QARABAĞIN SAHİBSİZ QALAN YOLLARI…
Cəbhə bölgəsinə aparan strateji əhəmiyyətə malik bu yola sahib çıxan yoxdur

Əlbəttə ki, rayonlarımıza, qəsəbə və kəndlərimizə yeni yolların çəkilməsi, yaxud əsaslı təmirilə bağlı hər bir qərar Azərbaycanın ümumilikdə nəqliyyat infrastrukturuna verilən yeni töhfədir. Çünki yol iqtisadi inkişaf, sosial rifah və mədəniyyət daşıyıcısıdır.

Sözsüz ki, yol inşası zamanı onun əhati etdiyi regionun ölkə üçün strateji əhəmiyyəti, oradakı əhalinin sayı, nəqliyyat axınının intensivliyi, iqtisadi, sosial əhəmiyyəti və digər amillər əsas götürülməlidir. Və yol tikintisinin ardıcıllığı da bu amillərə əsaslanaraq, növbəli şəkildə həyata keçirilməlidir.

Ancaq ölkə üzrə yeni salınan yolların xəritəsinə baxdıqda, müəyyən xaotikliyi və nizamsızlığı görməmək olmur. Bəzən böyük sayda əhalinin istifadə etdiyi, intensiv nəqliyyat axını və böyük iqtisadi əhəmiyyəti olan yollar bərbad vəziyyətdə olduğu halda, əhalisi dəfələrlə, hətta on dəfələrlə az olan məntəqələrə yol çəkilir.

Əlbəttə ki, heç kim ən ucqar dağ kəndlərinə belə müasir, yüksək keyfiyyətli yollar çəkilməsinin əleyhinə deyil. Ancaq yuxarıda qeyd etydiyimiz kimi, yol inşasının əhalinin sıxlığı və digər vacib məqamlar mütləq nəzərə alınmaqla, məntiqi ardıcıllıqla yerinə yetirilməsi daha məqsədəuyğun olardı.

Bu günlərdə Şamaxının Dəmirçi kəndi ilə İsmayıllının Lahıc qəsəbəsini birləşdirəcək yolun tikintisinə 13.7 milyon manat ayrıldı. Yolun uzunluğu 22 kilometr olacaq. Bu yol iki yaşayış məntəqəsindəki əhalinin gediş-gəlişi və yeni turizm marşrutları açılması üçün mühüm əhəmiyyət kəsb edir.

Bundan əvvəl isə Şamaxıdan Dəmirçiyə təxminən 24 kilometr uzunluğunda yeni yol çəkilib. Yəni tikinti işləri bitəndən sonra bu əraziyə üst-üstə 46 kilometrə yaxın yol çəkilmiş olacaq.Əlbəttə ki, bu tip layihələr sevindirici və hətta qürurvericidir. Ancaq üzümüzü ölkəmizin Qarabağ bölgəsinə və düşmənlə təmas xəttinə, cəbhəyanı ərazilərə tutanda, təəssüf ki, bəzi yaşayış məntəqələri arasındakı yollarda eyni mənzərəni görə bilmirik.

Məsələn, yolu Bərdə-Ağdam istiqamətinə düşənlər bunu təsdiqləyə bilərlər ki, xüsusilə Bərdədən Ağdamın inzibati mərkəzi rolunu oynayan Quzanlı qəsəbəsinə qədər olan yol çox bərbad vəziyyətdədir.

