1993-cü ildə Azərbaycan ərazilərinin Ermənistan ordusu tərəfindən işğalını təsdiqləyən və qeyd-şərtsiz azad olunmasını tələb edən BMT bir-birinin ardınca Azərbaycana qarşı təxribatçı əməllərə yol verir. Belə ki, Azərbaycan ərazisində separatçılar tərəfindən qurulan qondarma “artsax respublikası”nın adından hazırlanan sənəd BMT-nin rəsmi veb-səhifəsində yerləşdirilib.
Ermənistanın BMT yanındakı daimi nümayəndəliyinin rəhbəri Mqer Marqaryan tərəfindən qurumun baş katibinə təqdim olunan və daha sonra da rəsmi veb-səhifədə yerləşdirilən memoranduma əlavəyə (“non paper”) Dağlıq Qarabağ bölgəsindəki separatçı rejimin hazırladığı “2030-cu ilə kimi inkişaf planı” daxil edilib. Sənəd BMT-nin irəli sürdüyü və 2030-cu ilədək nəzərdə tutulan Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi barədə “artsax respublikası”nın hesabatı adlanır.
Yeniavaz.com bildirib ki, BMT-nin rəsmi veb-səhifəsində yerləşdirilən bu sənəddə Azərbaycan əleyhinə olduqca ağır ittihamlara yer verilib. Sənəddə Azərbaycanın “artsax respublikası”na hücum etməsi, onun inkişafına mane olması qeyd olunur. Daha sonra qeyd olunur ki, Azərbaycanın təhdidlərinə və təcavüzünə baxmayaraq “artsax respublikası” BMT-nin irəli sürdüyü Minilliyin İnkişaf Məqsədlərini həyata keçirməyə çalışır.
Məlumat üçün bildirək ki, bu hesabat qondarma “respublika” adından BMT-nin rəsmi səhifəsinə yerləşdirilən ilk sənəd deyil. Daha əvvəl də Ermənistanın BMT yanındakı daimi nümayəndəliyinin rəhbəri Mqer Marqaryan “artsax respublikası” adından hazırlanan sənədi Baş katibə təqdim edib və həmin sənəd də rəsmi veb-səhifədə yerləşdirilib. 2018-ci ilin dekabr ayında qondarma qurumun “xarici işlər nazirliyi” tərəfindən hazırlandığı qeyd olunan və BMT rəsmi veb-səhifədə yerləşdirilən sənəddə iddia olunurdu ki, Azərbaycan 1991-ci ildə “artsax respublikası”na hücum edərək insanları girov götürüb. Guya Azərbaycan hakimiyyəti 640 dinc sakini qanunsuz həbs edib, onlardan 31 nəfərinə işgəncələr verilib və s.
Onu da bildirək ki, heç bir rəsmi mahiyyəti olmayan bu sənədlərdən diplomatlar yalnız təbliğat vasitəsi kimi istifadə edirlər. Təəssüflə qeyd etmək lazımdır ki, BMT kimi nüfuzlu bir qurumun rəsmi veb-səhifədə “artsax” “müstəqil dövlət” kimi təqdim edib.
Məsələ ilə bağlı XİN-in mətbuat xidmətindən verilən açıqlamada bildirilir ki, Ermənistan BMT-də üzvlük haqqından sui-istifadə edərək BMT-dəki nümayəndəsinin baş katibə ünvanlandığı məktubunun əlavəsi qismində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərdəki qanunsuz separatçı rejimin kağızını yayıb: “Ermənistan tərəfindən BMT, eləcə də ATƏT çərçivəsində qanunsuz separatçı rejimin kağızlarını yaymaq təcrübəsindən istifadə olunur, lakin bu heç bir halda bu təşkilatların mövqeyini əks etdirmir. Ermənistan tərəfinin BMT çərçivəsində növbəti təxribatına cavab olaraq ölkəmizin BMT yanında Nümayəndəliyinin BMT Baş katibinə etiraz məktubu ünvanlanıb və məktubumuz bugünlərdə BMT Baş Assambleyasının və Təhlükəsizlik Şurasının rəsmi sənədi kimi dərc olunacaq”.
Məlumatda bildirilir ki, icmal qondarma “DQR”in “xarici işlər nazirliyi”nin təşəbbüsü ilə hazırlanıb və qondarma respublikanın “Davamlı İnkişaf üzrə Milli Şurası” tərəfindən təsdiqlənib. Ermənistanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən təqdim olunmuş sənəd BMT-nin rəsmi saytında yerləşdirilib. Əlavə edək ki, bu “sənəd” Ermənistan mediasında manşetlərdən verilib və təbliğat üçün istifadə olunub. Xüsusilə də Nikol Paşinyanın Xankəndində səsləndirdiyi sərsəm bəyanatdan sonraya təsadüf edən bu məsələ “uğur” kimi cəmiyyətə sırınır.
