Bir neçə gün öncə, daha dəqiq desək 20 dekabr 2018-ci il tarixdə Gundemxeber.az saytında “Gəncədə alimlərin fikri saya salınmır” başlıqlı məqalə dərc etmişdik və həmin məqalədə Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu kollektivinin, çalışdıqları təhsil müəssisəsinə verilmiş direktor təyinatına qəti etiraz etmələri qeyd olunmuşdu.
Yəni, adı çəkilən təhsil müəssisəsinin şöbə müdirləri, ələlxüsus pambıqçılıq üzrə mütəxəssis olan alimlər, bu sahə haqda anlayışı olmayan şəxsin direktor təyinatına qəti etirazlarını bildirirlər və hətta ölkə rəhbəri cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, kənd təsərrüfatı naziri cənab İnam Kərimova və Gəncə şəhər İcra Hakimiyyətinin başçısı cənab Niyazi Bayramova müraciətlərini də ünvanlayırlar. Onu da bildirək ki, bir müddət bundan öncə kollektiv üzvləri verilmiş təyinatla bağlı iclas keçirib etiraz edərkən, Gundemxeber.az saytının əməkdaşı həmin iclasda iştirak edir və reallıqları öz gözləri ilə də görür.
Məsələnin düşündürücü tərəfi odur ki, məqalənin dərcindən bir neçə gün sonra kollektiv üzvləri adından redaksiyamıza məktub daxil oldu və həmin məktubda təkzib verməyimiz də qeyd olunmuşdu. Elə ki, əməkdaşımız bu yöndə müəyyən araşdırmalar aparır, o halda o, hər kəsi şoka sala biləcək faktları aşkara çıxarır. Yəni, bəlli olur ki, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitunun rəhbəri qarşıdan gələn bayram günləri ilə bağlı siyahı tərtib etdirir, kollektiv üzvlərindən hər birinə bayram hədiyyəsi adı altında 10 (on) manat pul verdirir və həmin siyahıya imza da atdırır. Az sonra o, niyyətini “çin etmək” üçün redaksiyanın ünvanına məktub ünvanladır və kollektiv üzvlərinin imzaladıqları siyahını, həmin məktuba da əlavə etdirir. Bununla bağlı əməkdaşımız kollektiv üzvlərinin bir neçəsi ilə əlaqə saxlayıb göndərilmiş məktubda qeyd olunanlara münasibət bildirmələrini xahiş etdikdə “Biz təkzib verilməsi ilə bağlı heç bir sənədə imza atmamışıq və həm direktor müavininin, həm də həmkarlar təşkilatının sədri Elçin Xəlilovun oynadıqları oyunlardan da məlumatsızıq” deyirlər. Belə bir cavabdan sonra əsl həqiqətlər aşkara çıxır və bəlli olur ki, direktor verilmiş təyinatına etiuraz edənləri, məhz belə bir yollarla aldatmağa çalışır. Onu da unutmaq olmaz ki, yeni rəhbərliyin belə bir oyun qaydalarının oynanılmasında “baş rol”da olduğu söylənilir.
P.S. Yaşanan olaylar olduqca aktuallıq kəsb etdiyindən, bir daha mövzuya qayıtmağa çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.
GundemXeber.Az