Lerikdə Qarabağ qazisinin evini necə mənimsəyiblər? – BİABIRÇI OLAY
Lerik rayonunda uzun illər öncə qəribə və xoşagəlməz olay baş verib, amma bu olay uzun müddət cəmiyyətdən gizli saxlanılıb. Lerik rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əlipənah Bayramov Qarabağ əlili, Bülüdül sakini Vidadi Qəzənfər oğlu Cəfərova veriləcək mənzili qardaşı, Qarabağ əlili Paşa Hüseynova verib. Xeberinfo.de-in məlumata görə, adının açıqlanmasını istəməyən Bülüdül kənd sakinlərindən biri deyib ki, bu məsələ kənddə narazılıq yaradıb və Vidadinin qohumları etiraz ediblər, lakin sonradan araya ağsaqqal salıb məsələni sakitləşdiriblər. Nəticədə Qarabağ qazisi mənzilsiz qalıb və bir neçə il öncə dünyasını dəyişib: “Kimsəsiz adam idi, atası da fağır adam idi. Özü də öldü, atası da. Əlipənaha nə deyə bilərdilər ki? Qohumları bir az səs-küy elədilər, sonra da səsləri kəsildi. Muğanda olan bir qohumu bir az çox səs-küy elədi, o da dünyasını dəyişəndən sonra kimsə səsini çıxarmadı. Kənd yeri bir az başqa cürdür e. Yazıb-pozanda bütün kənd bir-birinə düşmən olur. Əlipənah neçə dəfə kənddə söhbət düşəndə and içib ki, belə şey olmayıb. Adamdan soruşarlar ki, olmayıbsa, niyə sənin qardaşına ev verilirdi, Vidadiyə və ya başqa Qarabağ qazisinə yox? Yəni çox biabırçı bir hadisə idi”.
Bununla bağlı əlimizdə başqa faktlar da var. Xeberinfo.de məsələni dəqiqləşdirmək üçün Lerik Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətində mötəbərliyinə şübhə etmədiyimiz mənbə faktı təsdiqləyib. O qeyd edib ki, dövlət məmuruna yaraşmayan bir addım atan Hüseynovun bu hərəkətini rayonda çoxları bilir. İddia ilə bağlı Əlipənah Bayramovla əlaqə saxlamaq mümkün olmayıb.