Onu da qeyd edək ki, bu ilin aprelində də analoji hadisə baş vermişdi. O zaman Ermənistan öz illik hesabatı ilə yanaşı, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma rejimin hesabatını BMT-nin İnsan Hüquqları Şurasına təqdim etmişdi və bu sənədlər BMT-nin rəsmi səhifəsində yayımlanmışdı. Məsələ Azərbaycan parlamentində də kəskin etirazlara səbəb olmuşdu.
Milli Məclisin plenar iclasında deputat Azay Quliyev məsələni gündəmə gətirərək demişdi ki, BMT İnsan Hüquqları Şurası öz səlahiyyətindən kənara çıxıb. “Hesabat 6 dildə yayılıb. BMT bu dəfə Ermənistanın təxribatına şərait yaradıb. BMT indiyə qədər bu cür qanunsuzluğa yol verməyib. Hətta hesabat ”Artsax" adı ilə yerləşdirilib. Azərbaycanın BMT-dəki nümayəndəliyi buna etiraz etməli və hesabat BMT-nin saytından çıxarılmalıdır" - A.Quliyev bəyan etmişdi.
Daha sonra Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi tərəfindən BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının İnsan Hüquqları Müqavilələri Bölməsinin rəhbəri ilə görüş keçirildi və Ermənistanın Cenevrədəki Daimi Nümayəndəliyi tərəfindən göndərilmiş sənədə əlavə olunmuş kağızların heç bir hüquqi əsasının olmadığı və belə cəhdlərin qəbuledilməz olduğu barədə etiraz bildirildi. Ancaq istənilən halda, Azərbaycan ərazilərinin işğalının davamına biganə qalan BMT-nin separatçılara bu şəkildə meydan verməsi anlaşılan deyil. Hər halda, postsovet məkanındakı digər separatçılarla bağlı analoji hadisənin baş verməməsi qurumun ikili standartlarından xəbər verir. O zaman sərgilənən etirazlara rəğmən BMT növbəti dəfə beynəlxalq hüququ pozmaqdadır.
QAT sədri Akif Nağı “Yeni Müsavat”a dedi ki, bu hadisəyə artıq heç bir bəraət, izahat yoxdur: “Ermənilər bütün kartlarını açıb niyyətlərini gizlətmirlər. Azərbaycan bəyanat verməklə kifayətlənməməli, danışıqlardan dərhal çıxmalı, BMT qarşısında sərt tələb qoymalı, Ermənistanın işğalçı dövlət kimi tanınmasını tələb etməlidir. Əks halda, Qarabağın azadlığı uğrunda müharibəyə başlamalıdır!” QAT sədri dedi ki, təşkilat BMT-nin Bakı Ofisi qarşısında etiraz aksiyaları da keçirə bilər: “BMT ofisi qarşısında aksiyamız ola bilər . Ümumiyyətlə, Qarabağla bağlı aksiyalarımız gündəmdədir”.
XİN-in mətbuat katibi Leyla Abdullayeva “Yeni Müsavat”a bildirdi ki, Ermənistan BMT-də üzvlük haqqından sui-istifadə edərək BMT-dəki nümayəndəsinin baş katibə ünvanlandığı məktubunun əlavəsi qismində Azərbaycanın hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərdəki qanunsuz separatçı rejimin kağızını yayıb: “Xatırladım ki, Ermənistan tərəfindən BMT, eləcə də ATƏT çərçivəsində qanunsuz separatçı rejimin kağızlarını yaymaq təcrübəsindən istifadə olunur, lakin bu, heç bir halda həmin təşkilatların mövqeyini əks etdirmir. Ermənistan tərəfinin BMT çərçivəsində növbəti təxribatına cavab olaraq ölkəmizin BMT yanında Nümayəndəliyinin BMT Baş katibinə etiraz məktubu ünvanlanıb və məktubumuz BMT Baş Assambleyası və Təhlükəsizlik Şurasının sənədi kimi dərc olunub”.
BMT və digər beynəlxalq qurumların ikili standartlarından, həmçinin işğalçıya qarşı təsirsiz tədbirlər görməməsindən istifadə edən işğalçı Ermənistanın son davranışları savaşı qaçılmaz edib. Nikol Paşinyanın Xankəndindəki “miatsum” sayıqlamasına hətta həmsədrlər tərəfindən cavab verilməməsi Bakı üçün ayrı yol qoymur. Üstəlik, BMT-yə məxsus saytda qondarma rejimə özünü ifadə imkanının yaradılması işğalı stimullaşdıran haldır. Qarabağda müxtəlif sosial layihələr həyata keçirən Ermənistanın rəhbərliyi hər bir addımı ilə savaşı tətikləyən həyasızlıqlara imza atırlar.
“Dağlıq Qarabağ münaqişəsinin həlli yeni siyasi və hərbi müstəviyə keçməlidir. Vaxt çatıb ki, xalqımız bütün dünya ictimaiyyəti qarşısında vahid mövqe ortalığa qoysun”.
