Gəncə şəhərinin mərkəzində, Nizami küçəsi ilə Vəli Xuluflu küçələrinin kəsişməsində yerləşən, “Xəmsə bağı” adlandırılan park yerli iş adamı tərəfindən işğal edilib. Elfak Əliyev adlı biznesmen bu parkda yerləşən ağacları kəsib, uşaq atraksionlarını dağıdaraq ərazidə obyekt inşa etdirməyə başlayıb.
Muxalifet.az bildirir ki, bu barədə virtualaz.org saytının redaksiyasına Gəncə sakinlərindən müraciət daxil olub. Sakinlər parkın necə zəbt edildiyinə dair fotoları da təqdim ediblər.
Belə ki, parkın qarşısında Elfak Əliyevə aid dəbdəbəli “Şah sarayı” restoranı fəaliyyət göstərir. Bura Gəncənin imkanları adamlarının və məmur övladlarının sevimli əyləncə məkanıdır. Amma Əliyev öz sarayının ərazisini daha da genişləndirmək üçün bir neçə il əvvəldən işə başlayıb. İş adamı ekologiyaya və dövlət mülkünə zərər vermək yolu ilə parkın böyük bir hissəsini öz restoran ərazisinə daxil etmək üçün hərəkətə keçib.
Amma yaxınlıqda yaşayan, mütəmadi parkda dincələn və uşaqlarını burada gəzdirən sakinlərin çoxsaylı şikayətlərindən sonra inşaat işləri dayandırılıb. Məlum olub ki, daha əvvəl Gəncə şəhəri Kəpəz Rayon İcra Hakimiyyəti tərəfindən “Xəmsə bağı” parkı ilə bağlı Elfak Əliyevə burada layihələndirmə işləri ilə bağlı icazə verilib. Lakin verilmiş icazənin səlahiyyətləri xaricinə çıxan iş adamı ərazidə ağacları kəsib, oyun meydançalarını söküb və tikinti işlərinə başlayıb.
Nəticədə bu qanunsuzluqlara görə hazırda Kəpəz Rayon Məhkəməsi ona verilən layihələndirmə icazəsini də ləğv edib. Elfak Əliyev isə müxtəlif səbəblər gətirərək parkda inşa olunan qanunsuz yarımtikilinin sökülməsinə mane olur. O, məhkəmənin çıxardığı qərardan yuxarı instansiyalara şikayət edr və parkın ərazisində tikdiklərini sökmək istəmir.
Sakinlər yazırlar ki, parkdakı yaşıllıqlara vurduğu ziyanı restoran sahibi başqa yolla ört-basdır etməyə çalışır. “Xəmsə bağı”nda apardığı inşaat səbəbindən ərazidəki ağacların bir qismini məhv edən Elfak Əliyev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yoxlamalarından yan keçmək üçün yerindən çıxardığı ağac sayı qədər parkın fərqli issələrində ağac əkdirib. Bununla parkda qeydə alınmış ağac sayının dəyişmədiyini göstərməyə çalışın. Amma təbii ki, məhv edilən çoxillik, irigövdəli ağacları yeni basdırılan kiçik ağaclar əvəz edə bilməz.
Gəncə sakinlərinin şikayətində deyilir ki, Elfak Əliyev təkcə “Xəmsə bağı”nı zəbt etməklə kifayətlənmir. O, “Şah Sarayı” restoranın yaxınlığından axan çayın höfzəsinə də müdaxilə edib və orada böyük bir ərazini restoranının həyətinə qatıb. Restoran sahibinin Gəncə Şəhər Memarlıq və şəhərsalma idarəsinin keçmiş rəisi Məharət Mustafayevin sayəsində bütün bu əməlləri törətdiyi bildirilir. Sakinlər narahatdır ki, hasarlanan sahə çayın məcrasını dəyişir və qarşı sahildə erroziyaya səbəb olaraq gələcəkdə müxtəlif təbiət hadisələrinin yaranmasına gətirib çıxara bilər.
Bu şikayətlə bağlı Gəncə şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin bildirdilər ki, soruğunu yazılı şəkildə göndərək və məsələni araşdırıb cavab verəcəklər.
Tarix: 13-12-2018, 14:46