“Ucarın mərkəziylə aramızda 7 kilometr məsafə var. Hər gün 16 ailə burdan rayona gedir, içməli su daşıyıb gətirir. Düzdür, icra başçısı bir arx qazdırıb, o arxla su kanalından bizə tərəf su axıb gəlir, ancaq o suyu yalnız paltar, qab-qacaq yumağa istifadə edə bilirik. İçsək, zəhərlənib ölərik”.DİA.AZ xəbər verir ki, Ucar Pambıq Zavodu hələ 1980-ci illərin ortalarında Bakı-Qazax yolunun üstündə, Ucarın Quləbənd kəndi yaxınlığına düşən ərazidə (Pambıq zavodun ərazisi) zavodun çoxuşaqlı ailələri üçün yaşayış binaları inşa etmək qərarına gəlir. 1987-ci ildə ilk ikimərtəbəli, 16 mənzilli bina istifadəyə verilir. Lakin Sovet hökuməti dağılandan sonra zavod da fəaliyyətini dayandırır, növbəti binalar tikilmir. Nəticədə istifadəyə verilmiş ilk binanın bir sıra kommunal problemləri də həll olunmamış qalır. Üstəlik, 90-cı illərin əvvəllərində hər yerdə olduğu kimi, bu ərazidə də qaz, su qıtlığı yaranır. Uzun müddət istifadəsiz qalmış qaz, su xətləri kəsilərək satılır. Nəticədə 30 ildən çoxdur ki, 16 ailə mavi yanacağı odunla əvəz edib, içməli suyu xeyli aralıda yerləşən rayondan daşıyır.
Bina sakini Teymur Əhmədov danışır: “Sağ olsun Ucarın icra hakimiyyətinin başçısı, binanı təmir etdirdi, dam örtüyünü dəyişdirdi. Meşədən keçib gələn Qəzyan arxı var, zibilliklərdən keçib gəlib bizim binaya çatır. O arxı da başçının göstərişi ilə qazıblar bizim üçün. Biz o arxı ildə 3-4 dəfə öz hesabımıza traktor gətirib qazdırırıq, qamışdan, yığılan zibillərdən, qurbağalardan təmizləyirik ki, su, azca da olsa, təmizlənsin. O arxın suyuyla yalnız pal-paltar, qab-qacaq yuya bilirik. Ekoloji çirkli sudur. Məcburuq ki, hər gür rayona gedib, içməli su gətirək. Bakı-Qazax yolunun üstündə ikimərtəbəli bir binadır. Ətrafı bomboşdur, bizim binadan başqa yaşayış yoxdur”.
Sakinlərin deməsinə görə, yaşadıqları yerdən 2 kilometr o tərəfə – Zərdaba qaz xətti keçib gedir. Digər tərəflərindən 1,5 kilometr məsafədəki Güləbənd kəndinə qaz verilir, ancaq onların binasına qaz xətti çəkilmir. Buna görə də sakinlər odundan istifadə edirlər:
"Azı 25 ildir ki, qaz yoxdur. Gedirik, tələb edirik ki, gətirin vaxtilə kəsdiyiniz qaz xətlərini yerinə birləşdirin, deyirlər, mümkün deyil. Səbəbini isə izah etmirlər. Bir maşın odun azı 350 manata başa gəlir. Ailələrin çoxu ala bilmir. Bax, hazırda hərə öz evinin odun sobasını çölə çıxarıb rəngləyir, qışa hazırlıq görür. Bir azdan havalar soyuyanda odun, istilik məsələsi yenə binanın əsas problemi olacaq”.
Sakinlərin telefon və internet problemi də var. Onların deməsinə görə, telefon xətti yaşadıqları binanın qarşısından keçib kəndlərə qədər uzanır, ucqar kəndlərdə də telefondan istifadə imkanı var, ancaq onların binasına telefon xətti çəkilmir.
Tarix: 25-09-2019, 10:14