Zərdabda ÖZBAŞINALIQ... - GİLEY

 Zərdabın Şahhüseynli kəndində örüş sahələrinin zəbti ilə bağlı qalmaqallar bitmək bilmir. Sakinlərin məsələ ilə bağlı ölkə rəhbərliyinə şikayətlərindən sonra Rayon İcra Hakimiyyəti başçısının Şahhüseynli kəndi üzrə nümayəndəsi Abubəkir İsayev onları hədələyib.

Məsələ ilə bağlı onlar ölkə rəhbərliyinə növbəti dəfə məktub yazıblar. Eyni zamanda, “Yeni Müsavat” redaksiyasına müraciət ediblər. Deyirlər ki, kənd ərazi vahidi üzrə nümayəndə Abubəkir İsayev kənddə törədilən qanunsuzluqların ört-basdır olunması üçün hərəkətə keçib: “Cənab prezidentə, 1-ci vitse-prezidentə şikayət məktublarına imza atan bizlərin evlərimizə, iş yerlərimizə gəlir, bizləri hədələyir. İşdən çıxarılacağımızı deyir. Polisin adından istifadə edərək şərlənəcəyimizi deyir. Abubəkir İsayevin bu hərəkətlərinin qarşısının alınmasını, onun vaxtilə bələdiyyə sədri olarkən kəndin torpaqlarını özünə yaxın şəxslərə paylaması məsələsinin araşdırılmasını istəyirik. Zərdabın icra başçısı Lütvəli Babayev Abubəkir İsayevin qarşısını almır. Özü də bilir ki, onun öz yaxınlarına payladığı torpaq bizlərin mülkiyyətinə torpaq islahatı aparılanda verilib. Həmin zaman kəndin hər sakininə 1 hektar olmaqla torpaq sahəsi paylandı. O vaxt kənd ağsaqqalları toplaşıb qərar verdilər ki, hərə 25 sot torpaq sahəsindən örüş sahəsi üçün ayırsın. Belə də oldu. Kənd sakinlərinin torpaqları hesabına 70 hektardan artıq örüş sahəsi formalaşdı. İllərlə həmin ərazidən örüş sahəsi kimi istifadə etdik. 5-6 il olar ki, həmin torpaqlar mal-heyvanı daha çox olan kənd sakinləri tərəfindən zəbt olunub. Abubəkir İsayev də onlara sənədlər verib. İndi də camaat mal-heyvanını həmin ərazilərə apara bilmir. Aparanda camaatı polisə verəcəkləri ilə hədələyirlər, qarşıdurma yaranır, qalmaqal olur”.

Kənd sakinləri yazırlar ki, örüş torpaqları qanunsuz olaraq 3-4 nəfərin arasında bölünüb. Şahhüseynli camaatı qeyd edir ki, mal-heyvan saxlamasalar kənddə yaşaya, dolana bilməzlər: “Biz şikayət edirik, Abubəkir İsayev olan-qalan əraziləri də ağaclardan təmizlətdirməklə yaxınlarının torpaqlarına qatmaq üçün hazırlıq işləri aparır. Zülm çəkirik, mal-heyvan saxlamaq çox çətinləşib. Zərdab İcra Hakimiyyətinin başçısına yazırıq, o da məktublarımızı Abubəkir İsayevə göndərir. İcra nümayəndəsi də deyir ki, gələn il örüş sahələrinizi qaytaracaqlar”.

Sakinlərin sözlərinə görə, A.İsayev onların örüş sahələri hesabına Kamil Heydərova 40 hektar, Böyükəli Qarayevə16 hektar, Azər və Mənsum Pənahov qardaşlarına 30 hektar torpaq paylayıb. Hansı ki, həmin ərazilər kəndin örüş sahələri olub. Kənd sakinlərinin mal-heyvanı həmin örüş sahələrinə keçən zaman tərəflər arasında qalmaqal yaranır: “Bizi hədələyirlər. Şahhüseynlidə örüş sahəsi qalmayıb. 300-dən çox təsərrüfat var. Ortada balaca yer qalıb, həmin yer də şorandır deyə ot bitmir. Lütvəli Babayev istəsə, məsələni bir günə həll edər. Ancaq Abubəkir İsayevin üstünə atır, o da bizi aldadır. Ondan camaat soruşur ki, hansı əsasla kəndin örüş sahələrini bu adamlara vermisən? Abubəkir İsayev deyir ki, getdik gördük əkirlər verdim onlara. Bu adam öz vəzifə məsuliyyətini unudaraq müvafiq qanunvericilin tələblərinə məhəl qoymur. Abubəkir İsayev orta məktəbdə çox zəif oxuyub. Onun harada nə vaxt ali təhsil alması çox təəccüblüdür. Hay-küylü davranışı və məmura uyğun olmayan kobud ünsiyyəti təhsilli adam təəssüratından uzaqdır. İstənilən məsələ ilə bağlı ona edilən müraciətin qarşılığında şəxsi maraq güdür. Hər nə olursa, rayon rəhbərliyinin tapşırığı kimi qələmə verir. Kəndin əsas əkin sahələridə Abubəkir İsayevin özü və yaxın ətrafı tərəfindən uzun müddətə icarəyə götürülüb. Kəndin daha bacarıqlı, təsərrüfatda səriştəsi olanlar isə kənarda qalıb”.

Kənd sakinləri hər ötən gün örüş sahələri ilə bağlı qalmaqalların böyüdüyünü, ciddi qarşıdurmaya keçə biləcəyi ehtimalının olduğunu bildirir və ölkə rəhbərliyini məsələyə reaksiya verməyə çağırırlar.

Məsələ ilə bağlı adı hallanan hər kəsi dinləməyə, mövqeyini dərc etməyə hazırıq.
 
Tarix: 11-02-2019, 15:24
Xəbəri paylaş





Xəbər lenti