Kənd sakinləri: '''Bu kənddə heç bir dövlət müəssisəsi yoxdur''
Kürdəmirin Muğanlı kəndinin sakinləri şəhər mərkəzinə olan 18 kilometrlik yolu 1 saat 45 dəqiqəyə gedib çıxırlar. Səbəb kimi yolların bərbad olmasını göstərirlər. Kəndin sakinləri sonuncu dəfə yolun nə zaman təmir edildiyini unudublar. Deyirlər, tək problem yol da deyil. Kənddə 11 illik məktəb, tibb məntəqəsi də yoxdur.
“Burnu qanayanı şəhər mərkəzinə aparmalı oluruq. O da ki, yolları görürsünüz də. Bir problem bitir, digəri başlayır. Xəstələnirsən, bir dərd, xəstəxanaya getmək istəyirsən, ikinci dərddir”.
Kənd sakinlərindən Aqşin Əhmədov belə deyir.
1 manatlıq yola 5 manat veririk
A.Əhmədov bildirir ki, yollara uzun illərdir baxan olmayıb. Baxmayaraq ki, dəfələrlə müraciət ediblər.
“Nəinki kəndarası yollar, kəndə gələn yollar da bərbad gündədir. İndiyə qədər nə edib, kənd camaatı öz vəsaitləri hesabına ediblər. O da bir ay çəkir, ya çəkmir. Kürdəmirin mərkəzinə 18 kilometrə yaxın yoldur. Taksi ilə gedib-gəlirik. Tez -tez gedirik. Taksi də məcburdur 1 manatlıq yola 5 manat alsın, yoxsa kim maşınından bezib ki, bu yolu getsin?”
Bura Allah tərəfindən də yaddan çıxarılmış kənddir
A.Əhmədov deyir ki, ən son 1985-1986-cı illərdə bu yollar daş-çınqıl üzü görüb. Ondan sonra imkan olmayıb:
“Yaxşı təmir edilmişdi. O da ki, yenə kənd camaatının vəsaiti hesabına. Təbii bir neçə il çəkdi. O da dağılıb, getdi. Dövlət heç vaxt bu kəndə baxmayıb. Bura yaddan çıxarılmış kənddir. Heç qaz da yox idi, 3 ildir veriblər. İşıq dirəkləri də köhnədir. Odur ki, tez-tez sönür. Müstəqillikdən bəri bu kəndə baxan olmayıb. Allah tərəfindən də yaddan çıxarılmış kənddir bura”.
Maşınlar qırılıb-dağılır, sıradan çıxır
Tariyel Məmmədov isə deyir ki, yenə isti havalarda yola vermək olur. Yağış yağanda gedib-gəlmək bir az da çətinləşir:
“Yağışda yola çıxa bilmirik. Maşınlar gedib-gəlir, qırılıb-dağılır, sıradan çıxır. Görünən kəndə nə bələdçi? Görürsünüz, zığın-palçığın içindəyik”.
Əvvəl, ümumiyyətlə, kəndə yol dönmürdü
Sakinlər indiyə qədər aidiyyatı qurumlara dəfələrlə məktub yazdıqlarını söyləyirlər. Ancaq məktublarına cavab belə almadıqlarını deyirlər:
“Əvvəl, ümumiyyətlə, kəndə yol dönmürdü. Ondan ötrü bu kəndin camaatı dayanmadan iki il məktub yazdı. Axırda yol çəkdilər. Yoxsa 27-28 kilometr yolumuz uzanırdı. İndi də illərdir yolun bərbadlığını yazırıq. Görək bunu nə vaxt eşidəcəklər. Hələlik, bir cavab almamışıq” – deyir, sakinlərdən Əbdül Əhmədov.
