Şabranda inkişaf üçün hər cür zəmin var... BAŞÇI YOXDUR! - GİLEY

 Bakıdan cəmi 1 saatlıq məsafədə yerləşən Şabran (keçmiş Dəvəçi - E.S.) rayonuna həftəsonu səfərimizdə böyük bir nöqsan diqqətimizi çəkdi. Yolboyu müşahidə etdik ki, bir yerdə belə Şabran sözü yazılmayıb. Əgər yolu tanımayan biri olsa ölkənin hansı tərəfinə getdiyini, bu rayonu necə tapacağını müəyyən edə bilməz. Təsəvvür edin ki, bir rus və ya avropalı turist avtomobillə Şabrana gəzməyə gedir və 120 kilometrlik yoldakı yol nişanlarında bir dəfə də rayonun adına rastlamır...

***

Şimal zonasına gedən istiqamətdə Siyəzən, Xızı, Xaçmaz, Gəndob, Quba, Qusar yazılan lövhələrlə qarşılaşacaqsınız, yalnız Şabran adı görməyəcəksiniz. Yalnız rayona çathaçatda, bir addımlığında işarə verir ki, Xaçmaza yox, Şabrana dönün.

İşin ən pis tərəfi isə Şabrana elə bir döngə qoyulub ki, yüksək sürətlə hərəkət edən avtomobil qəfil dönüş etməli olur, bu zaman qəza riski yaranır, sürəti tormozlamaq çətinləşir.

Yəni yaxşı olardı döngə ilə bağlı xəbərdarlıq daha uzaqdan qoyulsun və sürücü avtomobili Şabranın girişinə dönənə qədər nizamlamaq imkanında olsun.

Şabranda olarkən söhbətləşdiyimiz yerli sakinlər də jurnalist olduğumuzu öyrənəndə xahiş elədilər ki, bu xırda görünən məsələni müvafiq strukturların nəzərinə çatdıraq. Onların sözlərinə görə, həm Şabrana döngə sürət həddi hesablanaraq qoyulsun, həm də rayonun adı yol boyu bir-iki lövhədə göstərilsin. Sürücülər xatırladırlar ki, eyni problem yeni Ələt-Astara yolunda varıydı. Bakıdan Astaraya qədər heç bir lövhədə Yardımlının adına rast gəlinmirdi.

Bu yaxınlarda məsələ həllini tapıb və Yardımlıya gedən sürücü bilir ki, hansı istiqamətdən dönmək, Masallıya daxil olub bu rayona getmək lazımdır. Sanki Azərbaycan ərazisində belə bir rayon yoxdur və xəritədən silinib.

Ona görə də camaat Şabrana ayrı-seçkilik qoyulmamasını nəzərə almağı diqqətə çatdırır. Sakinlər deyirlər ki, Şabranın əvvəlki adı Dəvəçi lövhələrdə olub. Rayonun adı rəsmi şəkildə dəyişdikdən sonra yollarda lövhələrə düzəliş olunmayıb.

“Siyəzəndən sonra bizim rayon gəlir. Amma adı heç yerdə yazılmayıb. Elə bil ki, Şabran olmayıb, ya da üzərindən hoppanıb gedirsən. Bizim bölgə respublikaya tanınmış xadimlər yetişdirib. Tofiq Quliyev kimi görkəmli bəstəkar bu rayondan çıxıb. Ona görə bu texniki problemi aradan qaldırmaq elə də çətin iş deyil, xahiş edirik ki, müraciətimiz eşidilsin”, - deyə Şabran sakini Adil Əzizov bildirir.

*** 

Rayonun mərkəzinə daxil olduqdan sonra içəridəki problemlərlə də tanış oluruq. Şabranda heç bir yenidənqurma işləri aparılmayıb. Təkcə bəzi küçələrin yollarına əl gəzdirilib. 10 il qabaq, 2009-cu ildə gördüyüm Şabrandan heç nə dəyişməyib. Hətta kosmetik də olsa bəzi abadlıq işləri həyata keçirilə bilərdi. Lakin bu müddətdə sabiq başçı Novruz Novruzov əlini ağdan qaraya vurmayıb. Onun Siyəzənə icra başçısı getməsi, yerinə Siyəzəndən həmkarı Asif Hüseynovun təyin olunması da ciddi dəyişikliyə səbəb olmayıb.

