Göyçay sakini: Bölgələr batır, kimsənin xəbəri yoxdur

                 


''Evimin şəraitinə də baxın, burda insan yaşamaz''

“Uçuq-sökük, birotaqlı evdə 5 nəfər yaşayırıq. Heç birimiz işləmirik. Ünvanlı sosial yardıma müraciət etdik, “sizə düşmür”, - dedilər. Mən hələ bu rayonda bir kasıbın yardım aldığını görməmişəm. Alanlar hamısı halı, vəziyyəti yaxşı olanlardır”.

Göyçay sakini, 46 yaşlı Elnur Rəhimli belə deyir. O, 3 uşaq atasıdır. Göyçayda kiçik bir evdə, 5 nəfərlik ailəsi ilə birgə yaşayır. Bunu yaşamaq saymır, ayın sonunu güclə gətirdiyini söyləyir:



“Hələ 1 il bundan öncəsinə qədər qoca anam da bizimlə yaşayırdı. Yazıq, həm də şəhid anası idi. Baxın, o da bu daxmadan köçüb getdi. Bir rahatlıq görmədi. Yaxşı yaşada bilmədim anamı. Hamısı da Allahın bəlası işsizlik, şəraitsizlik ucbatından”.

Şərait dediyi budursa, şəraitsizlik necə olur?

E.Rəhimli deyir ki, nə sağlığında, nə də ölümündən sonra bir yardım etdilər şəhid anasına. Eləcə, yarıac-yarıtox, ehtiyac içində köçüb getdi bu həyatdan:


Elnur Rəhimli
Elnur Rəhimli


“Çox da müraciət edib, heç nə istəyə bilmədi. Ancaq prezident telekanallardakı çıxışlarında bəh-bəhlə deyir ki, şəhid ailələrinə bunu edirik, onu edirik. Onlara əl tuturuq, kömək göstəririk, şərait yaradırıq. Hanı? Budur şərait? Əgər şərait dediyi budursa, şəraitsizlik necə olur?”

120 il əvvəl tikilmiş, uçuq-sökük evdə yaşayırıq

E.Rəhimli ünvanlı sosial yardım üçün də müraciət edib, “sizə düşmür”, - cavabı alıb. Deyir, onlara düşməsi üçün daha nə olmalıdır, necə çətin şərait, vəziyyətdə yaşamalıdırlar ki, yardım ala bilsinlər:



“Evin başımıza uçduğunu deyirəm. Cavab gəlir ki, qəzalı deyil. Rayona təyin olunan icra başçıları da vətəndaşların şikayətinə baxmır. Onlar ancaq öz qohumlarına şərait yaratmaq üçün çalışırlar. Elə ona görə də mən nəinki rayonun icra başçısından, yerli təşkilatlardan, elə ölkənin başçısından da narazıyam. Üç övladım var. Mən onları min bir çətinliklə, güc-bəla ilə böyüdürəm. 120 il əvvəl tikilmiş, uçuq-sökük evdə, 1 otağın içində yaşadıram. Bundan o tərəfi varmı?”

Bayramlarda şəhid ailələrinə, veteranlara yarım kilo ət və un verirdilər

E.Rəhimli deyir ki, indiyə qədər dövlətdən hər hansı dəstək görməyib. Bundan sonra da nəsə olacağına inanmır. Ona görə danışır ki, bölgələrdə vəziyyətin necə olduğunu, işsizliyin hökm sürdüyünü hamı bilsin:



“İldə bir-iki dəfə bayramlarda şəhid ailələrinə, veteranlara yarım kilo ət və un verirdilər. Son illər onu da kəsiblər. Biz bundan başqa heç nə görməmişik. Ancaq prezident də daxil olmaqla onun ətrafındakılar, onlara xidmət edən telekanallar belə demir. Onlara inansaq, biz yağ-bal içində dolanırıq. Amma ortada nə yağ var, nə də bal”.

Ölkə batır, bölgələr batır, kimsənin xəbəri yoxdur

E.Rəhimli uzun illər işsiz olub. Heç yerdə iş tapa bilməyib. Sonda əlacı kəsilib, borc-xərclə icarəyə mağaza götürüb. Dostu ilə işlədir. Bəzən günlərlə heç nə sata bilmədiyini deyən Elnur, icarə haqqını güclə toparlayıb verdiyini söyləyir:



“Bəzən olur ki, heç bir manat gəlirim olmur. 3 övlad böyüdürəm, çətindir. Evimin şəraitinə də baxın, burda insan yaşamaz, görün, köhnə daxmadı, bu gün-sabah başımıza uçacaq. Gedib haqqını tələb edirsən, nəsə istəyirsən, elə bir cavab verirlər ki, özün-özünə nifrət edirsən. Ölkə batır, bölgələr batır, kimsənin xəbəri yoxdur”.

Müraciət etsin, şərtlərə uyğundursa, yardım verilər

Meydan TV məsələyə münasibət öyrənmək üçün Göyçay rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzi ilə əlaqə saxlayıb. Mərkəzdən bildiriblər ki, ünvanlı sosial yardıma elektron qaydada müraciət edilir:



“Həmin vətəndaş da sənədlərini elektron qaydada göndərməlidir. Əgər bunu bilmirsə, şöbəyə yaxınlaşıb soruşa bilər. Komissiya baxır və qərar verir. Həmin şəxsin vəziyyəti yardım ayrılmasına uyğundursa, alır. Çox vaxt müraciət edirlər, görürük ki, adlarına ev, avtomobil, torpaq var. Biz nə edə bilərik? Qaydalar budur, olmamalıdır”.

Tarix: 2-01-2019, 14:46
Xəbəri paylaş





Xəbər lenti