Xaçmaz rayon, Heydər Əliyev küçəsi, 30 ünvanında yaşayan sakinlər belə deyir. Onların sözlərinə görə, bina Xaçmaz şəhərinin mərkəzində, paytaxtdan gələn bütün qonaqların səfər marşrutuna daxil olan “Şəxsiyyətlər Parkı”-nın yanında yerləşsə də, onların problemi hələ heç kəsin diqqətini cəlb etməyib.
Təxminən 1950-ci illərin sonlarından istifadəyə verilən bu binanın bir tərəfi, içərisində onlarla görkəmli şəxsiyyətlərin heykəlləri yerləşən “Şəxsiyyət Parkı”na tərəf boylanır. Maraqlıdır ki, bir üzü müasir arxitektura qaydaları və materialları ilə dəbdəbəli qaydada təmir olunsa da, binanın o biri tərəfi sözün əsl mənasında “Şanxay”ın dağınıq, köhnə evlərini xatırladır. Təhlükəli eyvanlar, sınıq pilləkənlər, köhnəlmiş divarlar sanki bir xarabalığı xatırladır. Bu bina sahibsiz qalan tikili kimi ömrünün son günlərini yaşayır.
Binanın sakini Züleyxa Mustafayeva mövcud vəziyyətlə bağlı dəfələrlə yuxarı instansiyalara şikayət etsə də, hələ də heç bir nəticə əldə edə bilməyib.
“Adam gedib-gəlməkdən utanır, şikayət etməkdən yorulur. Balaca bir şəhərdə nə qədər parklar salınıb, heykəllər ucaldılıb, bunu bəyənirik, ancaq bu balaca binanın dam örtüyünü dəyişmək nə böyük problem olub ki, bunu neçə illərdir heç kəs etmək istəmir? Bir maral, zürafə heykəli az olsun, ancaq damımızı dəyişib, bu qədər ailəni də belə faciədən qurtarsınlar da. Axı buna böyük maliyyətvəsaiti tələb olunmur?! Heç olmasa küçənin kimin adına olmasına baxıb, ondan utanıb, bir iş görmürlər. Çöl tərəfdən, görünən yerlərə bəzək vurmaqla deyil ki!”
Eyni binanın sakini Fəridə Məmmədova isə şikayətlərin faydasız olduğunu görüb, icra hakimiyyətinə müraciət etməkdən yorulub, nəhayət kredit alaraq öz hesabına binanın bir hissəsini təmir edib.
“Başqa çarəm qalmadı, başımıza su tökülürdü. Adam nə qədər gedib başqa yerdə qala bilər ki? Bu boyda kişinin adına olan küçənin gününə baxın. Heç olmasa, o ad və soyaddan ayıbdi ki…
Ona görə də, bu yaşımda gedib “Kapital bank”-dan kredit aldım. İndi də bu qoca yaşımda market və dükanlarda süpürgəçilik edirəm ki, həm dolanım, həm də borcu qaytarım. Təkcə təqaüdlə dolanmaq olmur, 62 yaşım var, mənim xadiməçilik edən yaşım deyil axı?! 3 min manat kredit almışam, iki il də məcburən faiz ödəmək üçün, süpürgəçilik etməliyəm”.
Mövzu ilə əlaqədar Xaçmaz Rayon İcra hakimiyyəti ilə əlaqə saxladıq. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanov bildirdi ki, problemin həlli gələn il görüləcək işlər siyahısındadır.
“Hazırda maliyyə vəsaitimiz kifayət qədər olmadığından, həmin binanın dam örtüyü və sair təmir işlərini gələn il yerinə yetirəcəyik. Bu il bir neçə çoxmənzilli binaların dam örtüyü dəyişmişik. Misal üçün deyə bilərəm ki, Xudatda bir neçə yaşayış binasının dam örtüyü dəyişdirilib, Xaçmaz şəhərində Nərimanov, Dağıstan, Səid Qurbanov küçələrindəki çoxmənzilli binalarda təmir işləri görmüşük. Gələn il isə bu və başqa binaların dam örtüyünün dəyişdirilməsi nəzərdə tutulub”
Onu da qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Xaçmaz rayonunda abadlıq-quruculuq işləri aparmaq üçün maliyyə vəsaiti ayrılması üçün sərəncamlar verib. Sonuncu dəfə 2018-ci il 4 may tarixli sərəncamı ilə ölkə başçısı rayonda abadlıq işləri və 12 küçədə əsaslı yenidənqurma işləri aparmaq üçün 3 (üç) milyon manat ayrılması üçün sərəncam imzalayıb.
Cəmil MƏMMƏDLİ