Ağdam sakinləri prezidentdən kömək istəyirlər... - Müraciət

 RegionXeberleri.com-a müraciət edən bir qrup Ağdam rayonu Əfətli kənd sakinləri mətbuat vasitəsi ilə prezidenti İlham Əliyev müraciət ünvanlayırlar.

"Biz mənfur erməni qonşularımızla təmas xətti altında yerləşən Əfətli kəndinin sakinləriyik. 1993-cü ildən sonra, yəni Ağdam şəhərinin və ətraf kəndlərin işğalından sonra sanki bir yarımadada, iqtisadi və sosial həyat şəraitinin aşağı olması ucbatından Əfqanıstanın sosial həyat tərzini xatırladan bir çətin vəziyyətdə yaşayırıq. Çoxlu sayda icra başçılarının dəyişdirilməsi, çoxlu sayda prezident fərmanlarının və sərəncamlarının verilməsi heç nəyi dəyişmir və heç nəyi gözləməyə ümid vermir. Kadr dəyişiklikləri də bir nəfərin başına 5 dəqiqənin içərisində 50 papaq qoyulması mənzərəsi verir. Çünki mahiyyət dəyişmir. İnsan kapitalının bir dəyər olaraq qorunması dövlət başçımız tərəfindən dövlətimiz və dövlətçiliyimiz qarşısında prioritet məsələ olaraq durması açıq şəkildə bəyan edilməsinə və Azərbaycan Respublikası vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi elan edilməsinə (Azərbaycan Respublikası Konstitusiyası:maddə 12) baxmayaraq vəziyyət dəyişmir ki, dəyişmir.
İndi məntiqli sual ortaya çıxır:-XXI əsrdə xaricilər kosmosa turist kimi getmək istədiyi bir vaxtda, biz, bünövrəsi və divarları uçub tökülən (1930-cu ildən 1960-cı ilə kimi inşa edilmiş) çiy kərpicdən və çay daşlarından tikilmiş, içərisi yayda ilanlarla dolan evlərdən necə xilas olaq?
Ehtiyat fondunda 40 milyarddan artıq pulu olan bir dövlətin, ölkənin vətəndaşlarının da evlərinin içərisinə, başına qar, yağış yağarmı?
Bizim evlərimizin yeniləri ilə əvəz olunması üçün dövlətimizə üz tutmağımızda bir günah və yaxud da qanunsuzluq edirikmi?
Cənab Prezident!
Azərbaycan Respublikasının Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin direktoru Əli Məmmədov cənabları təmas xəttindən 3 km məsafədə top və qrad qurğuları mərmilərindən ziyan çəkmiş evlərin təmiri ilə bağlı onların fəaliyyət dairəsinin məhdudlaşdırılması barədə bizə cavab məktubları göndərirlər. Bizim yaşadığımız Əfətli kəndi təmas xəttinin altında yerləşir. Düşmən tərəfindən atılan mərmilər bizim kəndimizin paralelliyindən çox-çox aşağıda dayanan Ağcabədi rayonunun Qaraxanlı kəndinə düşmüşdür. Belə çıxır ki, ermənilər tərəfindən atılan top və qrad mərmiləri 3 km-dən artıq məsafəyə getmir? Bu doğrudanmı belədir?
Cənab Prezident!
Biz inanırıq ki, “xəstə” olmayan mütəxəssislər tərəfindən (tərkibində ictimaiyyət nümayəndələrinin də iştirakları təmin olunan) yaradılmış nüfuzlu komissiya tərəfindən bizim problemlərimizin müəyyən edilməsinə və həll olunmasına köməklik etməkdən imtina etməzsiniz!
İmzalar: Ağdam rayonu Əfətli kənd sakinləri
1. Rüstəmov Esxel Qubad oğlu
2. Heydarov Çingiz Canqar oğlu
3. Zamanova Rəbiyyə Zaman qızı
4. Əhmədov Məhəddin Əhəd oğlu
5. Qarayev Fizuli Şirin oğlu
6. Qarayeva Lətafət Müzəffər qızı
7. Səmədov Namiq Böyükkişi oğlu
8. Salmanova Ofelya Calal qızı
9. Heydarov Fərhad Nadir oğlu
10. Bağırov Zahir Hüsü oğlu
11. Həsənova Nargilə Alı qızı
12. Səmədova Kifayət Rəhim qızı
13. Məmmədova Tahirə Mirbaba qızı
14. Cəfərov Ayaz Səfər oğlu"
 
Tarix: 18-02-2019, 09:27
Xəbəri paylaş





Xəbər lenti