Ağdam sakini: Evin bir otağında biz qalırıq, digərində ördəklər

 

''Adam utanır, nə qədər qonşuların evinə getmək, nəsə istəmək olar?''

"Evlənən gündən çöllərdə, vaqonlarda yaşamışıq. Bir aya yaxındır ki, bu evə köçmüşük. Əgər bura ev demək olarsa…”

Ağdamın Quzanlı kəndində yaşayan Rəsmiyyə Vəliyeva belə deyir.

39 yaşlı qadın həyat yoldaşı ilə birlikdə kirayədə yaşayır.

O, həyatının olduqca çətin və keşməkeşli keçdiyini deyir.



Birinci ailəsi dağılıb, həmin evlilikdən 17 yaşlı qızı var. İmkansızlıq ucbatından qızını oxuda bilməyib.

4 il əvvəl ikinci dəfə ailə həyatı quran Rəsmiyyə Vəliyeva deyir ki, bu dəfə də çətinliklər onun yaxasından əl çəkməyib: "İkinci dəfə ailə quranda gözləntilərim bir az fərqli idi. Həyatım çox ağır, yoxluq içində keçib. Deyirdim, bəlkə, tale üzümə gülər, ancaq belə olmadı. Güzəranımız təsəvvür etdiyinizdən də pisdir".



Onun sözlərinə görə, ailə qurduqdan sonra yaşamağa evləri belə olmayıb:

“Aylıq 50 manat ödəməliyik, lakin ev və həyət çox pis olduğu üçün ev sahibi ilk ayın ödənişini almayacaq. Neçə həftədir həyətin zibilini təmizləyib qurtara bilmirəm. Düz-əməlli su yoxdur, qonşudan qablara doldurub gətirirəm. Qış qapıdadır, mən qabları həyətdə yumağa məcburam. Havalar soyuyanda necə olacaq, bilmirəm. Heç tualet, hamam da yoxdur. Adam utanır, nə qədər qonşuların evinə getmək, nəsə istəmək olar?"



Evin iki otağının birində ailə yaşayır, o biri otaqda isə ördək saxlayırlar.

Rəsmiyyə Vəliyeva deyir ki, əllərinə bir az pul keçəndə artırıb satmaq üçün ördək alıblar:

"Təsəvvür edirsiz yan otaqda ördək saxlayırıq. Bunu kimə desəz, bəlkə də, inanmaz. Ancaq vəziyyət belədir, nə etmək olar? Onları da artırıb satmaq istəyirik, bəlkə əlimizə 5-10 manat pul keçər. Yoldaşım fəhlədir, konkret işi yoxdur. Qazancı ən yaxşı halda 10 manat olur. O da ki, iş olarsa. Mən də təhsilsizəm. Atam evində olduğum vaxtlar pambıq yığımı ilə məşğul olmuşam. İndi əlimdən gələn tək şey təmizlik işidir. Arada kimsə çağırır, gedib evini təmizləyib 10 manat alıram. Belə bir iş olsa, işləyə bilərəm, iş də tapılmır".



Otaqda olan əşyaları qonşuların verdiyini deyən şikayətçi şəraitsizlikdən gileylənir:

"Yatmağa yatağımız da yoxdur, yerə döşək atmışam. Yorğan yoxdu deyə gecə adyal örtürük. Soyuq olur, hələ qarşıda qarlı günlər bizi gözləyir. Evə kimsə gəlsə, oturmağa yer tapmır. Bəzən elə pis oluram, utanıram. Axı, bu, həyat deyil biz yaşayırıq. Paltarın da hamısını qohum-qonşu verib. Pulumuz var paltar almağa? Yeməyi güclə çatdırırıq. Nə tapsaq, onu yeyirik. Axırıncı dəfə nə vaxt bazarlıq etdiyim yadıma gəlmir. Güzəranımız belədir, ev-eşik yox, pul yox".



Evdə şərait olmadığına görə qızını anasıgilə göndərib:

"Evin vəziyyətini özünüz görürsünüz. Burada yaşamaq olarmı? Otaq balacadır, yataq, hamam-tualet yoxdur. Qızımı necə yanımda saxlayım? Düzdür, anam da xəstə, yaşlı adamdır. Gəlinimizin ümidinə yaşayır. Yenə də, qızım orada burdan daha yaxşı vəziyyətdədir. Arada imkan olanda gedib baş çəkirəm. Anayam, ürəyim dözmür, ancaq neyləmək olar? Bəzən də yaxşı fikirləşməyə çalışıram. Elə bilirəm, bu çətinliklər bir gün bitəcək. Mən də digər insanlar kimi normal gün görəcəyəm".



Rəsmiyyə Vəliyeva deyir ki, həyat yoldaşı ev şəraiti və işsizliklə bağlı dəfələrlə Ağdam Rayon İcra Hakimiyyətinə müraciət edib.

Əvvəllər icra hakimiyyətinin başçısı onu qəbul etməkdən imtina edirmiş. Buna görə də sosial müavinət almaq üçün bütün cəhdləri uğursuz alınıb.

Sonuncu müraciətdə isə Ağdam Rayon İcra Hakimiyyətindən şikayətçiyə bu məsələ ilə bağlı edə biləcəkləri heç nə olmadığı deyilib.

Meydan TV məsələ ilə bağlı Ağdam Rayon İcra Hakimiyyətindən münasibət öyrənə bilməyib.



 

Tarix: 2-01-2019, 01:01
Xəbəri paylaş





Xəbər lenti