Mirdaməd Sadıqov PREZİDENTİN və İsmayıllıların etimadını doğrultmadı – Təfsilat


 


 

İsmayıllıda kabus: Mirdaməd Sadıqov hakim elitanı niyə qəzəbləndirib? 
2013-cü ildə İsmayıllı üsyanının memarı keçmiş icra hakimi Nizami Ələkbərov yox, qardaşı Füzuli Ələkbərovun oğlu Vüqar idi. Onun içkili vəziyyətdə qəza törətməsi, taksi şoferini döyməsi və camaatı təhqir etməsi İsmayıllını ayağa qaldırmışdı.
İki gecə dirəniş göstərən etirazçılar “Çıraq” otelini yandırdılar, N.Ələkbərovu kabinetindən çıxmağa məcbur elədilər. Bu qələbə ilə ismayıllılar sübut etdilər ki, təşkilatlana və haqlı tələblərini irəli sürə bilirlər.
Halbuki, 2013 hadisələrində səslənən şüarlar yalnız icra başçısının istefası və insanları aşağılayan nazir oğlunun cəzalandırılması tələbi idi. Yəni, heç bir sosial şüar səslənmirdi.
Bu o demək deyildi ki, N.Ələkbərovun dövründə İsmayıllıda problemlər yox idi. Sadəcə, xirtdəyə qədər yığılan narazılığın səbir kasasını həmin olay daşırmışdı.
Siam.az yazır ki, hadisələrdən sonra hakimiyyət İsmayıllıya rəhbər axtarışına çıxmışdı.
Elə bir kadr təyin olunmalıydı ki, həm camaatın dilini bilsin, onlarla işləsin, vətəndaşları qəbul eləsin, həm də sanballı, İsmayıllı sakinlərinin qəbul etdiyi ziyalı olsun.
O dövrdə özünü hakim elitanın mühüm qanadına yaxın biri kimi göstərmiş və yuxarıları qabiliyyətinə inandırmış iqtisadçı Mirdaməd Sadıqov öz doğma rayonuna göndərildi.
Vergilər idarəsində rəis, sonra rektor işləmiş M.Sadıqova hökumət böyük etimad göstərmişdi. Belə mürəkkəb regiona məlum iğtişaşlardan sonra icra başçısı seçimi doğru olmalıydı.
Amma geridə qalan 5 ilə nəzər salanda görünür ki, onun fəaliyyəti hökuməti peşman edib, bu posta onu məsləhət görənlərin üz qarasına çevrilib. Hakim elitanın gözləntiləri ayrıydı. Amma M.Sadıqov ən yüksək eşelondakı şəxslərin etimadını doğrultmayıb.
M.Sadıqov isə N.Ələkbərovun yolunu gedərək bürokrat məmur, peşəkar maxinasiyalar ustası adını qazanmış oldu. Rayonun problemləri isə üst-üstə gəlməyə başladı.
İsmayıllı üsyanında sosial şüarlar səslənmirdisə, hazırkı icra başçısı səslənməsi üçün əməlli-başlı zəmin hazırlamaqdadır.
İlk vaxtlarda islahatçı, xalqın dərdinə yanan kimi özünü göstərən M.Sadıqovun çox çəkmədi ki, “don”u açıldı.
M.Sadıqov yerli adamıydı, əslən lahıclıdır, camaatla dil tapa bilərdi, ikincisi iqtisadçıdır, adı korrupsiya və maxinasiyalarda hallanmamışdı.
Hakimiyyət güman edirdi ki, belə reputasiyaya malik kadrı İsmayıllıdakı məlum hadisələrdən sonra icra başçısı postuna gətirmək olar.
Elə M.Sadıqov da ilk aylarda göz oxşamağa başladı: sakinlərlə görüşlər, şəhər əhalisi ilə qaynayıb-qarışmaq, mərkəzdə avtomobilsiz hərəkət etmək, vətəndaşların qəbulu, tapşırıq və göstərişlər...
***
Siam.az yazır ki, tədricən M.Sadıqovun kosmetik siyasəti “sabun köpüyü”nə çevrildi.
Hətta o məlumatlar belə yayılmışdı ki, MTN-nin rəhbəri Eldar Mahmudova 3 milyonluq villa tikdirib, onunla brilyant biznesi var. Yəni, sələfi Nizami Ələkbərov belə bunu etməmişdi.
Bəs milyonlar hansı bulaqdan gəlirdi? - müəmmalıdır. Korrupsiya bulağıdırsa, yaxın keçmişdəki fakta nəzər salaq:
Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi İsmayıllının 32 kənd üzrə buğda əkini üçün ayrılmış 799 min 397 manat 20 qəpik vəsaitin ən azı 35-40 faizini saxta sənədlər tərtib edilməklə mənimsənilməsi haqda ciddi şübhələrini təftiş edib.
