Köhnə Xudatın köhnə dərdləri - FOTOLAR
Bu dərdin üstünə “Azəravtoyol” bir dərd də gətirib
Sözügedən kənd Xudat şəhəri ilə demək olar ki, bitişikdir, Bakı-Rostov yolu bu yaşayış məntəqəsinin tən ortasından keçir. Əslində belə ərazi abadlığı ilə seçilməlidir. Çünki min bir göz baxır. Di gəl ki, Xaçmaz rayonunun bu kəndinin sosial problemləri qalaq-qalaq yığılıb qalıb. Yaşayış məntəqəsinin istər içməli, istərsə də suvarma suyu ilə bağlı problemləri var. Kəndin lap yuxarısında təxminən otuz il öncə vurulmuş artezian quyusunun suyu hədər yerə axıb tökülür, çən və buradan çəkilən su boruları çürümək üzrədir. İndiyədək bir dəfə də olsun rənglənməyən boruların bu hala düşməsi təbiidir. Amma problemi yoluna qoymaq elə də çətin bir iş deyil. Su borularını yeni plastik borularla əvəzləmək, çəni təmir etmək nə qədər vəsait aparır ki? Biz hələ kənddəki sinif otaqları uçuq-sökük məktəb binasını demirik. Uşaq bağçası da, kitabxana və digər obyektlər də təzələnməlidir. Bir müddət öncə “Azərişıq”ın yerli şöbəsi kənddə dirəkləri dəyişməyə başladı. Bu iş necə gəldi görülüb. Elə yerlər var ki, dirəklər sadəcə qumsuz və sementsiz torpağa basdırılıb, artıq bəziləri əyilib. Güclü bir külək olsa, onların tab gətirməsi müşkül məsələdir. Bu bir yana qalsın, “Azərişıq”ın işçiləri elektrik xətlərini örtüksüz məftillə çəkiblər.İndi Köhnə Xudatın uzun illər düzəlməyən dərdlərinin üstünə bir dərd də gəlib. Təxminən üç ay öncə “Azəravtoyol”un sifarişi ilə “Gilan” holdinqin yol-tikinti briqadası Bakı-Rostov yolunun bu kənd də daxil olmaqla müəyyən hissəsində əsaslı təmirə başlayıb. Holdinqin texnikası köhnə və yararsız asfalt yolun bəzi yerlərini demək olar ki, tamamilə söküb, bərkitmə və hamarlama işləri də aparıb. Yeri gəlmişkən qeyd edək ki, “Gilan” holdinqin işçi qrupunun rəhbəri, türkiyəli mütəxəsis Rəhim bəy xeyirxah bir əməl də edib. Onun göstərişi ilə magistraldan çıxan köhnə asfalt qalıqları təxminən iki kilometr uzunluğunda olan kəndin qəbristanlıq yoluna döşənib. Bundan əlavə, beynəlxalq magistralın kənddən keçən hissəsindəki səki də genişləndirilərək yenilənib. Amma iki aydır ki, evləri yolun kənarında yerləşən sakinlər böyük çətinliklə üzləşiblər. Nəzərə alsaq ki, bu darısqal beynəlxalq magistral yoldan aramsız olaraq iri TIR-lar keçir, evlərin və daş hasarların nə vəziyyətə düşdüyünü təsəvvür etmək o qədər də çətin olmaz. İndi belə vəziyyətdə qalan magistraldan çıxan toz duman kimi ətrafı bürüyür, evlər və daş hasarlar titrəyir və çatlayır. Bəs yol tikintisinin uzanmasına səbəb nədir? Araşdırmalar zamanı öyrəndik ki, “Azəravtoyol” xeyli müddətdir ki, yolun çəkilməsi üçün lazım olan vəsaiti “Gilan” holdinqə köçürmür. Bunu Rəhim bəy də təsdiqlədi. Biz də son iyirmi gün ərzində “Azəravtoyol”un 599-79-75 nömrəli “qaynar xətti”nə düz üç dəfə telefon açmışıq. Hər dəfə də deyiblər ki, mobil nömrənizi verin, sizə məlumat veriləcək. Onu da bildiriblər ki, “Azəravtoyol”da maliyyə vəsaiti çatışmır(?!) Lakin nə cavab verən var, nə də şikayətə məhəl qoyan. Görünür “Azəravtoyol”un “qaynar xətti” “qaynar” deyil, “donu açılmayıb”. Bir də ki, vətəndaş müraciətinə bu nə münasibətdir? Gözdən pərdə asmaq üçün açılan “qaynar xətt” kimə lazımdır? İndi kənd sakinləri nə etsinlər? İmza toplayıb Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edərək “Azəravtoyol” üçün pulmu istəsinlər? Ayıbdır cənablar! Sizə belə işləyirsiniz ki, əhalini iqtidardan narazı salırsınız, min cür dedi-qodu, şayiə ortalığa çıxır.
İndi Köhnə Xudat sakinləri səbirsizliklə gözləyirlər ki, nə vaxt yola asfalt döşənəcək və toz-dumandan canları qurtaracaq. “Gilan” holdinqin yol-inşaat qurupu isə su səpməkdən zinhara gəlib. Yayın bu cırhacırında suyu yolun bu ucundan tökürsən, digər ucuna çatana qədər quruyur.
Aldığımız məlumata görə, Xaçmaz rayon icra hakimiyyətinin rəhbərliyi də yaranmış vəziyyətdən narahatdır. İcra başçısı Şəmsəddin Xanbabayev bir neçə dəfə kənddə olub. O, yol çəkilişinin vəziyyəti ilə ciddi maraqlanıb(İcra başçısı kəndin sosial problemlərini də yoluna qoymaq üçün göstərişlər verib). İnformasiyaya əsasən, rayon rəhbərliyi “Azəravtoyol”a da müraciət edib.
Gözləyək. Bəs nə qədər?(“Şimal xəbərləri”)
Siam.az
Tarix: 25-06-2018, 23:01