1 Nəzərə alsaq ki, söhbət cəbhəyanı zonadan gedir, onda bu regionun öz sosial-iqtisadi əhəmiyyətilə yanaşı, həm də böyük strateji əhəmiyyətə də malik olduğunu dana bilmərik. Bu yol demək olar ki, SSRİ dövründən bu yana bir dəfə də olsun keyfiyyətli şəkildə əsaslı təmir olunmayıb. Yoldakı çalaların və “yamaqlar”ın sayı –hesabı yoxdur. Normalda 15-20 dəqiqəlik yolu az qala 1 saata qət etmək olur. Məşhur “alternativ” yol kimi isə camaat Ağcabədi-Hindarxı yolundan istifadə edirdi. Lakin Beyləqan yolunun inşası ilə bağlı iri yük maşınlarının bu yoldan istifadə etməsi nəticəsində o da yararsız hala düşüb. Bu vəziyyət isə yerli əhalinin ciddi narahatlığına və narazılığına səbəb olur.
Burada istər-istəməz müqayisə aparmalı oluruq – yuxarıda qeyd etydiyimiz İsmayıllının Lahıc qəsəbəsinin əhalisi 1000 nəfərə yaxındır, onu yeni yolla birləşdirəcək Şamaxının Dəmirçi kəndində isə cəmi 537 nəfər yaşayır. Və bu məntəqələrdəki əhalinin bir-biri ilə çox sıx gediş-gəlişə malik olduğunu da demək olmaz.

37_bigƏsasən yurd-yuvasından qaçqın düşən vətəndaşlarımızın məskunlaşdığı Ağdamın Quzanlı qəsəbəsinin isə əhalisi 20 min nəfərə yaxındır. Dağlıq ərazi olan Şamaxı-Dəmirçi-Lahıc yolunun uzunluğu üst-üstə 46 kilometrdirsə, Quzanlıdan Bərdəyə olan məsafə 25 kilometrə yaxındır və onun relyefi də əlverişli olduğu üçün bu yolun yenidən inşası daha az vəsait tələb edir. Özü də bu yoldan təkcə Quzanlı camaatı deyil, daha bir neçə iri qəsəbənin və Ağdamın işğalda olmayan kəndlərinin əhalisi istifadə edir. Bu isə o deməkdir ki, həmin yol Dəmirçi-Lahıc yolu ilə müqayisədə 20-30 dəfə artıq sayda əhalinin istifadəsindədir. Onu da nəzərə alaq ki, Bərdə-Ağdam istiqaməti həm də kənd təsərrüfatının tərəvəzçilikdən tutmuş heyvandarlığa qədər müxtəlif sahələrinin inkişaf etdiyi regiondur. Yəni ki, bu yolun yüklənmə dərəcəsi olduqca yüksəkdir.

Doğrudur, bir neçə il əvvəl bu problemin həlli istiqamətində müəyyən addımlar atıldı. Belə ki, Ağdamın işğalda olmayan ərazisindəki rayondaxili yollar əsaslı təmir olundu. Yerli sakinlər həmin vaxt rayonun icra başçısı olan Nizami Sadıqovun bu işdə müəyyən rolunun olduğunu da bildirirlər. Deyilənə görə, sabiq başçının vəzifəsindən uzaqlaşdırılmasında isə o vaxtkı “Qaçqınkom” sədri Əli Həsənovla arasındakı konflikt həlledici rol oynayıb…

Bərdə-Ağdam yolunun acınacaqlı vəziyyəti nə Bərdənin hazırkı başçısı Vidadi İsayevi, nə də Ağdamın bu yaxında vəzifədən uzaqlaşdırılan başçısı Raqub Məmmədovu narahat edib. Elə yola xidmət göstərən “Azəryolservis” də qəti narahat görünmür, yoxsa bu yolda heç olmasa, hərdən cari təmir işləri aparardı.Yerli əhalinin isə yol inşası növbəsinin nəhayət onların yaşadığı əraziyə də çatacağını gözləməkdən başqa əlacı qalmayıb.

Bir sözlə, Azərbaycanın istənilən guşəsinə çəkilən yeni yol bizi sevindirir, ancaq onların başında Qarabağa gedən yollarımız durmalıdır. Çünki bu yollar hansısa ərəbin, ingilisin və digərinin dincələcəyi, kef çəkəcəyi yerə yox, işğal altındakı torpaqlarımıza aparır…(azpolitika.info)