Kəndin problemi çoxdur, həll edəni isə yoxdur
Ə.Əhmədov əlavə edir ki, belə vəziyyət onlara cərimədir. Şəraitsizliyə görə xərcləri çox çıxır:
“Mümkün deyil, kənd yeridir, toyuq-cücə ilə birtəhər dolanırıq. Özümüzü zorla təmin edirik. Uşağa ayaqqabı almaqdan birtəhər olmuşuq, çatdırmaq olmur. 30-50 manat verib alırıq, bircə ay gedir. Yolu düzəltsələr, yaxşı olar. Məktəb də problemdir. 9 illik və şəraitsizdir. Döşəməsi yox, tavanı çökür, istiliyi yox. Uşaqların qalan 2 ili qonşu kəndə gedib-gəlmələri də zülmdür. Piyada getmək mümkün deyil, taksi də od qiymətinə aparır. Nə isə, bu kəndin problemi çoxdur, həll edəni isə yoxdur”.
Kənddə hamı oxşar həyat yaşayır
Sakinlərdən Yadigar Əliyev deyir ki, şəraitsizlikdən bütün kəndin insanlarının taleyi bir-birinə oxşayır. Oğlanlar 9-cu sinfdən çıxıb valideyninə kömək edir, 2 il sonra əsgərliyə gedir, gələndən sonra evlənirlər. Qızlar isə 9-dan çıxıb, 1-2 il sonra ailə qurur, dünyaya uşaq gətirirlər:
“Bizim kənddə hamı oxşar həyat yaşayır. Erkən evlənib, uşaq dünyaya gətirirlər. Başqa çarə var ki? Kənddə poçt yox, tibb məntəqəsi yox, məktəb natamam, yollar bərbad, qaz zəif, işıq tez-tez sönür. Daha nə olsun? Deyirlər, yıxılın ölün də. Bələdiyyə, icra nümayəndəliyi də yoxdur. Bir sözlə, bu kənddə heç bir dövlət müəssisəsi yoxdur. Təkcə məktəbdir, o da natamam. Halbuki 200 ev, 1100-dən artıq əhalisi, 136 şagirdi var. Amma şəraiti, təəssüf ki, yoxdur”.
Uşaqlarımı rayondakı xəstəxanaya apara bilmirəm, imkan yoxdur
Y.Əliyev deyir ki, kənddə tibb məntəqəsi olmadığından uşaqlara 10 ildən bəridir peyvənd vurdura bilmirlər:
“Şəxsən mən uşaqlarımı rayondakı xəstəxanaya apara bilmirəm, imkan yoxdur. Hansı maşına deyirsən, azı 10 manat pul istəyir. Bizdə də o qədər pul nə gəzir? İşləmirəm, imkanım yoxdur. 3 uşağım var, hazırda onları dünyaya gətirdiyim üçün peşmanam. İndi uşağın biri 10-cu sinfə qonşu kəndə getməlidir. Heç bilmirəm necə göndərəcəyəm. Təhsilsiz də dolanmaq olmur. Dərs ilinin çoxu qış aylarına düşdüyündən lap çətin olur vəziyyətimiz. Nəticədə kimsə uşağını qonşu kəndə yollamır. Qızlar bir-iki il qalıb, ərə gedir. Oğlanlar da əsgərlikdən dönüb fəhləlik edir, sonra da evlənirlər. Elə bilin, hər dəfəsində tarix təkrarlanır”.
İcra Hakimiyyəti: “Həmin kəndin yolla bağlı hər hansı problemi yoxdur”
Meydan TV məsələyə münasibət öyrənmək üçün Kürdəmir Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra başçısının birinci müavini Tacəddin Novruzov bildirib ki, həmin kənd ipək yolundan bir az aralıdadır və yolla bağlı hər hansı problemi yoxdur:
“Normal kəndarası yollardır. Nəyindən narazıdırlar? Amma yenə də onlara demək istəyirəm ki, cənab prezidentin bölgələrlə bağlı sərəncamı var. 2022-ci ilədək heç bir bölgədə, kənddə yol problemi qalmayacaq. Artıq işə başlanıb. 2022-ci ilədək bütün işlər yekunlaşacaq. Digər problemlər də hamısı həll olunandır, narahatlığa əsas yoxdur”.