Qazax rayon icra hakimiyyətinin ünvanına sərt ittihamlar: başçının müavininə kim rüşvət verib?
“Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?”
Rubrika.az saytına müraciət edən Qazax rayon sakini Rəna Manafova qanunsuz olaraq işdən çıxarıldığını bildirərək əlaqədar qurumlardan köməklik istəyir. Şikayətçi 34 il işlədiyi Qazax 2 saylı uşaq baxçasının müdiri İradə İbrahimovanın onu qondarma ittihamlarla işdən çıxarıldığını bildirir.“İradə İbrahimovanın pedaqoji təhsili belə yoxdur,ekologiyanı bitirib. Sadəcə olaraq Qazax rayon icra hakimiyyəti başçısının müavini Gülayə Həsənovaya 10 min manat rüşvət verməklə vəzifəyə təyin olunub. Bir çox baxçalarda yarıtmaz fəaliyyətinə görə işdən çıxarılan İ.İbrahimova ən son 1 saylı baxçadan şiddətli töhmətlə vəzifədən çıxarılıb. Amma bu şiddətli töhmətin “şirinliyi” olaraq onu 2 saylı uşaq baxçasına müdir təyin ediblər. Qazaxda onun keçmiş fəaliyyəti ilə bağlı bilməyən yoxdur. Rəhbərlik etdiyi baxçalara uşaqları 100 manatdan qəbul edirdi. 2 saylı baxçaya gələn kimi isə kollektivi toplayaraq bildirdi ki, mən buraya töhmətlə gəlmişəm, onu üzərimdən götürməliyəm. “ Beləliklə töhmətini yumaq istəyən İ.İbrahimova rəhbərlik etdiyi kollektivə qarşı savaş açıb və ilk hədəfi də 34 illik iş təcrübəsi olan R.Manafova olub.
Heç bir ciddi əsas olmadan, qondarma ittihamlarla işdən çıxarıldığını bildirən şikayətçi İ.İbrahimovanın töhməti üzərindən götürmək üçün onları qurban verdiyi qənaətindədir:“ Günorta uşaqların nahar vaxtı idi. Mən də körpələdən birini yedizdirirdim. Rəhimə adlı xadimə də bu zaman otaqda idi. Övladı xəstə olduğu üçün ona telefonla zəng gəldi və əlində olan qazanla birlikdə telefonla danış-danışa otaqdan çıxdı. Bu zaman otağa daxil olan İ.İbrahimova bizim guya qazanı gizlətmək istədiyimizi söyləyərək səs-küy salmağa başladı. Qazanda cəmisi 4 tikə ət qalmışdı və onu da uşaqlara verəcəkdik. Sadəcə İ.İbrahimova özünü yuxarılara təmiz, işlək bir kadr kimi tanıtmaq üçün bu oyunu oynadı. Xadiməni icra hakimiyyətinə çağıraraq yenidən işə qaytarılacağı vədiylə əleyhimə qondarma izahat yazdırdılar. Mənə isə guya öz xahişimlə işdən azad olunmağım haqda ərizə yazdırmağa cəhd etdilər. Amma, mən bu oyuna getmədim , heç bir ərizəyə və digər sənədə imza atmadım. Bütün bunlara baxmayaraq İ.İbrahimova məni qanunsuz olaraq işdən azad etdi. Özü də çox gülünc, absurd bir ittiham ilə. Özü rüşvətə və korrupsiyaya görə dəfələrlə töhmət alan birisi 4 tikə əti bəhanə edərək məni işdən çıxarıb. Qəribəsi odur ki, ona şiddətli töhmət verən Qazax rayon icra hakimiyyəti də bu gün İ.İbrahimovanı müdafiə edir. Qazanın dibində qalmış bir neçə tikə ətlə İ.İbrahimovanın üzərindən töhmət ləkəsini götürmək istəyirlər. Tələb edirəm ki, bu qanunsuzluğa, hüquqlarımın kobud surətdə pozulmasına dərhal son qoyulsun. Əks təqdirdə cənab Prezidentə, Mehriban xanıma müraciət edərək bu rüsvayçı vəziyyətə son qoymağı xahiş edəcəyəm. Töhmət alanı yenidən vəzifəyə qoyanlar bir neçə tikə əti bəhanə edərək(baxmayaraq ki, bu gülünc bir qondarma tamaşadır) 34 illik təcrübəmi heçə sayaraq məni işdən çıxarırlar.”
Adamın yadına bilirsiniz nə düşür- Qazanda bir tikə ət qalıb, onu kim yeməlidir?Cavabını Qazax rayon icra hakimiyyətində oturanlar da bilməmiş olmaz!
Tarix: 10-10-2019, 22:51