''Yarpaq əsən kimi işığımız sönür''

  


Qarabaqqal kənd sakinləri işıq, su, yol problemindən gileylidirlər

“Nə suyumuz, nə işığımız, nə qazımız, nə də normal yolumuz var. Hansından danışım, bilmirəm. Ağacda 2 yarpaq əsən kimi işığımız kəsilir, xətlər bərbad gündədir. Qaz desən, sızqa gəlir, yol isə ümumiyyətlə yoxdur”.

Göyçayın Qarabaqqal kəndinin sakini Azad Zülfiqarov belə deyir.

Ən geriqalmış, bədbəxt kənddir

Qarabaqqal kəndinin 3000-dən artıq əhalisi var. Şəhər mərkəzinə elə də uzaq olmayan kəndin yolları dağılıb. İnsanları arx suyundan istifadə edirlər. İşıq və qaz xətləri köhnə olduğundan qış aylardında tez-tez elektrik və qaz kəsilmələri yaşanır.


Azad Zülfiqarov
Azad Zülfiqarov


A.Zülfiqarov da deyir ki, kəndləri Göyçayın mərkəzinə yaxındır, ancaq vəziyyətinə baxanda, ən acınacaqlı durumdadır:

“Ən geriqalmış, bədbəxt kənddir. Qaz xətləri Sovet hökumətinin dövründən qalıb. Tez-tez deşilir, camaat pul yığıb yamayır. İndi də qorxurlar, normal açmırlar. Nəticədə çox zəif gəlir. Sanki ölməmək, qışdan birtəhər çıxmaq üçün verirlər. Heç evləri isitmir də. Suya gəlincə, iki dəfə insanlardan pul yığıb çəkiblər. Ancaq içməyə bir qurtum su tapılmır. Açılışında maşınla vurdular, şəklini çəkdilər, vəssəlam. Maşın o tərəfdən vurdu, bu tərəfdən su gəldi. Şəkil çəkib getdilər. Yəqin hesabatlarına əlavə ediblər ki, kəndə su gəlir”.

Yolu axırıncı dəfə nə vaxt çəkiblər, bilmirik

Raqif Mürsəlov da bu kənddə yaşayır. Deyir, yel əsə, o dəqiqə işığı söndürürlər. Yağış yağanda isə qaz üzünə həsrət qalırlar:



“Nə qalıbsa, Sovetlərdən qalıb. Ondan bu yana dağıla-dağıla gedib. Yolu axırıncı dəfə nə vaxt çəkiblər, bilmirik. Camaat özləri 3-5 manat verib daş tökdürür”.

AzTV-yə baxanda elə bilirəm bütün dövlətləri vurub keçmişik önə

R.Mürsəlov televiziyalara baxanda hirslənir. Deyir, oradakı Azərbaycanda yaşamaq istəyir:


Raqif Mürsəlov
Raqif Mürsəlov


“Qara qutu deyirəm mən ona. AzTV-yə baxanda elə başa düşürəm ki, bütün dövlətləri vurub keçmişik qabağa. Sonra çıxıb çölə həyatımıza baxanda deyirəm, yox, yəqin inkişaf var, amma bizə gəlib çıxmayıb. Sonra internetdən yayımlanan televiziyaları görəndə deyirəm, yox, problem təkcə bizdə deyil, problem onlardadır. Su içdiyimiz arxı görürsünüz? Neçə ildir biz yalvarırıq ki, nolar ya kəndə artezian çəkin, ya da bu arxı zibillərdən təmizləyin. Heç birini etmirlər. Danışanda da pis adam oluruq”.

Sabah qar yağacaq, vəziyyət bundan da pis olacaq

Raqif Mürsəlov deyir ki, istəyirlər camaat sussun, danışmasın:



“İstəyirlər ağzımıza su alıb oturaq. Uşaqlarımız hər gün bu yolu məktəbə gedib-gəlirlər. Bir düşünün də, onun paltarları nə vəziyyətdə olar. Burdan məktəbə 2 kilometrdir. Ordan gəlib-gedənlər də var. Sabah qar yağacaq, vəziyyət bundan da pis olacaq. Deyirik, oluruq pis adam. Demirik də, olmur”.

Demirlər ki, meyvə bağlarına gedə bilmirik, yol yoxdu

Sakinlərdən Ayaz Həsənov deyir ki, gücü çatan arxın suyunu içmir. Hər həftə 20 manat verib, bir maşın su alır. Ancaq imkanı olmayan məcburdur arx suyu içsin:



“Neyləsin kasıb? Suya, çörəyə versin, ya dolanışığına? İşsizlik də baş alıb gedir. Yola bir baxın hələ. Bir dəfə xərc çəkib bir maşın daş tökdürmüşəm. Yenə itib-batır. Bələdiyyə faktiki işləmir, maket kimi bir şeydir. Nə edirik, öz cibimizdən edirik. Hələ bir gəlib deyirlər ki, meyvə bağlarına görə nə qədərsə rüsum ödəməlisiniz. Daha demirlər ki, meyvə bağlarına gedə bilmirik, yol yoxdu. Axırıncı dəfə nə zaman təmir olunub, mən xatırlamıram”.

Uşaqlar bu palçıqda nə etsin?

Ayaz Həsənov deyir ki, elə qaz boruları, işıq xətlərini də Sovet dönəmində ciblərindən pul qoyub çəkdiriblər:


Ayaz Həsənov
Ayaz Həsənov


“Bir trayler boru gətirtdik. Ona da indiki pulla 5 min dollara yaxın pul xərcləmişik. Dövlət bizə heç nə etməyib. Hər şeyi öz cibimizin pulu ilə etmişik. Gedib Moskvada işləmişəm, gəlmişəm ev tikmişəm, şərait qurmuşam, işıq, qaz xətti çəkmişəm. Bu gördüyünüz arxı da öz cibimizin pulu ilə qazdırmışıq. Dəfələrlə demişik, xeyli olmayıb. Deməyin, yazmağın təsiri yoxdu bunlara. Uşaqlar nə etsin bu palçıqd? Yol yoxdu. Baxın də, vəziyyətimiz budur”.

Kənddə bulaqlar var və əhalinin su problemi yoxdur

Meydan TV məsələyə münasibət öyrənmək üçün Göyçay Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra hakimiyyətinin informasiya şöbəsindən deyiblər ki, həmin kənddə bulaqlar var və əhalinin su problemi yoxdur:

“Bəlkə 1-2 nəfər şikayətçidir. Aydınlaşdırmaq lazımdır. Ümumi kənddə su problemi yoxdur. Yollara gəlincə, həmin kəndin yolları normaldır axı. Sökülüb tökülmür, bildiyimiz normal kənd yoludur. Elektrik dirəklərini isə bilmirəm, gərək araşdıraq, baxaq görək niyə tez-tez enerjinin verilməsində problem yaranır. Hər bir halda, heç biri həll olunması mümkün olmayan problemlər deyil”.











Tarix: 29-01-2019, 15:18
Xəbəri paylaş





Xəbər lenti