Onun “gözdən iraq” duraraq öz biznesi ilə məşğul olmasından kimsə xəbər tutmamışdı.
Sən demə, Z.Əliyev nəinki biznes qurubmuş, Avropaya qədər irəlilədə bilib. Amma qubalıların vaxtilə sabiq başçı Rauf Həbibovu necə yola saldıqlarını xatırlasaq, gərək Z.Əliyev diqqətli olsun, xalqla işləsin.
Cahan.info-nun verdiyi xəbərə görə, Z.Əliyev gizli işləməyi bacarıb, özü haqqında neqativ məlumat getməsinə imkan verməmişdi. Amma “gizli sandıq” açıldı.
Ölkədə bir-iki karxanasından başqa gözə elə bir biznesi dəyməyən, saytlarda özü haqqında palaz-palaz yazılar çıxartdırıb “dövlətçiliyə xidmət və sədaqət” minnətini böynumuza qoymağa çalışan bir icra başçısının da səsi Avropalardan gəlir.
Uzun illər yol təsərrüfatında rəhbər vəzifələrdə işləyib, elə o vaxtdan yolunu Çexiyaya salıb, şirkət qurub, şirkətinin menecerliyini çex qadına həvalə edib.
Sonra bir az da irəli gedib, Avstriyada növbəti şirkətini açıb. Tikinti materialları ticarətinə girişib. Bu o adamdır ki, 2017-ci ilin dekabrında Quba rayonuna icra başçısı təyin olunur.
O, 2015-2017-ci illərdə “Azəravtoyol” ASC-nin “Bakı 2 №-li Yol İstismarı” MMC-nin direktoru vəzifələrində çalışıb. İndi jurnalist Cavanşir Həsənlinin yaydığı araşdırmadan aydın olur ki, ilkin nizamnamə kapitalı 200 min kron olan AZ SERVIS – NR s.r.o. (MMC) şirkətinin qeydiyyat sənədində təsisçinin 27 iyun 1963-cü il təvəllüdlü, Bakı şəhəri, Ə.Kürçaylı 7/45 ünvanında pasport qeydiyyatında olan Ziyəddin Əliyev olduğu qeyd olunub.
Şirkətin adında NR sonluğu Ziyəddin Əliyevin oğlanlarının adlarının baş hərfləridir.
Şirkət Çexiyanın Brno ədliyyəsindən 28267184 saylı qeydiyyat şəhadətnaməsi alıb. İlk qeydiyyat ünvanı Brno, Nezamyslova 2799/28, PSČ 61500 olub. Hazırda icra başçısına məxsus şirkətin ofisi Brno şəhəri, Příkop küçəsi 4 ünvanındakı Internationale Business Center-də yerləşir. Fəaliyyət sahəsi: istehsal, xidmət, ticarət.
Ziyəddin Əliyev ilk əvvəl, yəni 2008-2009-cu illərdə şirkətin idarəçiliyini tanışı, 1969-cu il təvəllüdlü IRINA MICHAJLIKOVÁ həvalə edib. Lakin 2009-cu ildə aralarındakı narazılıqdan dolayı Ziyəddin Əliyev onu şirkətdən uzaqlaşdırır.
Ziyəddin Əliyev bu şirkət üzərindən Brnoda avtosalon və servis mərkəzi açıb. Amma Ziyəddin Əliyev Avropada biznesini Çexiya ilə
məhdudlaşdırmayıb.
Belə ki, 22 iyul 2017-ci il tarixdə cənab Əliyev Avstriyanın paytaxtı Vyanda daha bir şirkət qeydiyyatdan keçirib. S.M.A.N Business Solutions GmbH Vyana ədliyyəsində 30 min avro nizamnamə kapitalı ilə FN 457017 i saylı lisenziya alıb.
Şirkət Kaiser-Ebersdorfer Straße 81/1 Wien ünvanında qeydiyyatdadır. Nizamnamə üzrə fəaliyyət dairəsi daşınmaz əmlak, tikinti, ticarət sahələrini əhatə edir.
Cahan.info xəbər verir ki, bu biznes Z.Əliyevin vəzifədən çıxarılmasına əsas olmayacaq. Ancaq qubalıların xəbər tutması, onların icra başçısından narazı olması Z.Əliyevin gedişini tətikləyə bilər.
Maraqlıdır ki, Qubada məmurlar uzun müddət icra başçısı işləyə bilməyiblər. Z.Əliyevin də vəzifəsində çox qalacağı gözlənilmir. Çünki narazılıqlar var.
Məsələn, bir müddət əvvəl Qubanın fermeri, “Barlı” MMC-nin direktoru Hacı Mirnağı Adıgözəlova məxsus Əlik bələdiyyəsindəki 367 hektar yaylaq sahəsinin əkinə yararlı 300 hektarı əlindən alınıb.
Həmin sahəyə əslində Qubada yerləşən “Retro” istirahət mərkəzinin təmsilçisi olduğu deyilən İlqar adlı şəxs nəzarət edir.
Bütün işlər də Faiq adlı bir nəfərə həvalə olunub. Bələdiyyə sədri Nadir Məmmədovla mövsümi müqaviləni isə Mehrabov Ağasəlim adlı Əlik sakini imzalayıb.
Qanunvericiliyə əsasən, müqavilə yalnız şəhadətnamə alındıqdan sonra imzalana bilər, bundan sonra isə yaylaq sahəsi heç kəsə verilə bilməz. Deməli, şəhadətnamə daha üstün hüquqi sənəddir.
Bəs onda Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev hansı əsasla dövlət sənədini şübhə altına alır? Görünür, sifarişçilər onun üçün daha ciddi əhəmiyyət kəsb edirlər.
Problemdən bəhs edərkən bir hadisəni də xatırlatmaq istəyirik. M. Adıgözəlov icra başçısının qəbuluna gedərkən başına bir hadisə gəlib. Rəhbərin kabinetinə daxil olan fermer qapını açan kimi ona salam verib.
Lakin başçı salamı qəbul etməyərək acıqla Hacıdan niyə gəldiyini soruşub. M. Adıgözəlovsa Ziyəddin Əliyevə yaxınlaşaraq ona əl uzadıb. Başçı könülsüz əl uzatsa da belə cavab verib:“Salamlaşmamaq da olardı”.
Fermerin cavabı da özünü gözlətməyib: “Mən belə ailə tərbiyəsi görmüşəm...” Hə, bu da icra başçısının qəbuluna gələn vətəndaşa, özü də ağsaqqal bir insana göstərdiyi münasibət...