"Çınqıl mafiyası" İŞ BAŞINDA - İTTİHAM


"Çınqıl mafiyası" İŞ BAŞINDA
2018-ci il iyunun 2-də Göyçay çayının üzərindəki körpünün uçması nəticəsində rayonda sözün əsl mənasında fəlakətli vəziyyət yaranmışdı:

Göyçayın 30 kəndinin mərkəzlə, habelə rayon mərkəzinin bir hissəsi arasında birbaşa əlaqə kəsilmişdi. Həmin vaxt çaya böyük sel gəlmədiyi halda körpünün uçmasının, habelə çay sahilindəki - xüsusən Sahil küçəsindəki evlərin qəzalı vəziyyətə düşməsinin, 40 rayon sakininə ümumilikdə milyonlarla manat ziyan vurulmasının səbəbləri barədə yazılar dərc etmişdik. Həmin yazıları müsavat.com saytından bu linklərdən (http://musavat.com/news/goycay-daha-boyuk-felaketle-uz-uze-arasdirma_532323.html), (http://musavat.com/news/goycaydaki-dehsetin-baiskarlari-ziya-memmedov-selim-muslumov-ve-atf-sirketi-videolar-fotolar_531378.html ) oxuya bilərsiniz.

Qısaca xatırladaq ki, fəlakətli vəziyyətin yaranmasının səbəbi Göyçay çayının yatağında son 15 ildə qum-çınqıl karxanalarının kortəbii şəkildə çalışması, çayın təbii axarını məhv etmələridir.

Problem təkcə körpü ilə bağlı deyildi. Sadəcə, 2002-ci ildə bu körpü inşa edilərkən orada çayın məcrasının dərinliyi 3-4 metr idisə, “çınqıl mafiyası”nın qanunsuz fəaliyyəti nəticəsində 2018-ci ildə bu göstərici 25-27 metrədək süni şəkildə artıb. Körpünün istinad layları, dirəkləri çöldə qaldığından su körpünü yuyub dağıdıb.

“Çınqıl mafiyası”nın talanının miqyasını təsəvvür etmək üçün 2002-ci ildə Göyçay çayı üzərində körpü tikilən ərəfədə - körpüdən şimala doğru hissəsində - çəkilmiş foto ilə (yazıya əlavə edilib-red.) 2018-ci ildə eyni yerdə çəkilmiş şəkilləri müqayisə etmək kifayətdir.

Araşdırmalardan, sakinlərin şikayətindən, həmçinin baş vermiş hadisə ilə bağlı prezidentin göstərişi ilə yaradılmış komissiyanın verdiyi rəydən, eyni zamanda başlanan cinayət işinin istintaqından bəlli olmuşdu ki, Göyçay çayındakı çınqıl karxanalarından milyonlar “qapazlamaq” üçün rayonu viran qoyan məmur-oliqarxlar və ayrı-ayrı şirkətlər bu fəlakəti ərsəyə gətiriblər. Qanunsuz karxanalardan 2-si sabiq nazir Ziya Məmmədova, 1-i sabiq nazir Səlim Müslümova, 1-i ATF adlı bir şirkətə, bir neçəsi sabiq icra başçıları Ərzuman Əliyev və Mübariz Ağayevə və digər şəxslərə məxsus olub.

Körpü uçduqdan sonra başlanan cinayət işi üzrə bu şirkətlərin rəhbərləri həbs edildilər, onlardan 6 milyon manat dəyən ziyanın ödənilməsi də tələb olundu. Hazırda həmin iş üzrə məhkəmə tam başa çatmayıb. Amma belə görünür ki, “çınqıl mafiyası” qarşıdakı illərdə də çayı talamaq niyyətindədir! Onların müxtəlif yollarla çayının yatağında dövlətin gördüyü işlərə qarşı çıxmaları bu fikri təsdiqləyir.

