İcra hakimiyyəti qanunu icra etmir, məhkəmə isə yoxdur - ŞİKAYƏT

 Ağsu rayonunda icra hakimiyyəti orqanlarının özbaşınalığı o həddə çatıb ki, qanunverici hakimiyyətin, özünüidarə orqanlarının - bələdiyyənin səlahiyyətləri də mənimsənilib. Hətta müqəddəs, toxunulmaz sayılan qəbristanlığı, məscidin torpağını da satan icra hakimiyyəti artıq mənəvi deqradasiyaya uğrayıb. Təsəvvür edin, rayon icra hakimiyyətinin fövqəladə hallar komissiyası evi dağılan sakinlərə yox, eldə deyildiyi kimi, lotu-potulara rüşvət qarşılığında yeni evlər tikir. Evsiz -eşiksiz, yurd-yuvasız qalan zavallı yurddaşlara isə yardım etmək istəyən yoxdur. Hüquq mühafizə orqanları - polis, prokurorluq, məhkəməyə müraciət etməyi məsləhət görür, məhkəmə isə yerli-dibli yoxdur.

Bəli, yanlış eşitmədiniz, Ağsuda 7 aydır məhkəmə hakimsiz fəaliyyət göstərir. 7 aydır bu boyda rayona hakim təyin olunmayıb. Bu da icra hakimiyyəti orqanlarının özbaşınalığına, avtoritar idarəçiliyə nədən olan başlıca amildir. Bir məsələni də vurğulamaq yerinə düşər. Ağsu rayonu inzibati-iqtisadi yöndən Şəki İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid edildiyindən və Şəkiyə gedib-gəlmək nəqliyyatın olmaması səbəbindən problem olduğundan vətəndaşlar hüquqlarını inzibati yolla da təmin etməkdə acizdirlər. Ağsu rayonunu Şəki İnzibati-İqtisadi Məhkəməsinin yurisdiksiyasına aid edən hakimiyyət, heç olmasa, Şəkiyə gedib-gəlməyə marşrut reysi təşkil etməli deyil? Apellyasiya şikayətlərinin də Şəkidə araşdırılmalı olmasını nəzərə alsaq, əhalinin ciddi problemlə üzləşdiyinin şahidi olarıq. Ağsuda Vəkillər Kollegiyasının hüquq məsləhətxanasının olmaması da ciddi problemdir. Xatırladaq ki, cinayət işlərində təqsirləndirilən şəxsin, mülki işlərdə aztəminatlı şəxslərin vəkillə pulsuz təmin olunmaq hüququ qanunun tələbidir. Ağsuda vəkil bürosu olmayandan sonra insanların hüquqlarının müdafiəsinin hansı çıxılmaz durumda olduğunu təsəvvür etmək çətin deyil. Fikrimizcə, Ağsu və Şamaxı rayonlarını daha yaxın olan Bakının, yaxud Sumqayıtın yurisdiksiyasına aid etməklə, eləcə də Şirvan bölgəsi rayonlarını əhatə edən ayrıca məhkəmə kompleksi təşkil etməklə çözmək olar.

Ağsudakı hakimiyyət böhranından, hakimiyyətsizlikdən yararlanan elə icra orqanlarıdır. Fikir verin, Ağsu işıq idarəsi 50 ilin bina evindən sayğac quraşdırmağa 250 manat qarşılığında texniki şərt tələb edir, icra hakimiyyəti isə susur. Vətəndaşın evini dövlət hesabına bərpa etməyə 3 min manat rüşvət qarşılığında “xeyir-dua” verən, qanunu ciblərinə uyğun izah edən icra hakimiyyətinin özbaşınalığını kim durdura bilər? Məhkəmə hakimiyyəti! Di gəl, Nüsrət Kəsəmənli demiş, biri vardı, biri yox. Ağsuda isə heç məhkəmə də yox!

P.S. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
 //hurriyyet.org/
Tarix: 5-09-2019, 14:23
Xəbəri paylaş





Xəbər lenti