Vaxtilə İsmayıllıda torpaq talayanlar bu gün də meydan sulamaq istəyirlər

           
Vaxtilə İsmayıllıda torpaq talayanlar bu gün də meydan sulamaq istəyirlər
Oxuculara yaxşı məlumdur ki, ara sıra yolum doğulduğum, bütün varlığımla heyranı olduğum, maddi nemətləri ilə böyüyüb yaşa dolduğum İsmayıllıya düşür. Sağ olsun rayon rəhbərliyi. Hər gəlişimdə qəlbən sevinməyə onun yaratdığı imkanın şahidi oluram. Minnətdar oluram ölkə rəhbərinə ki, İsmayıllının inkişafını daim diqqətdə saxlayır. Təşəkkür edirəm rayon icra hakimiyyətinin rəhbərliyinə ki, cənab Prezidentin Sərəncam, göstəriş və tapşırıqlarını məsuliyyətlə yerinə yetirir.
Təəssüf ki, budəfəki gəlişimdə qanqaraldıcı bir halla rastlaşdım. Belə hərəkətin özünü azərbaycanlı hesab edən insan tərəfindən edildiyinə mat qaldım.
Nədən mənim qanım qaraldı? Dövlət başçısı 25 avqust 2018-ci il tarixdə “Günəşli” yaşayış massivində yeni xalça fabrikində toxucularla görüşü zamanı xanımlar uşaq bağçası tikintisini xahiş etmişdilər. Bu xahiş tezliklə Prezident Sərəncamı ilə rəsmiləşdi – 100 yerlik uşaq bağçası-körpələr evi tikmək qərara alındı.
Əvvəlcə onu qeyd edim ki, 2013-cü ilə qədər ( o zamanda torpaq şöbəsinin müdiri Rövşən Behbudov idi) İsmayıllı torpaqları bir çox rəhbər işçi və imkanlı adamlar arasında dədə malı kimi bölüşdürülmüşdü. Dövlət və xalq maraqlarından irəli gələn hər hansı bir obyektin tikintisi üçün yer qalmamışdı. Xalça fabrikinə yaxın yerdə - Vahab Osmanov küçəsində yeni uşaq bağçası üçün yer ayrılanda icraçılar torpaq talançılığı ilə rastlaşdılar. 2013-cü ilə qədər Rövşən Behbudov həmin ərazini “sponsoru” ilə birgə paylamışdı. Bir pay da qardaşının adına özü üçün götürmüşdü. Bağça tikintisi başlayanda R.Behbudovun atası Xəlil Behbudovdan başqa hamı körpələrimizin, işgüzar anaların xatirinə o yerdən əl çəkdilər. Əslində buna onların ehtiyacı da yox idi. Çox yerdə əkin, dükan, ev yeri məngirləmişdilər. Yenə də sağ olsunlar ki, sonda güzəştlərinin əhəmiyyətini başa düşdülər. Yeganə Xəlil Behbudov oldu ki, “mənim yerimdir, heç kim ora girə bilməz” deyə dad döyür, kağızlar əlində qapı-qapı gəzirdi.
Behbudovların yeri azdırmı? Bir ailəyə bu qədər müxtəlif təyinatlı torpaq vermək olarmı? Buna qərar verən, bunu rəsmi qaydada sənədləşdirən təşkilatlar niyə belə halın fərqinə varmırlar? İmkansız bir ailə vaqon qoymağa 2 sot yer tapmır, kimlərsə 15-18-22 yerdə torpaq məngirləyir.
Nəticəyə siz də baxın, əziz oxucular. Xəlil Behbudovun tərsliyi və kimlərdənsə üz alması nəticəsində uşaq bağçasının hasarı əyri çəkilib. Behbudovlar özlərini sübut etmək üçün yerin əvəzlənməsinə də getmədilər. Uşaq bağçasının hasarının əyriliyi Behbudovların daxili aləminin, insanlığının əyriliyini təzahür etdirir. Təmiz qanlı azərbaycanlı heç vaxt belə hərəkətə yol verməzdi. X.Behbudov belə hərəkəti ilə milli mənsubiyyətini düşmənlərimiz tərəfə özü əyib və deyilənləri də təsdiq edib.
Bu sətirləri ona görə yazdım ki, kimlərlə bir rayonda yaşadığımızın fərqinə varaq və nəticə çıxaraq, münasibətlərimizi tənzimləyək, hərəkətlərimizə hədd qoyaq. Bir vətəndaş olaraq tək hüquqlarımızı yox, vəzifələrimizi də dərindən dərk edək.

Vahid Xəlilov


Tarix: 3-09-2019, 08:20
Xəbəri paylaş





Xəbər lenti