Özü getsə də izi hələ də Şamaxıda qalan sabiq icra başçısı Asif Ağayevin yerli iş adamları ilə müxtəlif problemlərinin olması barəsində zamanında saytımızda və digər KİV-lərdə çoxsaylı məlumatlar verilib. Rayonda aparılan abadlıq-quruculuq işləri zamanı yerli iş adamlarının qüvvəsindən istifadə edən A. Ağayevin onlarla müxtəlif maliyyə problemləri olub. A. Ağayev artıq rayondan getsə də bu problemlər hələ ki, öz həllini tapmayıb və görünən odur ki, sabiq başçı buna heç cəhd də etmir.
Rubrika.az saytına müraciət edən Şamaxı rayon sakini, iş adamı Sərxan Osmanov rayonun sabiq icra başçısı Asif Ağayev tərəfindən aldadıldığını və uzun illərdir ki, ona çatacaq 70 min manatdan çox pulu ala bilmədiyini bildirir.
Xatırladaq ki, S. Osmanov icra başçısı üçün inşa edilən şəxsi evin tikintisinə və Dəmirçi kəndində görülən işlərə rəhbərlik edib. İşlərin artıq çoxdandır yekunlaşmasına baxmayaraq materialların pullarının və fəhlələrin əmək haqlarının Asif Ağayev tərəfindən verilmədiyini bildirən Sərxan çətin vəziyyətə düşdüyünü,sabiq icra başçısının isə onun qanuni tələblərinə məhəl qoymadığını açıqlayır və məcburiyyətdən həmin fəhlələrin zəhmət haqlarını şəxsən özü tərəfindən ödədiyini bildirir.
S. Osmanov bildirir ki, Asif Ağayev üçün inşa edilən şəxsi evin bütün tikinti işlərini görüblər. Evin tikintisinə ümumilikdə 195 min manat vəsait xərclənib. A. Ağayev tərəfindən pulun müəyyən hissəsi ödənilsə də qalan çox hissəsi ödənilməyib.
Sərxan Osmanov bildirir ki, sabiq icra başçısı üçün inşa edilən evdə müvəqqəti istifadə etmək üçün öz adına sənədləşdirilən şəxsi elektrik sayğacını quraşdırıb. Sonradan isə özünün xəbəri olmadan həmin sayğac A. Ağayevin həyat yoldaşının adına sənədləşdirilib. Beləliklə vətəndaşın iştirakı olmadan adına sənədləşdirilən elekterik sayğacı bir başqasının adına keçirilib. Göründüyü kimi vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sərxan Osmanova məxsus sayğacı da özününküləşdirən sabiq icra başçısı onu hətta işıqsız da qoymağa cəhd edib.
Şikayətçi bu barədə media vasitəsilə “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayevə müraciət etdiyini, baş vermiş qanun pozuntuları ilə bağlı təcili tədbirlər görülməsini iddia edir.
S. Osmanov bildirir ki, tikinti işlərinin aparılması zamanı çəkilən bütün xərcləri şəxsi vəsaiti hesabına ödəyib. Amma, rayonun rəhbəri olan şəxs isə sonradan onun pulunu qaytarmaqdan imtina edib.
Bildirək ki, 2018-ci ildə saytımızın məsələyə müdaxiləsindən sonra rayonun sabiq icra başçısı tərəfindən Sərxana otuz beş min manat ödənilsə də məbləğin qalan hissəsi ödənilmir.
İş adamı bildirir ki, həmin pulun çox hissəsi tikinti işlərində çalışan ustaların, fəhlələrin, eləcə də alınmış materialların puludur. Asif Ağayev prezidentin səfərindən sonra bütün borcun ödəniləcəyini bildirsə də, indi müxtəlif bəhanələrlə iş adamını get-gələ salıb. Tikintidə işləyən onlarla ustanın, fəhlənin halal çörək pulu aylardır ki, ödənilmirdi. Hətta bu barədə bir neçə fəhlə bu barədə 102 xidmətinə müraciət edir, sabiq başçı tərəfindən aldadıldığını bildirir. Sabiq başçı isə həmin vaxt Sərxandan həmin problemləri həll etməyi xahiş edir və gələcəkdə onun pulunu tam şəkildə ödəyəcəyini söz verir. Lakin göründüyü kimi, sabiq başçının sözü "söz" olaraq qalır. Eləcə də tikintini materialla təmin edən şirkətlər də öz pullarını tələb edirlər. Eyni zamanda şikayətçi iş materiallarının sabiq icra başçısı Sabirabad rayonunda yerləşən tikinti mağazasının inşasında istifadə olunmasını iddia edir.
Beləcə artıq neçə illərdir ki, fəhlələrin, ustaların alın təri ilə qazandıqları halal çörək pulları Sərxan Osmanov tərəfindən ödənilsə də A.Ağayev tərəfindən verilmir. Özünə ev tikən, amma elə bünövrəsindəcə haram qatan A.Ağayevin bu hərəkətlərinə nə ad vermək olar? Mühüm dövlət vəzifəsində əyləşən birisinin belə hərəkət etməsi yolverilməzdir.
Hələ A.Ağayevin Şamaxıda icra başçısı olarkən Prezident Administrasiyasında işləyən məsul şəxslərdən birinə qonşuluğunda torpaq sahəsi də hədiyyə etdiyi məlumdur. Görəsən belə əlaqələr, vəzifənin verdiyi status kiminsə halal haqqını mənimsəməyə əsas verirmi?
Tarix: 20-02-2019, 09:57