Yaradılan komissiya rəy verib ki, əgər çayın son 15 ildə məhv edilmiş məcrası qaydaya salınmasa, karxanaların fəaliyyəti bir neçə illik dayandırılmasa, sonrakı illərdə isə çaydan xammal götürülməsində limitə əməl edilməsə, çox keçmədən daha böyük faciələr baş verə bilər: körpü tam uça, Yuxarı Şirvan kanalı ilə Göyçay çayının kəsişməsindəki tunel partlaya, onlarla kənd su altına qala, rayon mərkəzinin bir hissəsi yuyulub məhv ola bilər.

Çayın məcrasının nizamlanmasına dövlət gecikmədən start verib. Rəy bu olub ki, öncə çayda axının sürətinin azaldılması ilə çay yatağının qum-çınqılla dolmasına, səviyyənin yüksəldilməsinə nail olmaq lazımdır. Bunun üçün isə çayın məcrası rayon mərkəzindən qismən uzaqlaşdırılmalı, Çayarxı kəndinə doğru ovallaşdırılmalıdır. Əslində çay tarixən bu məcra üzrə hərəkət edib. Amma son 15 ildə “çınqıl mafiyası” çayın şəhərə doğru yatağını qazdığı üçün məcra pozulub, mərkəzə istiqamətlənib. İndi isə çayın yatağı şərqə, Çayarxı kəndinə doğru - öz təbii axınına uyğunlaşdırılır.

Çayın məcrasının bu cür dəyişdirilməsi dövlət səviyyəsində, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar nazirlikləri, Meliorasiya və Su Təsərrüfatı ASC, Göyçay rayon İcra Hakimiyyəti, “Azəriqaz” və digər bütün müvafiq strukturlarla razılaşdırılmış şəkildə həyata keçirilir. Obyektivlik naminə, bu, doğru qərardır, körpünün növbəti dəfə uçmasının, Şirvan kanalı ilə Göyçay çayının kəsişdiyi yerdəki tunelin partlamasının və nəticədə onlarla kəndin məhv olmasının qarşısını almaq mümkün deyildi.

Amma maraqlıdır ki, “çınqıl mafiyası” öz maraqları naminə dövlətin gördüyü işə əngəl törətməyə çalışır. Əlbəttə, “başadüşüləndir”; çay normal məcrasına salındıqdan sonra artıq onlar qarşıdakı illərdə çayın yatağını qanunsuz şəkildə talayıb, milyonlar əldə edə bilməyəcəklər.

Bu səbəbdən ən müxtəlif üsullarla dövlətin gördüyü işlərə kölgə salmağa çalışırlar. Bu, faktiki olaraq Göyçaya, Göyçay əhalisinə düşmənçilikdən başqa bir şey deyil. Hətta hələ məhkəməsi bitməmiş “çınqıl mafiyası” müxtəlif media orqanlarında qaralama kampaniyasına da start verib. Belə səpkili iddialar ortaya atılır ki, guya çayın məcrasının şəhər istiqamətindən Çayarxı kəndindəki boş ərazilərə doğru dəyişdirilməsi 50 evin sökülməsinə səbəb olacaq. Amma çayın axınının normallaşdırılması üçün məcrasının bu istiqamətə yönləndirilməsi zamanı heç bir yaşayış evinin sökülməsi nəzərdə tutulmur! Orada söhbət yalnız əslində çayın sahil-mühafizə zolağında olan, qanunsuz zəbt edilmiş kiçik ölçülü torpaq sahəsinin yeni məcraya düşməsindən gedir. Bu isə qanunla birbaşa tənzimlənir ki, əgər dövlət ehtiyacı üçün zərurət yaranarsa, nəinki zəbt edilmiş ərazi, hətta sənədi olan sahələr də boşaldılmalıdır. Sadəcə, “çınqıl mafiyası” həmin sahili qarşıdakı illərdə yenə də talamaq üçün məcranın ora keçməsini istəmir və bunun üçün də zəbt olunmuş, heç bir qanuni sənədi olmayan bir bağ sahəsinin sahibi kimi çıxış edən şəxsi qabağa verib, müxtəlif qaralama kampaniyası aparır, rayonun fəlakətdən qurtarılması işinə əngəllər törətmək istəyirlər.

