İcra başçısı Təhsil şöbəsinin müdirəsi ilə yollarını ayırır?
Vaqif Həsənov ikibaşlı oyunoynayır? Ötən ilin avqust ayının 28-də Ağdam Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Vaqif Həsənov rayonda idarəçiliyi proqnozlaşdırılması mümkün olmayan başçı kimi qəbul olunur. Xüssusilə icra başçısının Təhsil Şöbəsinə yönəlik mövqeyi hələ də heç kimə bəlli deyil. Məsələ ondan ibarətdir ki, Vaqif Həsənov icra başçısı təyin olunduqdan sonra ilk həftələrdə Təhsil şöbəsinin müdiri Mətanət Misirxanovanı kəskin tənqid edirdi. O zaman belə təəssürat yaranmışdı ki, icra başçısı təhsil şöbəsinin müdiri ilə yollarını ayırmaqda qərarlıdır. Ancaq bir müddət sonra hansısa qeyri-müəyyən məqamların təsiri altında Vaqif Həsənovun mövqeyində dəyişiklik müşahidə olunmağa başladı və icra başçısı təhsil şöbəsinin müdirinin tənqidçisindən müdafiəçisinə çevrildi. Qeyd edək ki, sabiq təhsil naziri Mikayıl Cabbarovun Mətanət Misirxanovanın təhsil şöbəsinin müdiri vəzifəsinə uyğunsuzluğu ilə bağlı Ağdam rayon İcra Hakimiyyətinin başçısına məktub da göndərərək, şöbə müdirinin yeni şəxslə əvəzlənməsini gündəmə gətirmişdi. Ancaq təhsil nazirinin ortada belə bir məktubunun olmasına və Təhsil Şöbəsinin fəaliyyətində ciddi nöqsanlar olmasına baxmayaraq şöbə müdiri Mətanət Misirxanova mövqeyini qoruya bilirdi. İndi isə Ağdam rayonundan daxil olan məlumatda deyilir ki, icra başçısı Vaqif Həsənov təhsil şöbəsinin müdirinə qarşı yenə mövqeyini dəyişib. Belə ki, son günlər icra hakimiyyətinin əməkdaşları məktəblərdə yoxlamalar həyata keçirirlər. İddiaya görə, bununla Təhsil şöbəsinin müdirinə qarşı kompramat toplanlmağa çalışır. Belə rəylər mövcuddur ki, icra başçısı təhsil şöbəsinin müdiri ilə yollarını ayırmaq niyyətindədir. Ancaq hansısa səbəbdən bunu dərhal edə bilmir. Buna görə ona təhsil şöbəsinin müdirinə qarşı ciddi faktlar lazımdır. Buna görə də icra hakimiyyətinin əməkdaşları təhsil müəssisələrində yoxlamalara start veriblər. Ancaq bu yoxlamaları icra başçısının ikibaşlı oyunu hesab edənlər də var. Bu mövqedə olanlar hesab edir ki, icra başçsının təhsil şöbəsinin müdirini vəzifəsindən kənarlaşdırmaq üçün kifayət qədər əsasları var. Yuxarıda qeyd etdiyimiz kimi sabiq təhsil naziri Mikayıl Cabbarovun Mətanət Misirxanovanın tutduğu vəzifəyə uyğunsuzluğu ilə bağlı məktubu mövcuddur. Həmin məktub hazırkı təhsil naziri Ceyhun Bayramov tərəfindən ləğv edilmədiyi üçün qüvvədədir. Deməli, icra başçısı istəsə həmin məktubu əsas götürüb təhsil şöbəsinin müdirini vəzifəsindən kənarlaşdırar. Digər tərəfdən bu il rayonlar üzrə ali məktəbə daxil olanların göstəricilərinə görə Ağdam rayonu ilk iyirmilikdə yer almayıb. Bu isə Mətanət Misirxanovanın başçılıq etdiyi Ağdam rayon təhsil şöbəsinin fəaliyyətinin qəanətbəxş olmadığını göstərir. Bu qeyd olunanlar təhsil şöbəsinin müdirini dəyişmək üçün yetərli olsa da, Vaqif Həsənov hansısa səbəbdən təhsil şöbəsində yoxlamalar aparılmasına və nöqsanların üzə çıxarılaraq rəsmiləşdirilməsinə qərar verib. Bu ziddiyyət isə icra başçısı Vaqif Həsənovun ikibaşlı oyunu kimi yozulur. Ağdam rayonundan daxil olan məlumatda eyni halın Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisinə münasibətdə də baş verdiyi qeyd olunur. Məlumatların ilgincliyini nəzərə alıb, diqqətdə saxlamağa və icra başçısı Vaqif Həsənovun sonrakı addımlarının nədən ibarət olacağını izləməyə çalışacağıq. V.Qafarova, "Yeni Sözçü” qəzeti