Nazirin kadrına üç rayonda “mədəni korrupsiya” ittihamları
Ağcabədi, Ağdam və Laçın rayon mədəniyyət və turizm şöbələrinin bazasında Ağcabədi Regional Mədəniyyət və Turizm İdarəsi yaradılması işə yarayıb

FİA.Az-ın verdiyi xəbərə görə,
Ağcabədi regional mədəniyyət və turizm idarəsinin rəisi Rza Quliyevin gəlir yerləri artıb.

R.Quliyev əvvəllər Ağcabədi mədəniyyət şöbəsinin çərçivəsində büdcə vəsaitlərini mənimsəyirdisə, indi üç rayonun mədəniyyət mərkəzlərinin, kitabxana və kənd klublarının pullarını cibişdana çırpışdıra bilir.

Belə xəbərlər var ki, R.Quliyev regional mədəniyyət idarəsi rəisi təyin olunandan sonra yerl icra başçısı Şahin Məmmədovla əlbir olublar.

Rayon maliyyə idarəsindən ayrılan pullar talan edilir. Çünki bu maxinasiyalarda trio işləyir. R.Quliyev isə idarə rəisi olandan bəri Ağcabədidən kənara çıxmayıb.

O, nə Laçının, nə Ağdamın mədəniyyət klubları, kitabxanaları ilə maraqlanır. Hətta hansı kənddə mədəniyyət klubunun, kitabxananın nə vəziyyətdə olduğunu bilmir.

Amma iddialara görə, həmin kitabxanalarda “ölü can”lar saxlanaraq maaş kartları mənimsənilir. Bu maliyyə korrupsiyası haqda Mədəniyyət və Turizm Nazirliyi bixəbərdir.

Təkcə Ağcabədidə 73 kitabxana, 20 mədəniyyət evi, 22 klub, 1 tarix-diyarşünaslıq muzeyi, Həmidə xanım Məmmədquluzadənin ev-muzeyi, 1 incəsənət məktəbi, 8 uşaq musiqi məktəbi fəaliyyət göstərir.

FİA.Az-ın verdiyi xəbərə görə, R.Quliyev Laçına, Ağdama səfərlər etməlidir. İdarə rəisi rayonun mədəniyyət klubları, abidələri ilə maraqlanmalıdır.

Nazir Əbülfəs Qarayev kənd-kənd, rayon-rayon dolaşa bilməz. Onu idarə rəisləri agah etməlidirlər. Regional idarələrin yaradılmasında struktur islahatının mahiyyəti də budur.

Nazirliyin məqsədi bu sahədə fəaliyyəti təkmilləşdirmək, şöbələrdə nöqsanları aradan qaldırmaqdır.

Əslində, nazirdən gözlənti vardı ki, struktur dəyişiklikləri kadr islahatlarına da gətirib çıxaracaq. Yəni, şöbələr idarələrə tabe edilirsə, yeni rəislər olmalıdır.

Çünki Ə.Qarayev şöbələrdə qanunsuzluqları aşkar etdiyi üçün struktur islahatları aparılıb.

Amma idarələrə də elə şöbənin rəisi Rza Quliyev kimi kadrlar təyin olunursa, burda heç bir müsbət dəyişikliklər olmayıb.

Xatırladaq ki, o, tender üçün ayrılmış pulların hamısını icra başçısının yaxınlarının qarşısına qoyub.

Və oradan 20 faizinin özünə çatacağını bildirib. Məmmədovun qohumları isə həmin pulan yerdə qalan hissəsini götürərək, həmin vəsaitlə təmir işlərinə başlayıblar.

Onlar da öz növbələrində 25-30 faiz puldan götürməklə işləri həyata keçirirlər ki, bu da işlərin keyfiyyətsiz olacağını indidən deməyə əsas verir.

Məlumatlarda vurğulanır ki, Rza Quliyev təkcə bu yolla deyil, həmçinin şəxcsi biznesi ilə də pul qazanmağa çalışır.

Belə ki, onun Ağcabədidə bir neçə marketinin olduğu deyilir. Bildirilir ki, mədəniyyət və turiz şöbəsinin müdiri açdığı həmin marketləri başqa adamlara işlətməyə verib ki, kimsə ondan şübhələnməsin.

Hətta yaxın qohumları belə satıcı kimi işləmək üçün ona müraciət edəndə bundan imtina edir.

Deyilənə görə, Rza Quliyev bu addımı ona görə atır ki, sabah kimsə ona qarşı belə bir iddiada bulunarsa, yaxısını kənara çəkə bilsin.

Qarşı tərəfi dinləməyə hazırıq.