''Zəlzələlər bir yandan, digər yandan da laqeyid münasibət belə tarixi yerlərin məhvinə səbəb olur''
- Bu istidə harada sərinlənmək olar?
- Hamamda.
- Qışın soyuğunda harada isinmək olar?
- Hamamda.
- Adam harada pak ola bilər?
- Hamamda.
Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettası əsasında çəkilən eyniadlı komediya filmindəki hamam səhnəsindən olan bu dioloqu çoxumuz əzbərdən bilirik.
1956-cı ildə Sabit Rəhmanın ssenarisi əsasında rejissor Hüseyn Seyidzadə tərəfindən ekranlaşdırılan musiqili komediyadakı replikalar zərbi-məsələ çevrilib. Bu gün də yeri gələndə, həmin sitatları işlədirik.
Filmdəki hamam səhnəsi, İçərişəhərdəki məşhur Ağa Mikayıl hamamında çəkilib. Sonra da el arasında adı eləcə “Məşədi İbad” hamamı qalıb.
Qızın iki adaxlısı var
Şamaxılılar isə düşünür ki, həmin o məşhur səhnə Şamaxının mərkəzindəki “Qala Bazar” hamamında lentə alınıb. Onları yanıldan isə “Məşədi İbad” hamamının “Qala Bazar”ına bənzəməsidir. Oxşarlıq ona görədir ki, İçərişəhərdəki hamamın təməli Şamaxı sakini Ağa Mikayılın təşəbbüsü ilə XVIII əsrdə qoyulub. O, dövrünün imkanlı adamlarından olub, Şamaxıda da bir çox hamam tikdirərək, camaatın istifadəsinə verib. İçərişəhərdəki hamam da Şamaxı memarlıq üslubunda tikilib. Buna görə də Şamaxı camaatı elə bilir ki, “O olmasın, bu olsun” filminin hamam səhnəsi “Qala Bazar”ında çəkilib.
- Məşədi, hamam xoşunuza gəldi?
- Çox yaxşı hamam idi. Ölü girsə, dirilib çıxar.
“Gözümü açandan, bu hamamdan istifadə edərdik. Xatirimdədir, hamama gündüzlər qadınlar, axşamlar isə kişilər gələrdi. Hamam mədəniyyəti qədim adət-ənənələrimizdəndir. Bura gələn insanlar hamamdan daha gözəl, sağlam, güclü və enerjili çıxırdılar. Həm paklanardılar, həm də dincələrdilər”, - Şamaxı sakini Tahir Mehdiyev Meydan TV-yə belə deyir.
Əgər mənim başımda min manatlıq papaq olaydı və onu gətirib, bu hamama atmış olaydılar, mən onun dalıyca gəlməzdim
Şamaxıda əsrlər boyu hər məhəllənin öz hamamı və məscidi olub. “Qala Bazar”ı uçulub-dağılandan sonra məhəllə camaatı hamama getmək ənənəsindən əlini birdəfəlik üzüb. Yeri gəlmişkən, hamamın təməli XIX əsrdə qoyulub. Kim tərəfindən təşəbbüs göstərilərək, inşa olunduğu isə məlum deyil. Ehtişamlı, geniş, xüsusi ornamentlərlə bəzədilərək, tikilmiş hamam təəssüf ki, yalnız 1972-ci ilə qədər təyinatına uyğun istifadə edilib. Sonrakı aqibəti isə fotolardan da göründüyü kimi çox acınacaqlıdır.
Cavan qıza bel bağladım, beş min manat pulum getdi
“Hamamla bizim evin arasında divar var. Uçulub-dağılırdı, 1992-1993-cü illərdə şəxsi vəsaitim hesabına, 7500 ABŞ dolları verib, divarı düzəltdirdim. Maraqlanan yoxdur, sökülüb-dağılır, hamam yox, xarabaxana olub. Əvvəllər ətrafı açıq idi, yan-yörəsini təmiz saxlayardıq. Gəldilər, dəmirdən hasara aldılar. İndi camaat bağlı hissəni zibilxana edib”, - Tahir Mehdiyev əlavə edir.
Heç hənanın yeridir?!
