İmişlidə aclıq aksiyası başlanır – kredit borcu…
İmişli rayonunun bir qrup sakini noyabrın 30-da “Ədliyyə Evi”nin önündə aclıq aksiyasına başlayacaq.Bu barədə Turan-a rayon sakini Vüqar Qədirov bildirib. Aclıq banklara olan borcların tutulması ilə bağlı çıxarılmış məhkəmə qərarlarının sərt icrası ilə əlaqədardır:
“İcra şöbəsinin yeni rəisi banklarla əlbir işləyir. O, ciddi-cəhdlə çalışır ki, adamları çətin duruma salmaqla borcları az müddətdə toplasın. Məsələn, mənim qardaşımın 480 manatlıq maaşının yarısını tutmaqla kifayətlənməyib, onun zamininin də maaşının yarısını borca yönəltdirib. Qardaşım zamindən tutulan pulu ona qaytarmalıdır. Buna görə qardaşımın əlində aylıq maaşından heç nə qalmır“, – V.Qədirov bildirib.
Digər sakin Namiq Soltanov da məhkəmə icraçılarından şikayətlənir:
“Mən Qaz İstismarı İdarəsində işləyirəm. Aylıq gəlirim 350-500 manatdır. Aylardır ki, əmək haqqımın yarısı bu borca görə tutulurdu. Bir neçə gün əvvəl zaminimə hədə-qorxu gəliblər ki, avtomobilinə həbs qoyulacaq. Mən borcu ödəməkdən imtina etməmişəm ki, niyə başqa şəxsi də bu işə cəlb ediblər?”, – N.Soltanov qeyd edib.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin rayon şöbəsi Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyinin yerli şöbələrinə və rayon administrasiyasına müraciət edib. “
Aksiyanın əsas təşəbbüskarları Qarabağ əlilləri və müharibə veteranlarıdır”, deyə sözügedən qurumun İmişli şöbəsinin rəhbəri Taleh Tapdıqov bildirib. Onun sözlərinə görə, aksiya qərarını şöbə qəbul etməsə də qurum üzvlərinin taleyilə bağlı narahatdır. O, rayon orqanlarını problemi dialoq yolu ilə həll etməyə çağırıb.
Əgər aksiyanın keçirilməsinin qarşısını almaq mümkün olmazsa, vətəndaşların təhlükəsizliyi təmin edilməli, aclıq edənlər tibbi nəzarətə götürülməlidir. İmişli Rayon İcra və Probasiya İdarəsinin rəisi Ruhin Xəlilov isə hesab edir ki, onun işçiləri qanun çərçivəsində hərəkət edirlər.
Eyni zamanda o, rayon Veteranlar Birliyinin idarəyə müraciət etdiyini təsdiqləyib. Onun sözlərinə görə, müraciət öyrəniləcək, mümkün olduğu qədər güzəşt ediləcək.
Tarix: 27-11-2018, 21:50