Saatlıya başçı heç də uzaqdan gəlməyib... - Amma sakinlər onunla ünsiyyətə keçə bilmir

 Bir neçə ay əvvəl Sabirabad RİH başçısı postundan Saatlı rayonun rəhbərliyinə gətirilən Nazim İsmayılov deyəsən, hələ təzə vəzifəsinə adaptasiya ola bilməyib. Əgər belə olmasaydı, bu gün Saatlı camaatı dərdini söyləməyə bir ünvan tapardı. DİA.AZ bildirir ki, hər halda görünəni odur ki, heç də uzaqdan gəlməyən, Saatlının lap qonşuluğundan rəhbər gətirilən Nazim İsmayılovla yerli sakinlər arasında ünsiyyət məsələsi ciddi problemə çevrilib. Ona görə də istənilən bir narazılıqla bağlı yerli sakinlər Prezidentə şikayətlənirlər.

Saatlı rayonunun Əliabad kəndinin sakini Yusif Ağayevin sözlərinə görə, həm Əliabad, həm də qonşu Məmmədabad kəndlərində istər içməli, istərsə də suvarma suyu qəhətə çəkilib:

“Nəinki əkinə verməyə, hətta əl-üz yumağa da su tapmaq olmur. Həyətlərimizdə ağaclar yanır. Arxlarda su olmadığından quyular da quruyub, “kaçalka”lar su çıxara bilmir. Məcbur olub içmək, məişətdə istifadə etmək üçün suyu maşınla gətirdib, çənlərimizə boşaltdırırıq. Hər həftə bir maşın suya görə, 10 manat ödəyirik.”

DİA.AZ bildirir ki, Y. Ağayevin deməsinə görə, bu iki kənddə yaşayan əhali bu il daha çox pambıq əkib. Onun vurğulamasına görə, düşünüblər ki, bəlkə su əldə edə bilələr:

“Amma pambıq da üz ağartmadı. Susuzluqdan kolları quruyub, gülü erkən tökülüb. İmkanı olanlar nasoslarla şor kollektorlardan, qobulardan çirkli su çəkib sahələrinə axıdırlar. Camaat bilmir nə yolla əkinlərini xilas etsin. Axı bunun arxasında xərc, əziyyət və qışın dolanışığı dayanır…”

Sakinlər problemlərinin Prezidentə çatdrılmasını xahiş edirlər. 
Tarix: 19-08-2019, 09:56
Xəbəri paylaş





Xəbər lenti