Talançılıqlarını davam etdirmək niyyəti ilə öz əngəlçi fəaliyyətlərini pərdələmək üçün isə “maraqlı” metod seçiblər: Absurd kampaniya aparırlar ki, çayın məcrası şəhərin mərkəzinə - Sahil küçəsinə doğru yönəlsin. Hansı məntiqə sığır ki, mərkəzdəki onlarla ev uçurulsun, körpü dağılsın, amma çay boş torpaqlara doğru yönəldilməsin ki, “çınqıl mafiyası” oradan çınqıl oğurlayıb aparsın?! Axı Sahil küçəsindəki onlarla ev uzun illərdir ki, mövcuddur.

Yeri gəlmişkən, Sahil küçəsindəki evlərin arasında əslən Göyçaydan olan, xeyriyyəçi, millət vəkili Elxan Süleymanova və onun rayonda yaşayan övladına məxsus evlər də var. Onun mülkünün guya çayın məcrasına təsir etməsi haqda iddialar isə yumşaq desək, ədalətsizlikdir, yalandır. Dəqiqləşdirmələrdən bəlli olur ki, Süleymanovların mülkünün yerləşdiyi ərazidə sovetlər dönəmində Göyçay Avtobazasının istirahət və təmir mərkəzləri yerləşib. Sovetlər birliyi dağıldıqdan sonra o sahə boş qalıb və xeyli illər öncə Çayarxı bələdiyyəsindən satın alınaraq tam özəlləşdirilib, üzərində bütün qanuni sənədləri olan ev tikilib. Burada bənddən kənarda çay istiqamətində heç bir tikinti aparılmayıb, çay hövzəni oradakı mülklərin sahibləri tərəfindən daraldılmayıb və bu mümkün də deyildi. 50 il öncə ərazidə tikilmiş bənd və hasarlar da buna sübutdur...

Xülasə, faktiki olaraq Sahil küçəsindəki evlərin yerində hələ sovetlər dövründə obyektlər, istirahət mərkəzi olub və çay məcrası həmin zamanlar xeyli uzaqda idi. Sadəcə, son 15 ildə çınqıl karxanaları çayın məcrasını qaza-qaza gətirib həmin evlərə yaxınlaşdırmışdılar. İndi isə gedən proses çayın məcrasının aşağı sahilə doğru yönəldilməsidir - bununla həm çayın yatağı qaldırılır, körpünün uçmasının qarşısı alınır, həm də mərkəzdəki onlarla ev qorunur. “Çınqıl mafiyası” isə zəbt olunmuş torpaq sahəsinin sahibini önə verməklə, dövlət layihəsinə - Göyçayı ikiyə bölünməkdən xilas planına qarşı kampaniya aparır. Gülməlidir, məgər çayın məcrası şəhərə doğru qazılmalı idi ki, mərkəzdəki onlarla ev, körpü uçsun və rayon faktiki ikiyə bölünsün? Sadəcə, karxana sahibləri qarşıdakı illərdə də fürsət tapıb öz talançılqıqlarını davam etdirmək üçün məcranın öz yönəldiyi istiqamətə keçirilməsinə mane olmağa çalışır. Faktiki olaraq onlar bu iddiadadır: “Dövlət gərək mərkəzdəki qanuni evləri uçuraydı, amma çayın məcrası öz axını üzrə bizim talamaq istədiyimiz hissəyə yönəldilməyəydi”...

Bu, qaralama kampaniyası olmaqla yanaşı, həm də dövlətə “meydan oxumaq” cəhdidir.
“Yeni Müsavat”
 
Tarix: 21-12-2018, 09:48
Xəbəri paylaş





Xəbər lenti