Erməni ilə sərhəd 7 kəndin qaz borularını kim satıb? – Foto/Reportaj

 …Səhər tezdən oyanıb yamyaşıl yüksəkliklərə doğru yol alırıq. Gədəbəyin təmiz havasını ciyərlərimizə çəkib “Ayı bulağı” deyilən yerə gedirik.
Amma meşəliyin içi ilə getdiyimiz bu yolda qarşımıza nə nağıllardakı kimi cırtdan, nə canavar, nə qırmızı papaq qız çıxır.

► Erməni ilə sərhəd kəndlər qazsızdır…
Qarşımıza çıxan yalnız və yalnız hər addımda meşəliyin təbiət cəlladları tərəfindən məhv edilməsi nnümunələri olur.
Amma nə buna şərait yaradanları, nə meşənin ağaclarını doğrayıb odun edib evlərinə daşıyanları qınamaq olur.
Çünki Gədəbəyin Yenikənd, Çobankənd, Novo-İvanovka, Şahdağ, İnəkboğan, Əyrəvənk və Hacı Qasımlı kəndlərində qaz yoxdu.
Ona görə də yaşıllıqların vəhşicəsinə qırılması bununla əlaqəlidir. Bu odunlar evlərə daşınmasa 7 kəndin camaatı qışda buz bağlayar.
Hətta meşələrdə çoxillik ağacların yandırılması faktına da rast gəldik. Mişarla doğranması çətin olan çoxillik ağac yandırılıb yerə aşırılır, doğranır və meşədən daşınır.
Ermənistanla sərhəddə yerləşən bu yerlərdə meşələrin sürətlə məhv edilməsinin səbəbi kəndlərdə qazın olmamasıdır.
Hələ də Yenikənd, Çobankənd, Novo-İvanovka, Şahdağ, İnəkboğan, Əyrəvənk, Hacı Qasımlı kəndlərində qazlaşma aparılmayıb.
► İcra başçısı boruları satıb, gözətçilərə “divan tutub”
Məsələn, Şınıx bölgəsinin Qarəvəlli və Hacıallar kəndlərinə sürətlə qaz çəkilir. Amma adıçəkilən 7 kəndin camaatı mavi yanacağın üzünü belə görmür.
Əslində, illər qabaq bu kəndlərin qazlaşdırılması planı olub. Hətta qaz boruları kəndlərə gətirilib. Sonra işlər yarımçıq dayandırılıb.
Deyirlər ki, qaz boruları ya satılıb, kəndlərdən naməlum istiqamətə aparılıb. Bu içdə keçmiş icra başçısı Ramiz Yediyarovun da günahı az deyil.
Kəndlilərin sözlərinə görə, sərhəd kəndlərinə gətirilən qaz boruları icra başçısının qeyri-rəsmi tapşırığı ilə satılıb.
Odur ki, Gədəbəyin Saratovka və İvanovka arasındakı şamlıq meşəsi keçəlləşir, ciyərləri çıxarılır.
Bu qanunsuzluğa etiraz edən meşə gözətçiləri ya işdən çıxarılıb, ya da susdurulublar. Onlardan biri Şahdağ kənd sakini Zaman Əsgərov olub.
Saratovka meşəsində meşə gözətçisi işləmiş bu şəxs 30-dan çox ağacın kəsilərək oğurlanmasını görüb.
O, Gədəbəy Rayon Meşə İdarəsinə yazılı məlumat verib. Amma sabiq başçının qəzəbinə tuş gələn gözətçi işdən qovulub, ayağına cərimə yazılıb.
Məmurlar da özlərinə dəbdəbəli villalar ucaldarkən taxta-şalban üçün tikinti bazarlarına deyil, Gədəbəy meşələrinə rahatca üz tuturlar.
Çünki digər meşə gözətçiləri “gözü çıxmış qardaşdan” – Zamanın başına gələnlərdən ibrət götürüblər.
Kənd sakinləri deyir ki,  bir maşın odun ən yaxşı halda 220 manata başa gəlir. Məmurların gizli sexlərində odun şəklinə salınan ağac parçalarının bir maşını isə 280 manatadır. Nə deyirik, xeyirli olsun!!! 
Tarix: 30-06-2018, 09:29
Xəbəri paylaş





Xəbər lenti