhsil aldığı bu məktəb binası belə görünür ki, heç əsaslı təmirə də yaramır-tamamilə sökülüb yenidən tikilməlidir. Bu vəziyyətdə olan məktəb binasında hansı keyfiyyətli təhsildən söhbət gedə bilərdi? Hərçənd rəsmi statistik məlumatlarda deyilir ki, Potu kəndinin tam orta məktəbi şagirdlərin buraxılış imtahan göstəricilərinə görə rayonun qabaqcıl məktəblərindən imiş...
Lakin məsələ burasındadır ki, Təhsil Nazirliyi bir yana qalsın, yerli İcra Hakimiyyəti də cür uçub-dağılmış tikilidə uşaqların təhsil almasına illərdir göz yumub. Hansı ki, bu rayonda məmurlar Göyçay çayının yatağının çınqıl ehtiyatının uzun illərdir ayrı-ayrı oliqarxlar tərəfindən kütləvi talan edilməsinə də beləcə göz yummuşdular. Nəticədə Göyçay çayının üzərində bir neçə il əvvəl salınan, respublika əhəmiyyətli avtomobil yolunun üzərində yerləşən körpü bu günlərdə selə tab gətirməyib uçdu.