"Qırmızı kitab"a düşən çinar kabusa çevrilib - FOTO



 Şəkidə baş verən məlum hadisədən sonra uca ağacların təhlükəsi barədə insanlar daha çox düşünməyə başlayıblar. Hər dəfə külək güclənəndə onunla bərabər stres də artır. Bu günlərdə havaların qeyri-sabit keçməsi, xüsusən də güclü küləklər iri gövdəli ağacların təhlükəsini bir az da aktuallaşdırdı.

Yüz illərin yadigarları olan çinarları Bərdənin bir çox yerlərində görmək olar. Bərdə Rayon Məhkəməsinin qarşısındakı çinarın təxminən 400 il yaşı var. Ona yaxın ərazidə daha bir neçə belə çinar bitib. Bu günlərdə onlardan biri içəridən çürüdüyündən öz-özünə alışıb. Texnikanın köməyi ilə çinar ağacı kəsilərək ərazidən götürülüb.

Bərdə Rayon Məhkəməsinin qarşısındakı çinar ağacı
© SPUTNİK / MUSA MURADLİ
Bərdə Rayon Məhkəməsinin qarşısındakı çinar ağacı

Oxşar təhlükəni məhkəmə binasının yaxınlığındakı 4-5 evin sakinləri öz həyətlərindəki çinardan gözləyirlər. Şuşa şəhərindən məcburi köçkün olan Tofiq Əliyev onlara məxsus həyətdəki ağacı təhlükə mənbəyi adlandırıb: "Buraya gələndən xeyli ağac əkmişik. Yaşıllığa heç kim qənim kəsilə bilməz. Ulu öndərimizin bir kəlamı var: ağac kəsiləndə elə bilirəm, qolumu itirirəm. Bu sözdən sonra heç kim yaşıllığa qıymaz. Ancaq həyətimizdəki çinar ağacı 4 ailənin həyatı üçün təhlükə yaradır".

"Bəlkə də, bu evlər ağacdan əvvəl tikilib. Ya əksinə olub. İndi bu haqda mübahisə etməyin yeri deyil. Əsas odur ki, 4 ailənin 20-yə qədər üzvünün həyatı üçün təhlükə var. Əgər ağacı saxlayıb, evi söküb, başqa yerdə tikmək lazımdırsa, ona da razıyıq. Anamın 107 yaşı var. Əvvəllər onu açıq havaya çıxarardıq. İndi qorxudan evdə də sakit ola bilmir. Həyəcan keçirir. Deyir, bala, yaşım çox olsa da, can şirindir. Mənim yaşıma gələndə görəcəksiniz ki, insan yaşamaq istəyir. Yaşamaq gözəldir", - deyə T.Əliyev Sputnik Azərbaycan-ın müxbiri ilə söhbətində bildirib.

107 yaşlı Gülgəz Əliyeva
© SPUTNİK / MUSA MURADLİ
107 yaşlı Gülgəz Əliyeva

Tofiqin anası, 107 yaşlı Gülgəz Əliyeva oğlunun sözünə qüvvət verir: "Çox qorxuram. Gecə sabaha qədər narahat oluram. Nəvələrimin taleyi xüsusilə məni narahat edir".

T.Əliyevin dediyinə görə, təhlükə yaradan şərq çinarı "Qırmızı kitab"a düşüb. Ağac dibindən pambıq kimi lopalanır: "Əlini atırsan, pambıq kimi ovxalanır. Ona görə də istəyirik ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyindən gəlib, baxıb rəy versinlər. Beş ildir ki, günü-gündən ağac içindən çürüyür. İndi demək olar ki, dairəvi olaraq yerdən əlaqəsi üzülür".

O, ağacın götürülməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etdiklərini bildirib. Nazirlikdən isə ağacın budanması tövsiyə olunub, kəsilməsinə icazə verilməyib.

Həyətin digər sakini Bəxtiyar Kərimov ağacın hər an yıxıla biləcəyini deyir. O, sözlərini təsdiq etmək üçün açıq oyuğu göstərir. Boyu 1,75 m olan adamın boyuna bərabərdir oyuq. Ağacın həm "qapı"sının, həm də "pəncərə"sinin olduğunu deyən B.Kərimov ailəsi üçün əndişəlidir: "Allah göstərməsin, ağac hər an evimizin üzərinə düşə bilər. Ailəmizin müqəddəratı təhlükə altındadır. Uşaq, körpə, hamımız laqeydliyin qurbanı ola bilərik. Ağacı heç kim kəsmək istəməz. Amma o, artıq həyatımız üçün təhlükəyə çevrilib. Dibindən ovulub, məhv olub gedir. Buna görə tədbir görülməlidir. Uzunömürlü olmağı, "Qırmızı kitab"a düşməyi ağacı bizim həyatımızdan qiymətli edə bilməz. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri ağacı götürmək istəmirlərsə, onda bizi köçürsünlər. Axır ki, bizim təhlükəsizliyimizi təmin etsinlər".

Bərdə Rayon Məhkəməsinin qarşısındakı çinar ağacının təxminən 400 yaşı var
© SPUTNİK / MUSA MURADLİ
Bərdə Rayon Məhkəməsinin qarşısındakı çinar ağacının təxminən 400 yaşı var

Mehman Rüstəmov isə bildirib ki, ev onlara babasından qalıb. Əvvəllər onlar burada rahat yaşasalar da, indi səksəkə içərisindədirlər: "Ailədə yeddi nəfərik. Həyat yoldaşım dializ xəstəsidir. Gələn deyir ki, bu ağacın 300 yaşı var, 500 deyən də var. "Qırmızı kitab"a düşüb. Ancaq bilməlidirlər ki, ağacın kökü ovulub, gedib. Ağacdan əsər-əlamət qalmayıb. Külək əsəndə evin içində yata bilmirik. Hamı çıxıb, aralıda durmağa çalışır. Gecələr də məcbur olub, təhlükəli olsa da, evimizdə qalırıq".

9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən əldə etdiyimiz məlumata görə, Ekologiya Nazirliyinin bir qrup mütəxəssisi sakinləri narahat edən təhlükə ilə bağlı şərq çinarına baxış keçirib. Bu ağacın sakinlərin həyatı üçün yaratdığı təhlükə təsdiqini tapıb. Yaxın vaxtlarda çinarın götürülməsi barədə rəy veriləcək.



Tarix: 21-08-2019, 15:49
Xəbəri paylaş





Xəbər lenti