Məlumatlardan belə nəticəyə gəlmək olar ki, Ağsuda icra başçısının qohumlarından təşkil etdiyi imperiya özbaşınalıq edərək sakinlərin narahatçılığına səbəb olur.Belə ki, Ağsu rayonunda başçının qohumları bütün yaxşı vəzifələri tutaraq vəzifələrindən sui-istifadə edirlər.
“Kapitalbank”ın Ağsu filialının müdiri Fətulla Seyidəliyev Ənvər Seyidəliyevin qardaşıdır. Fətulla Seyidəliyev qardaşına arxalanaraq hər cür qanunsuz hərəkət törədir.
Ağsu bazarı icra başçısının başqa bir qohumu Varis Nəzərova verilib. Varis Nəzərov bazarda mal satmağa gələn satıcılardan hər günün sonunda müəyyən qədər "haqq" alır və daha sonra onları yola salır. DİA.AZ bildirir ki, bütün bunlar bildiklərinizdir və redaksiyamıza müraciət edən ağsulular əlavə edirlər ki, iş bununla da bitmir.
Müraciətdə daha sonra deyilir: "Ağsu Kommunal Təsərrüfat Birliyinin rəisi vəzifəsi isə icra başçısının başqa bir yaxın qohumuna həvalə edilib".
Sakinlər bildirirlər ki, artıq özbaşınalıq və qanunsuzluq Ağsuda pik nöqtəyə gəlib çatıb.
Təhsili olmayan və ya ticarət-iaşə təhsili olan qəssabları rüşvət verərək orta məktəblərdə müəllim işləyirlər.
İcra başçısının “Topal Teymur” adlanan qardaşı bütün mağazalardan haqq yığır. Haqq verməyən şəxslərin obyektlərinin fəaliyyət göstərməsi mümkün deyil.
Ənvər Seyidəliyevin etdikləri bununla da yekunlaşmır. Xəbər portallarında apardığımız araşdırmalarımızdan çıxan nəticəyə görə, icra başçısı və müavinləri hədsiz dərəcədə qumar düşkünüdürlər.
Artıq heç kəsə sirr deyil ki, icra başçısı və müavinləri adətən günortadan sonra Ağsu perevalında «Yer Piri» deyilən pirlə üzbəüz yerləşən restoranda qumar oynayırlar. Qeyd edək ki, həmin restoran Ənvər Seyidəliyevə məxsusdur.
Ağsu sakilərni bildirir ki, icra başçısı Ənvər Seyidəliyev rayon sakinlərinin sosial problemlərinin həlli ilə məşğul olmaqdan imtina edir. İcra başçısı şikayətçiləri dinləmək istəmir və buna məcbur qaldıqda isə adətən şikayətçiləri acılayaraq onları haqsız çıxarır. Şikayətçilərin sözlərinə görə, buna səbəb Ənvər Seyidəliyevin rayondakı bütün vəzifələri öz qohum-qardaşına paylamasıdır:
"Ənvər Seyidəliyev öz qohum-əqrabasına heç bir şey deyə bilmədiyinə və bütün özbaşanalıqların başında özü durduğu üçün şikayətçiləri ya dinləmir, ya da dinləyib boş söz verməklə kifayətlənir. Artıq rayonda hamı bilir ki, Ənvər Seyidəliyevə hansısa məsələ ilə bağlı şikayət etmək və yaxud ondan hansısa problemin həllini istəmək boş və mənasız bir işdir".
Artıq Ağsuda kritik vəziyyət yaranıb. Sakinlər son çıxış yolu kimi icra başçısının əleyhinə imza toplayaraq, birinci vitse-prezident Mehriban Əliyevaya müraciət etməyi düşünürlər: "Bizə başqa seçim şansı buraxılmayıb. Rayonda günü-gündən özbaşınalıq artır, bunun qarşısını kimsə almalıdır. Elə bil rayonda həmin vəzifələrə layiq başqa potensiallı adam yoxdur, Ənvər Seyidəliyev ancaq öz qohumlarına verib yaxşı vəzifələri. Başçı onlardan iş tələb etmir, onlar da arxayınlaşıb şikayətlərimizi vecə almırlar. Bilirlər ki, onsuz da heç kim bir söz deməyəcək. Amma belə olmaz axı."- deyə şikayətçilər bildiriblər.
dia.az