7NEWS.az xəbər verir ki, Göygöl Rayon İcra hakimiyyətinin başçısı Arif Seyidovun oğlu Samir Seyidovun dəbdəbəli həyatı sosial şəbəkələrin əsas mövzusu olub. S.Seyidovun şəxsi profilində paylaşdığı görüntüləri incələsək asan şəkildə onun milyonlarlara sahib olduğunu müşahidə edə bilərik. Bahalı avtomobillər, bahalı hədiyyələr, eyş-işrət, bar həyatı paylaşılan fotolarda açıq-aydın görünür.
Məsələ burasındadır ki, Göygöl Rayon İcra hakimiyyətinin başçısı Arif Seyidovun fəaliyyəti onsuz da ürəkaçan deyil. Qeyd edək ki, Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsində təhsil alıb digər həmkarları kimi sonradan ikinci təhsil alaraq icra hakimi postuna yiyələnən Arif Seyidovun əməlləri artıq rayon camatının əsəblərini tarıma çəkib.Dia-ya yazan narazı sakinlər bildirirlər ki Göygöldə başçının qəbuluna düşmək çox müşkül məsələdir: "Hətta müəyyən yollarla icra hakiminin qəbuluna düşən şəxslər belə öz istəklərinə nail olmadan İcra hakimiyyəti binasından təhqir olunmuş vəziyyətdə çıxırlar”.
Maraqlıdır ki, son bir il ərzində rayon ərazisində aparılan korrupsiya əməliyyatları nəticəsində həbs edilən bir neçə müəssisə rəhbərinin icra başçısı Arif Seyidovun yaxın qohumları olduğunu hamı bilir. Eyni zamanda məlum olur ki, dövlətin külli miqdarda əmlakı mənimsənilib və əlbəttə ki, bütün bunlar icra hakimiyyəti başçısının himayəsi altında baş verir. Həmçinin rayonda bir neçə il bundan əvvəl və keçən il Narkomaniyaya qarşı Mübarizə İdarəsinin apardığı tədbirlər zamanı həbs olunan şəxslər icra başçısının yaxın qohumları çıxıb. Bütün bunlar sübut edir ki, İcra başçısı Arif Seyidov rayonda "bütün sahələri” nəzarətdə saxlaya bilir.
Yuxarıda sadalanan faktlara əsaslanaraq Arif Seyidovun oğlu Samir Seyidovun hansı pullarla belə dəbdəbəli həyata sahib olduğunu asanlıqla söylərə bilərik.
Mövzunu davam etdirəcəyik.
7NEWS.az