Bərdə məktəbləri yüksək göstəricilərlə öyünə bilərlər
Region üzrə ən yüksək nəticəni Bərdə şəhər 8 nömrəli tam orta məktəbin məzunu əldə edib
Azərbaycan iqtisadiyyatının dinamik inkişafı ölkənin təhsil sisteminin də inkişaf etdirilərək ən yüksək dünya standartları səviyyəsinə çıxarılması üçün geniş imkanlar yaratmışdır. Məlumdur ki, məhz təhsil sahəsinin inkişafı dövlətimizin prioritet olaraq müəyyənləşdirdiyi əsas istiqamətlərdən biridir. Ölkə təhsilinin ümumi inkişafını təmin etmək üçün bu sahədə müəyyən edilmiş dövlət strategiyası hazırda rayon və bölgələrimizdə də uğurla həyata keçirilməkdədir. Birmənalı olaraq demək olar ki, təhsilin inkişafı istisnasız olaraq respublikanın bütün regionlarında daim diqqət mərkəzində saxlanılır. Tədris müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir, yeni məktəb binaları inşa edilir, mövcud məktəb binaları təmir olunur və ya yenidən qurulur.
Bu gün təhsil sahəsində kifayət qədər yüksək göstəricilərin əldə olunduğu, dinamik inkişafın müşahidə edildiyi bölgələrimizdən biri də Bərdə rayonudur. Respublikamızın digər bölgələrində olduğu kimi, Bərdə rayonunda da təhsilin inkişafı istiqamətində mühüm işlər görülür. Təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayon üzrə ali məktəblərə daxil olanların sayı ildən-ilə artır.
Orta məktəblərdə buraxılış və qəbul imtahanlarının nəticələri yüksəkdir
Bərdə Rayon Təhsil Şöbəsi 1930-cü ildən fəaliyyət göstərir. Hazırda Şöbənin Tabeliyində 74 ümumtəhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 5-i ibtidai, 11-i ümumi orta, 58-i tam orta və 5-i məktəbdənkənar müəssisələrdir. Qeyd etmək lazımdır ki, 2017-2018-ci tədris ilinin nəticələri Bərdənin təhsil müəssisələri üçün ümumilikdə kifayət qədər yüksək olmuşdur. Bu nəticələr barədə sentyabrın 6-da keçirilmiş Bərdə rayon təhsil işçilərinin ənənəvi sentyabr konfransının gedişində də ətraflı məlumat verilib.
Bərdə Rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov 2017-2018-ci tədris ilində görülən işlərə dair hesabat məruzəsi ilə etdiyi çıxışında qeyd edib ki, ötən tədris ilində şöbənin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin 79 məktəbəhazırlıq qrupunu 1303 nəfər uşaq, I siniflərini 2461 nəfər, IX siniflərini 1666 nəfər, XI siniflərini 1159 nəfər şagird bitirib. XI sinfi bitirən məzunlardan 729 nəfər ali məktəblərə qəbul imtahanında iştirak edib və onlardan 533 nəfəri tələbə adına layiq görülüb. 2017-2018-ci tədris ilinin yekununda həm ali məktəbə qəbul olanların sayı, həm də IX və XI sinif buraxılış imtahanlarının nəticəsi ötən illərlə müqayisədə daha yüksək qiymətləndirilə bilər.
Bərdə təhsilinin liderləri – 8 nömrəli tam orta məktəb
Təbii ki, Bərdənin təhsil sahəsində əldə olunmuş uğurlu nəticələrdə rayonun bütün məktəb və digər təhsil müəssiəsi kollektivlərinin öz payı vardır. Bununla belə, etiraf etmək lazımdır ki, öz nəticələri ilə digərlərini qabaqlayan təhsil müəssisələrinin xüsusi qeyd oluması da son dərəcə məqsədəuyğundur. Çünki qabaqcıl təcrübələrin təbliği və yayılması istənilən halda ümumi inkişafı stimullaşdırır. Məhz bu baxımdan Bərdə şəhər 8 nömrəli tam orta məktəbin nailiyyətləri və qabaqcıl təcrübəsi də bir çox digər müəssisələr üçün faydalı örnək ola bilər. Tam səmimi olaraq, bu gün Bərdə şəhər 8 nömrəli tam orta məktəbini rayonun, daha dəqiq desək ümumilikdə regionun təhsil müəssisələri arasında liderlərdən biri kimi təqdim etmək olar. Məlumat üçün bildirək ki, bu il Bərdə rayonunun orta ümumtəhsil məktəblərini bitirən 1159 nəfər məzundan 729 nəfəri ali məktəblərə qəbul olmaq üçün sənəd verib, 533 nəfər ali, 213 nəfər orta-ixtisas məktəblərinə qəbul olub. Qəbul imtahanlarında məzunlardan 106 nəfəri 500-dən yuxarı, onlardan 47 nəfəri 600-dən çox bal toplayıb. O cümlədən, bu il Bərdə şəhər 8 nömrəli tam orta məktəbi bitirmiş məzunlardan 52 nəfəri ali məktəblərə keçirilən imtahanlarda iştirak edib. Qəbul imtahanlarında məzunlardan 33-ü keçid balını toplayaraq, respublikanın müxtəlif ali məktəblərinə qəbul olub. Onlardan 10 nəfəri 500-600 arası, 5 nəfəri isə 600-dən çox bal toplayıb. Məktəbin məzunu Leyla Təhməzova isə, rayon məzunları arasında ən yüksək nəticə göstərərək, 695 balla Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olub. 8 nömrəli məktəb regionda yeganə təhsil müəssisəsidir ki, artıq məzunlarından 5 nəfəri Prezident təqaüdçüsüdür.