Nazirlik bu şübhələrində əminliyi təmin etmək üçün İsmayıllının 5-6 kəndində monitorinqlər də aparıb. Və bu zaman korrupsiya faktını təsdiq edən dəlillər ortaya çıxıb.
32 kənd üzrə 5723 hektar buğda əkildiyi haqda sənədlər tərtib edən Mirdamət Sadıqovun yerli icra nümayəndələrindən ibarət komissiya ümumilikdə 19 min 984 hektar 93 sot buğda səpini aparıldığını rəsmi sənədlərdə qeyd edib. Buna uyğun olaraq isə rayon üzrə 799 min 397 manat 20 qəpik pul ayrılıb.
Lakin bu qədər hektara və ayrılan dəstək puluna rəğmən, məhsuldarlığın gözlənildiyindən kəskin aşağı olması, nazirliyi hərəkətə gətirib.
Elə bu fakt da Mirdamət Sadıqov, onun aqrar məsələlər üzrə müavini Həsən Həsənov və yerli icra nümayəndələrini qorxuya salıb.
Və İsmayıllının icra başçısı sələfindən həm də tənqidlərə dözümsüzlüyü ilə fərqlənirdi. Belə olmasaydı, N.Ələkbərovun dövründə peşə fəaliyyətini normal davam etdirən Elçin İsmayıllı M.Sadıqovun vaxtında həbs olunmazdı.
Ancaq onun korrupsiya əməllərini jurnalist araşdırmaları deyil, Hesablama Palatası da rəsmən təsdiqləmişdi.
Ötən il Hesablama Palatası İsmayıllı RİH-də korrupsiya faktları aşkarlayıb. Büdcə vəsaitlərinin xərclənməsində yol verilən yeyintilər və mənimsəmələr Milli Məclisə çatdırılıb.
İxtisasca iqtisadiyyatçı olan İsmayıllının icra başçısı Mirdaməd Sadıqov maliyyə əməliyyatlarında peşəkar olsa da, Palatanı aldatmaq mümkün olmayıb.
Bir sözlə, hakimiyyəti seçimində məyus edən, İsmayıllının etimadını doğrultmayan, sakinlərin ümidlərini puç edən M.Sadıqov gələr-gəlməz maskanı cırıb gerçək məmur simasını nümayiş etdirdi.
İsmayıllıda yenə də problemlər boğaza qədər yığılıb, sakinlərin şikayətlərinə baxılmır, daml-damla toplanan bu narazılıq növbəti partlayış üçün zəmin hazırlamaqdadır.
Məsələn, bir müddət əvvəl rayonun Qalagah və Üştal kənd sakinləri qışın sərt tələbləri ilə üzləşmişdilər. İcra hakimiyyətinə üz tutub dərdini deyən insanlara Mirdaməd Sadıqovun: “Ermənistandan gəlmisiz ora da qayıdın” – cavabı verdiyi iddia olunurdu.
***
İcra başçısı isə israrla barəsindəki məlumatları təkzib etməkdədir. Bəs, niyə qalmaqallı xəbərlərlə gündəmə gəlir? Çünki rayon yenidən Ələkbərovlar dövrünə qayıdıb.
Adi bir fakt: “İsmayıllı Tikinti-27” ASC-nin sədri Məhəbbət Əliyeva adlı şəxs olsa da, əslində bu qurumun arxasında başqaları, yəni, Sadıqovun əlbir olduğu tikinti mafiyası dayanır.
Mirdaməd Sadıqovun tikinti sektorunda maxinasiyalar aparması və rayondakı işbazlarla əlbir olaraq büdcədən külli miqdarda vəsait «yeməsi» barədə iddialar var.
Belə ki, Nizami Ələkbərovun vaxtında bir çox dövlət sifarişlərini icra edən, ənənəvi «tender qalibi» kimi tanınan, eyni zamanda sabiq icra başçısının oğlu Vüqar Ələkbərovun şirkəti olaraq bilinən «VAFİ-Region» MMC şirkətinin «qabaqcıl» yerini indi «İsmayıllı Tikinti – 27» ASC tutub.
M.Sadıqovun «etibarlı» şirkəti kimi tanınan bu şirkət də «VAFİ-Region» MMC ilə eyni ünvanda qeydiyyatdadır.
“İsmayıllı Tikinti-27” ASC yeni icra başçısının vaxtında bir çox dövlət layihəsinin icraçısı olub, 1 milyon manatdan çox büdcə vəsaitinin mənimsənilməsində iştirak edib.
Həmçinin Sadıqovun sevimli «icraçı»ları arasında «Ağçay-48» və «Ülvi Mİ» adlı MMC-lərində adı çəkilir. Bu şirkətlərin hər ikisinin hüquqi ünvanı rəsmi sənədlərdə eyni ünvan – Aslanov küçəsi 17 göstərilib.
Əlqərəz, İsmayıllının rəhbərlik sarıdan bəxti gətirmir...                                                                                             Siam.az
Tarix: 24-12-2018, 07:08
Xəbəri paylaş





Xəbər lenti