Bu barədə publika.az-a açıqlamasında Şimali Qafqaz üzrə ekspert Müqəddəs Mehdiyev deyib. Ekspert təklif edir ki, payızda Böyük Xalq Qurultayı çağırılsın: “Bunu Qarabağ qurultayı da adlandıra bilərik. Bu, çox vacibdir. Uzun illərdir ki, regionda qeyri-sabitlik yaradan Qarabağ münaqişəsinin həlli variantları müxtəlif siyasi platformalarda müzakirələrə çıxarılır. ATƏT-in Minsk Qrupu münaqişənin dondurulmuş halda saxlanmasında maraqlı görünür. Belə vəziyyət Ermənistana daha çox sərf edir. Təəccüblüsü budur ki, ATƏT-in Minsk Qrupuna daxil olan dövlətlərin rəhbərləri problemin həllində azacıq irəliləyiş və yaxud gərginlik yaranan kimi məsuliyyəti hər iki tərəfin liderlərinin üzərinə qoyurlar. Yəni Azərbaycan və Ermənistan prezidentləri danışıb razılığa gəlsinlər. Əslində indi ATƏT-in Minsk Qrupu həmsədrlərinin xarici işlər nazirlərinin və yaxud prezidentlərin görüşlərini təşkil etməkdən başqa heç bir işi yoxdur. Belə təmaslar isə hər hansı bir dövlət başçısının və ya elə münaqişə tərəfləri liderlərinin təşəbbüsü ilə də həyata keçirilə bilər. Son vaxtlar Ermənistan prezidentinin səsləndirdiyi bəyanatlar münaqişəni qorxulu müstəviyə keçirə bilər. Belə olan halda, görəsən, ATƏT-in Minsk Qrupu öz vəzifəsini necə yerinə yetirəcək? Görünən budur ki, Nikol Paşinyan Dağlıq Qarabağı Ermənistan ərazisi hesab etməklə münaqişənin həllini birbaşa Rusiyanın nəzarətinə keçirmək istəyir. Bu vəziyyətdə Azərbaycan şimal qonşusu ilə üz-üzə qalır. Həmin variantda Dağlıq Qarabağ ”əhalisinin" təhlükəsizliyini KTMT-yə üzv olan dövlətlər qorumalıdır. Belə halda təşkilatın sülhməramlıları bölgəyə yeridilə bilər. Çox qorxulu variantdır, Azərbaycana ərazi itkisindən başqa heç nə vəd etmir".
M.Mehdiyev hesab edir ki, biz qətiyyətli addım atmalıyıq: “Bunun üçün Azərbaycan cəmiyyətinin bütün aparıcı siyasi qüvvələri və ayrı-ayrı icmaların təmsilçiləri məsuliyyəti birlikdə öz üzərlərinə götürməlidirlər. Təklif edirəm ki, bu ilin payızında Azərbaycanda Böyük Xalq Qurultayı (Qarabağ Qurultayı da adlandırıla bilər) çağırılsın. Tədbirdə ölkə prezidenti, Təhlükəsizlik Şurasının üzvləri, millət vəkilləri, iqtidarda və müxalifətdə olmasından asılı olmayaraq bütün milli siyasi qüvvələr, QHT rəhbərləri və vətəndaş cəmiyyətinin fəalları, Qarabağ icmasının və regionların nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirliklərinin və beynəlxalq təşkilatların təmsilçiləri, elm və mədəniyyət xadimləri iştirak etməlidirlər. Qurultayda hər bir kəs yalnız Dağlıq Qarabağ probleminin həlli ilə əlaqədar təkliflərini verməlidir. Yekun qərar Azərbaycan xalqının iradəsi kimi qəbul olunmalıdır. Bundan sonra münaqişənin həlli istiqamətində vahid siyasi və hərbi mövqe əsas götürüləcək. Digər tərəfdən, qurultay Dağlıq Qarabağ problemindən daxildə siyasi mübarizə predmeti kimi istifadəyə son qoyacaq”.
Belə bir vəziyyətdə danışıqların növbəti raundunun təşkili ilə bağlı fikirlərin səslənməsi isə əcaibdir. Ən absurdu isə İrəvandan verilən “Danışıqlara hazırıq, dinc danışıqların alternativi yoxdur” kimi növbətçi bəyanatlardır. Ermənilər hər zaman olduğu kimi, özlərini “sülh göyərçinləri” kimi göstərib, işğalı leqallaşdırmağa çalışırlar. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin zibil qutusuna atılması halında bu, heç də qəribə görünmür. O BMT-nin ki, onun qətnamələrinə tüpürən işğalçıya saytında yer ayırır... Hələlik rəsmi Bakının etirazına nə BMT-nin Baş Ofisindən, nə də Bakı Ofisindən cavab reaksiyası gəlməyib...
Elşad PAŞASOY