Regional kurikulum mərkəzi
2007-ci ildən fəaliyyət göstərən Bərdə şəhər 8 nömrəli tam orta məktəbdə 52 sinif otağı, fənn kabinələri, fizika və kimya laboratoriyaları, 2 kompüter otağı, kitabxana, yeməkxana, akt və idman zalları fəaliyyət göstərir. Məktəb müasir avadanlıqla təchiz olunub. Təhsil ocağı 2011/2012-ci tədris ilində keçirilmiş “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqələrində qalib gəlib. Məktəbin müəllimlərindən müxtəlif illərdə 3 nəfər “Ən yaxşı müəllim” müsabiqələrinin qalibi adını qazanıb, 2 nəfər “Əməkdar müəllim” adına layiq görülüb. Müəllimlərdən bir nəfəri isə Tərəqqi medalı ilə təltif olunub. Həmçinin məktəbin müəllimlərindən 30 nəfərdən çoxu “öyrədən müəllim sertifikatı”na sahibdirlər. Məktəbin 40-dan artıq müəllimi TQDK-nın keçirdiyi qəbul imtahanlarında nəzarətçi müəllim kimi, 20 nəfəri isə ekspert kimi iştirak edirlər. Təsadüfi deyil ki, hazırda Bərdə şəhər 8 nömrəli tam orta məktəb regionda kurikulum mərkəai kimi fəaliyyət göstərir. Burada mütəmadi olaraq müxtəlif fənlər üzrə təlim kursları keçirilir və bu kurslarda iştirak edən müəllimlərə müvafiq sertifikatlar təqdim olunur.
Tələbkar pedaqoq, qayğıkeş ailə başçısı
Bu gün Bərdə şəhər 8 nömrəli tam orta məktəbin yüksək göstəricilərə malik olmasında heç şübhəsiz bu təhsil müəssisəsinin pedaqoji kollektivinin və ilk növbədə bu kollektivə rəhbərlik edən Qəmbər Ağayevin böyük əməyi vardır. Qeyd etmək istərdik ki, Əməkdar müəllim Qəmbər Ağayev 1973-cü ildən pedaqoji fəaliyyətlə məşğuldur. 1982-ci ildən isə üç müxtəlif orta məktəbdə direktor vəzifəsində çalışıb. Birmənalı olaraq demək lazımdır ki, ömrünün 45 ilini fasiləsiz olaraq bir sahəyə, gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş Qəmbər müəllim Bərdənin təhsil sisteminin inkişafına əvəzsiz tövhələr vermişdir. Əbəs yerə deyil ki, bu gün Bərdə şəhər 8 nömrəli tam orta məktəbin direktorunun zəngin bilik və təcrübəsindən onun bir çox həmkarları, xüsusilə də gənc nəslin nümayəndələri məmnuniyyətlə bəhrələnirlər. Əminliklə demək olar ki, Qəmbər Ağayevin peşəkar rəhbərliyi altında Bərdə şəhər 8 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivi bundan sonra daha böyük nailiyyətlərə imza atacaqlar.
Son söz əvəzi:
Bu günlərdə internet saytlarının birində Bərdə şəhər 8 nömrəli tam orta məktəbin direktoru Qəmbər Ağayevin bilavasitə şəxsiyyətinə qarşı yönəldilmiş əsassız ittihamların əks olunduğu bir material dərc olunmuşdu. Yazının müəllifi Qəmbər müəllimin öz nəvələri ilə birgə Türkiyədə çəkdirdiyi və sosial şəbəkədə paylaşılmış şəkillərini “dəlil” kimi istifadə edərək, məktəb direktoruna qarşı hansısa cəfəng ittihamlar irəli sürməyə çalışmışdı. Əlbəttə, bu materialı tamamilə görməzdən gəlmək də olardı. Amma məsələ bundadır ki, əslində Qəmbər Ağayevin bu fotoşəkilləri yenə də onun müsbət imicinə xidmət etmiş olurlar. Məlumat üçün bildirək ki, həmin fotoşəkillərdə Qəmbər müəllimin yanında əks olunmuş hər iki gənc onun nəvələridirlər. Onlar Bakı Dövlət Üniversitetini fərqlənmə diplomu ilə bitirib, biri İstanbul Universitetində mühasibatlıq ixtisası üzrə, digəri isə Əskişəhərin Anadolu Universitetində iqtisadiyyat üzrə (həm də ingilis dilində)magistatura təhsil alırlar. Həm də demək lazımdır ki, Qəmbər müəllimin hər iki nəvəsi də məhz Bərdə şəhər 8 nömrəli tam orta məktəbin məzunlarıdırlar. Başqa sözlə desək, bu iki gənc qardaş Türkiyədə artıq bir neçə ildir ki, öz doğma məktəblərini ləyaqətlə təmsil edirlər. Dərc olunan fotoşəkillər isə, yalnız və yalnız Qəmbər müəllimin həm də gözəl ailə başçısı, sevən və sevilən bir baba olduğuna dəlalət edir.(aia.az)