Sakinlər deyirlər ki, parklar, küçələr zülmətdir, axşamlar qaranlıq olur. Onların dediyinə görə, İH-nin Şabran Şəhər İcra Nümayəndəliyi tərəfindən elan olunan tenderlərdə “Toğrul-2011" MMC qalib olub.

Adıçəkilən şirkət 2011-ci ildə təmir işlərinin satın alınması ilə bağlı 34 872 manatlıq, 2012-ci ildə Şabranda işıqlandırma sisteminin təmir işlərinin satın alınması ilə bağlı 37 153 manatlıq, 2013-cü ildə yenidən Şabranda işıqlandırma işlərinin satınalınması ilə bağlı 37 040 manatlıq, 2014-cü ildə Şabranın abadlaşdırılması üçün bəzək ağacları və gül kollarının satın alınması ilə bağlı 14 935 manatlıq, 2015-ci ildə isə yenidən Şabranda işıqlandırma işləri ilə bağlı 34 928 manatlıq müsabiqələrin qalibidir. Camaat şikayətlənir ki, nə kəramətdirsə, həmin 5 il ərzində bir rayonun işıqlandırılması həyata keçirilməyib, Şabran hələ də qaranlıqdadır.

Onlar danışır ki, keçmiş başçı N.Novruzovun vaxtında qədim məzarlığın bir hissəsi satılıb, Şəhidlər Xiyabanının bir tərəfi fərdi yaşayış evlərinin tikintisinə yönəldilib.

“Bizim rayona baxılmır. Rayonun heç olmasa girişini abadlaşdırmaq, əzəmətli düzəltdirmək olardı, qoy qonaqlar gələndə yaxşı görünsün. Məsələn, Xaçmaz, Quba Şabrandan daha çox inkişaf edib. Bizdə küçələr, parklar pis gündə, işıqlanma yox, təzəlikcə bir-iki küçə asfaltlanıb, qalanları bərbad vəziyyətdədir. Yəni Şabranda əsaslı yenidənqurmaya ehtiyac var” - deyə, rayon sakini Vasif söyləyir.

Onun dediyinə görə, Nizami, Füzuli, Vasif Adıgözəlov küçələri bərbad gündədir, qışda adamlar palçığa batır.

Bundan başqa, antisanitariyadır, təmizliyə riayət edilmir, zibil qutuları azdır, zibil dağlarına tez-tez rast gəlmək olur, vaxtında götürülmür.

***

Şabranda onu da öyrənirik ki, Əmbil gölünə yol çəkiblər. Bu da əhalidə narazılıq yaradıb. Çünki bir qrup oliqarx Əmbil gölünə gedən meşəliyi qırdırıb yol açıb.

Burada hotel, istirahət mərkəzi olacağı deyilir. Sakinlər isə ekoloji cəhətdən zərər vurulması kimi qiymətləndirirlər: “Ümumiyyətlə, Əmbil gölünə insan ayağı asanlıqla dəyəcəksə, ərazi zibilxanaya çevriləcək, ekoloji sistem pozulacaq. Bu ərazidən axan, təbii mənbəyini dağlardan, əsas da bulaq sularından götürən Zeyvə çayı çirklənəcək. Bu çayın üzərindəki meşə zolağını qırıblar. Bu da çayda buxarlanmaya səbəb olur. Çayın üzərindəki Zeyvə, Kilvar, Pirəmsən, Ərəblər kəndlərində çoxsaylı şəxsi təsərrüfatlar var. Amma bir neçə ildir çay Zeyvə kəndinin aşağı hissəsinə yay aylarında güclə çatır”.
“Yeni Müsavat”
 
Tarix: 20-08-2019, 10:46
Xəbəri paylaş





Xəbər lenti