“Dedilər, ya 200 manat “hörmət etməliyəm” ki, sistemdən bu cəriməni silsinlər, ya da maşınımı aparmalıdırlar, üstəlik də “prava”m ləğv olunacaq”“Təzadlar”a Şəki rayonunun Aşağı Göynük kənd sakini, şəhid qardaşı Əbdürrəhimov Sadiq Məmmədəli oğlunun (əlaqə telefonu: (050)-531- 18- 28) Azərbaycan Respublikasının prezidenti İ.Əliyevə, surəti Birinci vitse-prezident M.Əliyevaya, Baş prokuror Z.Qaralova, daxili işlər naziri V.Eyvazova, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi K.Əliyevə, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Ə.Nağıyevə, DİN-nin Baş Dövlət Yol polisi İdarəsinin rəisi R.Zeynalova və Şəki şəhər prokuroru E.Camalova ünvanlı müraciəti daxil olub.
S.Əbdürrəhimov özlərini Şəki DYP əməkdaşları kimi təqdim edən, lakin şəxsi «VAZ 2106» markalı, 10 DJ 106 nömrəli dövlət nömrə nişanlı avtomobillə gəlib ona məxsus 90 BX 213 dövlət nömrə nişanlı «Niva» markalı avtomobilini naməlum istiqamətə aparan naməlum şəxslərin qanunsuz hərəkələrindən şikayətçidir.
Müraciətdə deyilir:
“Hörmətli cənab Prezident!
Öncə bildirmək istəyirəm ki, son vaxtlar Şəki Dövlət Yol Polisi əməkdaşlarının vətəndaşlara qarşı etdikləri qanunsuz hərəkətləri hamını boğaza yığıb. Bu qanunsuzluqladan biri ilə mən də üzləşmişəm.
Belə ki, bu il sentyabrın 23-də Qax şəhərinə çatmamış bort nömrəsi 822 olan DYP avtomobilini idarə edən yol polisi əməkdaşlarının göstərişi ilə naməlum DYP işçiləri idarə etdiyim şəxsi “NİVA” markalı 90 BX 213 dövlət nömrə nişanlı avtomobilimi saxlayaraq mənimlə mübahisəyə başladılar. Biri maşının qapısını açdı, digəri isə açarı əlimdan almaq istədi. Xeyli mübahisə etdikdən sonra təhlükəsizlik kəmərindən istifadə etməməyə görə protokol tərtib etdilər. Amma protokolun surətini mənə vermədilər.
Səhəri günü yenə gedib onlardan yazdıqları protokolun surətini tələb edib aldım. Gördüm ki, protokola Yevlax-Zaqtala yolunun 18-ci km-də guya hadisə baş verməsi barədə məlumatlar qeydə alınıb. Halbuki mən Şəki-Qax yolunda saxlanılmışdım. Mən cəriməni protokol nömrəsinə görə ödəmək üçün sənədi onlardan alanda məlum oldu ki, həmin DYP işçiləri əslində koordinat üzrə Yevlax-Zaqatala yolunda xidməti vəzifələrini həyata keçirməli idilər. Lakin həmin yolda əsaslı tikinti-təmir işləri getdiyindən, bu şoseyə təhkim olunan bort nömrəsi 822 olan DYP avtomobilini idarə edən yol polisi əməkdaşları 90 km kənarda xidmət göstərməli olan digər DYP işçilərini gizli sövdələşmələr nəticəsində qanunsuz olaraq öz ərazilərinə dəvət ediblər ki, iş yoldaşları “ac qalmasınlar” və 822-nin ərazisinə daxil olub dolansınlar.
Mən sentyabrın axırında bu dəstəni ifşa etdiyimə görə üzr istəyərək, yazdıqları 40 manat cəriməni özləri ödədilər.
Oktyabrın 3-də isə günortadan sonra bildirdilər ki, məni Şəki DYP əməkdaşları axtarır. Mən Aşağı Göynük kəndindəki “Göynük petrol” yanacaqdoldurma məntəqəsinin yanında avtomobilimi saxlayıb “VAZ 2106” markalı ağ rəngli 10 DJ 106 dövlət nömrə nişanlı avtomobildə əyləşmiş iki nəfərlə görüşdüm. Biri mülkü, digəri polis formasında idi. Dedilər ki, mənin 90 BX 213 dövlət nömrə nişanlı avtomobilimin 10 manat cəriməsi olub və onu ödəmədiyinə görə maşınımı aparmalıdırlar, sürücülük vəsiqəm də ləğv olunur. Bildirdim ki, nə mobil telefonuma, nə də poçtla evimə protokol gəlməyib ki, bu 10 manatı ödəyim. Dedilər, ya 200 manat “hörmət etməliyəm” ki, sistemdən bu cəriməni silsinlər, ya da maşınımı aparmalıdırlar, üstəlik də “prava”m ləğv olunacaq. Mən dərhal “902 qaynar xətti”nə zəng etdim. Bildirdilər ki, cəriməm olub və aktivdir, cəriməni ödəsəm, məslə bitir. Qaynar xətdəki kişi yanımda olan polislə də danışdı. O, özünü baş inspektor Ramil Adamov kimi təqdim etdi və bildirdi ki, cəriməm 16 manatdır. Mən yaxınlıqdakı aparata yaxınlaşıb cəriməni ödəyəndə özlərini DYP işçiləri kimi təqdim edənlərdən biri maşınıma oturub Şəki istiqamətində hərəkət etməyə başladı, digəri isə şəsxi “VAZ 2106” markalı avtomobillə onun arxasınca getdi…
Bu barədə dərhal DİN-nin “102 xidməti”nə zəng edib məlumat verdim. Məlumatım qeydə alındı. Ancaq hələ də şikayətlə bağlı heç bir tədbir görülmür.
Hörmətli cənab Prezident!
Onu da bildirmək istəyirəm ki, mən ailəmin çörəkpulunu zülmlə, əziyyət çəkib qazanıram. Mən həm də ermənilərin vaxtilə başına 3 milyon dollar qoyduğu şəhid Faiq Əbdürrəhimovun qardaşıyam. Sizdən xahiş edirəm, mülkü formada DYP əməkdaşı adı altında avtomobilimi aparan naməlum şəxslərin tapılıb cəzalandırılması və maşınımın geri qaytarılması barədə göstəriş verəsiniz”.
***
P.S. Yazı çapa hazırlanarkən məsələ ilə bağlı bort nömrəsi 822 olan DYP avtomobilinin ekipajı ilə əlaqə saxlamaq məqsədlə internetdə axtarış verərkən belə bir faktla qarşılaşdıq. Məlum oldu ki, 2016-cı il avqustun 19-da Bakı-Şamaxı yolunda 99 YP 822 dövlət nömrə nişanlı Yol-Patrul Xidməti avtomobilinin iştirakı ilə yol qəzası baş verib. Hadisə zamanı DYP maşınına xeyli maddi ziyan dəyib, polis əməkdaşlarından xəsarət alan olmayıb.
Şikayətlə əlaqədar qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. Siam.az
Tarix: 6-10-2019, 22:15