Dövlətin müxtəlif qurumları tərəfindən mütəmadi olaraq elan olunan dövlət satınalmaları zamanı baş vermiş qanunsuzluqlar vaxtaşırı olaraq kütləvi informasiya vasitələrində dərc olunur.
Yayılan və təkzib olunmayan məlumatlardan bu nəticəyə gəlmək olar ki, hər bir müsabiqə zamanı qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən “şübhəli maliyyə oyunları” həyata keçirilir. Buna görə də, bu istiqamətdə geniş araşdırmalar aparmışıq. Şabran rayonunda fəaliyyət göstərən dövlət strukturlarının həyata keçirdiyi dövlət satınalmalarını araşdırarkən, olduqca maraqlı faktlar əldə etmişik.
Mozalan.az bildirir ki, 2010-2015 ci illər ərzində rayonda keçirilən tender və kotirovka müsabiqələrinin qaliblərini müəyyənləşdirərkən məlum olub ki, qaliblərdən biri, daha doğrusu ən vacib, dövlət əhəmiyyətli “işlərin” faili Şabran Rayon İcra başçısının birinci müavini, YAP-ın Şabran rayon təşkilatının sədri Balabəyov Mehdinin əmisi Balabəyov Teyyub Balabəy oğludur. Araşdırmalar zamanı məlum olub ki, adıçəkilən vətəndaş, bu müsabiqələrdə həm fiziki şəxs, həm də hüquqi şəxs qismində “qalib olub”.
Dövlət Satınalamalar Agentliyinin təqdim etdiyi sənədlərdən məlum olur ki, Şabran Rayon İcra hakimiyyətinin Şabran Şəhər İcra Nümayəndəliyi tərəfindən elan olunan tenderlərdə “Toğrul-2011” MMC qalib olub. Beləki, adıçəkilən şirkət : 2011-ci ildə - cari təmir işlərinin satın alınması ilə bağlı – 34 872 manatlıq; 2012-ci ildə - Şabran şəhərində işıqlandırma sisteminin təmir işlərinin satın alınması ilə bağlı – 37 153 manatlıq; 2013- cü ildə yenidən – Şabran şəhərində işıqlandırma işlərinin satınalınması ilə bağlı – 37 040 manatlıq; 2014-cü ildə - Şabran şəhərinin abadlaşdırılması üçün, bəzək ağacları və gül kollarının satın alınması ilə bağlı – 14 935 manatlıq; 2015-ci ildə isə yenidən Şabran şəhərində işıqlandırma işləri ilə bağlı – 34 928 manatlıq müsabiqələrin qalibidir.
Maraqlıdır ki, təkcə Şabran şəhərinin işıqlandırılmasını təşkil etmək üçün keçirilən 109 121 manatlıq müsabiqənin qalibi olan bu Məhdud Məsuliyyətli Cəmiyyətin (VÖEN 5000230421) qeydiyyat sənədlərində şirkətin hüquqi ünvanı Şabran rayonu, Şabran şəhəri, N.Tusi küçəsi, ev 29 göstərilir. Həmçinin reyestr məlumatlarına görə, şirkət 2011-ci ilin yanvar ayının 13-də dövlət qeydiyyatına alınıb və qurumun qanuni təmsilçisi Balabəyov Teyyub Balabəy oğludur.
Apardığımız araşdırmalar zamanı məlum oldu ki, adıçəkilən ünvanda, heç bir şirkət fəaliyyət göstərmir. Beləki, Şabran şəhəri, N.Tusi küçəsi ev 29 ünvanında, kənardan görənlərə sahibsiz, çoxdan insan nəfəsi dəyməyən, tərk edilmiş bir ev təsiri bağışlayan yaşayış binası yerləşir. Göstərdiyi ünvanda heç kəsin yaşamadığı bir şirkətin isə bu satınalmalarda necə qalib gəldiyi şübhəlidir. Həmçinin rəsmi sənədlərə görə məlum olur ki, 2014-cü ildə Şabran Rayon İcra hakimiyyətinin Şabran Şəhər İcra Nümayəndəliyi tərəfindən, şəhərdə görülən abadlıq işləri ilə bağlı – bəzək ağacları və gül kollarının alınması üçün 7122 manat dəyərində müsabiqənin qalibi də adıçəkilən şəxsdir. Beləki, bu müsabiqədə qalib elan onunan “Toğrul - 2014” MMC-nin (VÖEN 5000353531) reyestr məlumatlarına görə, 2014-cü ilin aprel ayının 18-də dövlət qeydiyyatına alınan bu şirkətin hüquqi ünvanı, Şabran şəhəri, N.Tusi küçəsi, ev 32, qanuni təmsilçisi isə Balabəyov Teyyub Balabəy oğludur. Apardığımız araşdırmalar zamanı məlum olur ki, reyestr məlumatlarında qeyd olunan ünvanda isə Balabəyov Teyyub Balabəy oğlunun şəxsi evi yerləşir. (Ardı var...)
Aşağıda yazıya aid fotolar
"Toğrul 2011"-in reyestr məlumatı
N.Tusi 32- də yerləşən ev
"Toğrul 2014" MMC-nin yerləşdiyi evdir, Teyyubun öz şəxsi evi (sənədlərə bax)