Bildirir ki, məsələ ilə bağlı yerli qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb:
“Görün, əsrlər boyu mövcud olmuş hamam ənənəsi indi necə qorunub saxlanılır. İnkişafdan danışırıq, amma tariximizə sahib çıxa bilmirik. Bu hamamı bərpa etsələr, turist axınına səbəb olar. Bunun nəyi pisdir axı? Hamamın durumu ilə bağlı aidiyyatı qurumlara məlumat vermişəm, amma heç bir nəticəsi olmayıb. Hamam uçulub-dağılır, bunlar da bəhanələr gətirirlər ki, daha vacib işlərimiz var. Baxıram, ürəyim ağrıyır. Heç olmasa, pul ayırardılar, təmir edərdilər. Şamaxının hər addımı tarixi abidədir. Zəlzələlər bir yandan, digər yandan da laqeyid münasibət belə tarixi yerlərin məhvinə səbəb olur”.
Babalı Sərvərin boynuna
“Hamamın içində yeraltı kanallar olub, tavanda isə xüsusi bacalar quraşdırılıb. Əvvəllər hamamın istixanası təzəklə, daha sonra isə mazutla qızdırılırdı. İstilik elə tənzimlənmişdi ki, həm döşəmə, həm də divarlar isinirdi. İçəridə bir neçə otaq və hovuz yerləşirdi. Yeraltı kanallarda isitmə üçün olan qızıl-mis qarışıq metalları gecəylə daşıyıb apardılar”, - deyə digər sakin Hətəm Əhmədov iddia edir:
“2013-ci ildə gəlib, hamamda qazıntı apardılar, söküb, dağıtdılar. Hamamın arxasını qazdılar, uçurtdular, sonra da o vəziyyətdə qoyub getdilər”.
Hamamın içində, içində və çölündə
Qonşuluqda yaşayan Zivər xala isə “Həmin adamlar yuxarıdan gəlmişdilər”, - deyə söyləyir:
“Heç kimi yaxına buraxmadılar. Gecə ilə hamamın içində və çölündə qazıntı apardılar, nə isə çıxarıb getdilər. Qazdıqları yer də indi dərin çala kimi qalıb. Qohum-qonşu zibilini ora tökür. Heç kimə də heç nə demək olmur. Neçə dəfə aidiyyatı qurumlara müraciət etmişik. Demişik ki, barı, icazə verin, çalanı özümüz dolduraq, sözümüz havada qalıb”.
Şairin sözünə qızılgül cavab verdi
İsmayıllı Regional Mədəniyyət idarəsinin Şamaxı rayonu üzrə rəhbəri Rafael Tağızadə Meydan TV-yə bildirir ki, “Qala Bazar” hamamına müvafiq orqanların mütəxəssisləri tərəfindən texniki baxış keçirilib. Hazırda layihə üzərində iş gedir:
“Şamaxı qədim mədəniyyət mərkəzi olmaqla yanaşı, zəngin turizm potensialına malikdir. Orada mədəni turizm abidələri həddən artıq çoxdur. Bunlardan biri də “Qala Bazar” hamamıdır. Bu hamamla bağlı layihə hazır olan kimi işə başlanılacaq. Amma oranın bərpadan sonra hamam kimi fəaliyyət göstərəcəyini deyə bilmərəm. Bilirsiniz ki, Mirzə Ələkbər Sabirin, Seyid Əzim Şirvaninin qəbirürstü abidələri bərpa olundu. Yəni bu iş sistemli şəkildə davam etdirilir. Bütün bunlar həm tarixi qorumaq, həm də turizm cəlb etmək məqsədilə həyata keçirilir”.
Yaxşı bəs, hamampulunu kim verəcək?
Rafael Tağızadə 2013-cü ildə “Qala Bazar”da aparılan və yarımçıq qoyulan qazıntı işləri ilə bağlı səsləndirilən fikirlərə də aydınlıq gətirib. Həm də bildirib ki, dövlət investisiya proqramında abidələrdə yenidənqurma işlərinin aparılması nəzərdə tutulub:
“Qazıntı işləri texniki baxışla, təmirlə bağlı idi. İş görmək istəyirdilər, yarımçıq qaldı, davamı olacaq. Tək “Qala Bazar” deyil, Şamaxıda bir neçə tarixi abidənin bərpası işləri aparılacaq. Hazırlanıb, təklif şəklində də verilib. Şamaxı ilə bağlı böyük layihələr var. Turizm turları üzərində olan abidələrimizin bərpası dövlət tərəfindən həyata keçiriləcək”.