Şabran rayon İcra Hakimiyyəti 3 aydır bir küçəni təmir edə bilmir - FOTOLAR, VİDEO


Şabran rayon İcra Hakimiyyətindən əcaib abadlıq və yol təmiri...

Bu ilin avqust ayında Şabranın küçələrinin həddindən artıq bərbad gündə olması haqda ölkənin əksər mətbu orqanları yazmışdı. Və bu şikayəti böyük rezonans doğurmuşdu. (https://qaynarinfo.az/az/sabran-sakinleri-rayon-rehberliyinden-sikayetcidir-41-45-ci-illeri-xatirladir-fotolar/)

Xatırladaq ki, həmin küçələrdəki biabırçı vəziyyətdən bəhs edən şikayətdə bildirilirdi ki, hər il rayonun büdcəsinə abadlıq məqsədilə milyonlarla manat pul ayrılsa da illərdir rayonda ab-hava ''köhnə hamam köhnə tas'' misalında olduğu kim qalır.

Musavat.com saytının poçtuna daxil olan məlumatda bildirilir ki, ümumiyyətlə rayonun əksər küçə və yolları həddindən artıq bərbad vəziyyətdədir. Dahi ədiblərin - Nizaminin və Füzulinin adını daşıyan bu küçələrdəki vəziyyət icra hakimiyyətinin vətəndaşların probleminə necə yanaşmasını bariz şəkildə göstərir. Küçələrin vəziyyəti qətiyyən dahi şairlərin adına yaraşmır. Xatırladım ki, həmin şikayətdə bildirilirdi ki, nə köhnə icra hakimləri, nə də indiki icra başçısı Novruz Novruzovun vaxtında Füzuli küçəsinə asfalt çəkilməyib və çəkilmir, Nizami küçəsi də bərbad durumdadır.

Şabran şəhərinin Heydər Əliyev prospektinin cüzi bir hissəsini saymasaq, rayonun bütün küçə və yolları həddindən artıq bərbad vəziyyətdədir. “Stansiya”ya - Şabran dəmiryolu vağzalına yaxınlıqda yerləşən Füzuli və Nizami küçələri adama daha çox 1941-1945-ci illər müharibəsindən sonrakı ilk illərə xas kimsəsiz, boz və yeknəsəq mənzərələri xatırladır. Bu baxımdan müharibədən kino çəkmək istəyən kinostudiya təbii fon üçün heç bir qəpik də xərc çəkmək istəmirsə, tam uğurla Şabranın bu hissəsini seçə bilər. Şabranın, stansiyaətrafı yerləri isə Afrika və Hindistan küçələrini xatırladır.

Füzuli küçəsinin sakinləri yollarının bərbad olması səbəbindən yayda toz-torpaqdan, qışda isə palçıqdan əziyyət çəkirlər.
Səngəri xatırladan küçədə yaşayan sakinlər yağışlar yağanda bu küçələr təmir olunmadığından həmin ərazidən keçmək lap müşkülə çevrilir. Hətta taksi sürücüləri Füzuli küçəsinin lap bərbad, kələ-kötür olduğundan buraya gəlmək belə istəmirlər.

Bu problem mediada geniş işıqlananadan sonra məsələ ilə bağlı Şabran rayon İcra Hakimiyyəti müəyyən addımlar atmağa başladı.

Düşünmək olardı ki, artıq problem öz həllini tapır və yaxın zamanlarda heç olmasa bir küçədə də olsa yol, ətraf ərazilər abadlaşdırılacaq. Ancaq əfsuslar olsun ki, işlərin görülməsindən artıq 2 aydan çox vaxt keçsə də, çox cüzi iş görülüb, ətraf isə yenidən əvvəlki kimi zibilliklə dolmağa başlayıb. Payızın gəlişi, yağışların başlaması ilə yol palçıqlı və keçilməz hala düşüb. Füzuli küçəsində isə ümumiyyətlə heç bir iş görülməyib, yol necə acınacaqlı durumda idisə əvvəlki və hətta ondan da pis vəziyyətə düşüb.

Ərazidə yaşayan sakinlər bildirir ki, icra başçısı Novruz Novruzov rayonun "Stansiya" adlanan ərazisindəki Nizami küçəsində gözdən pərdə asmaq üçün bir-iki bardür düzdürüb. Məlumata görə görülən yarımçıq işlər Şabran rayon Təmir Tikinti İdarəsi tərəfindən həyata keçirilib. İşçi heyəti isə belə olub: 1usta, 1 fəhlə və 1 briqadir. Hətta tikinti materialları - arada 10-15 balaca kisə qum, iki üç torba sement adi maşının baqajında gətirilirdi. Yəni bu boyda küçəyə nə yetərincə material, nə texnika, nə də işçi qüvvəsi ayrılıb.

Halbuki bu iş icra hakimiyyətinin birbaşa göstərişi ilə edilib. Təmir Tikinti İdarəsinin briqadiri kimi özünü təqdim edən Qafarov Qafar adlı şəxsin sakinlərə bildirdiyinə görə, oktyabr ayının 15-nə qədər həmin küçəyə asfalt örtüyü çəkilməli, səkilərə isə daş plitələr düzülməli idi.

Üç günə görüləsi işi 2 aya yaxın bir müddət ərzində gördülər. Lakin göz qabağında olan budur ki, nə asfalt örtüyü çəkilib, nə də səkilər düzəldilib. Bircə yarımçıq qalmış səkiləri saymasaq, düzələn heç bir şey olmayıb. Füzuli küçəsinin isə belə bərbad vəziyyətdə olmasının əsas səbəblərindən biri “gözdəiraq”, diqqətdən kənar olmasıdır. Lakin 800 metr məsafətən artıq uzunluğu olan Füzuli küçəsi rayonun ən uzun və ən qədim ( 1940-1950) küçələrindən biridir.

Doğrudanmı icra hakimiyyətinə bir balaca yolu çəkmək, 2 küçəni təmir etmək bu qədər çətindir?!

İcra hakimiyyəti əgər rayonda balaca bir işin öhdəsindən gələ bilmirsə və ya gəlmək istəmirsə görəsən böyük layihələrin öhdəsindən necə gələ bilər?

Yenə də ümid edirik ki, axır-əvvəl Şabranın icra başçısı bu “qlobal” problemin öhdəsindən gələcək və vətəndaşları az da olsa sevindirəcək.



Tarix: 15-11-2018, 22:17
Xəbəri paylaş





Xəbər lenti