İcra başçısı bağçalara “racon kəsib”

         Bu yaxınlarda aktualxeber.az saytında “Taleh Qaraşov bağçadan haqq alır” başlıqlı məqalə dərc edilmişdi. Məqalə Lənkəran şəhəri 5 saylı uşaq bağçasının keçmiş tərbiyəçisi Mirzəyevə Nuridə Arif qızının redaksiyamıza etdiyi müraciət əsasında hazırlanmışdı. Şikayətçi bildirirdi ki, bağçanın müdiri Aybəniz Hüseynova ayrılan ərzağı təyinatı üzrə istifadə etmir. Eyni zamanda qeyd etmişdik ki, A.Hüseynovanın arxasında İcra başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Arifqızı dayanır deyə heç kimi saymaq belə istəmir. Müdirənin yaxın ətrafına dediyinə görə icra başçısına da müavini vasitəsilə ildə dörd dəfə (rüblük) 10.000 manat miqdarında haqq verir. Bu pulu isə hər dəfə Lənkəran İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən Günəş Mükrəmin qızı Quluzadəyə şəxsən çatdırır. G.Mehdizadə bu pulu Rasilə xanıma, o da öz növbəsində İcra başçısı Taleh Qaraşova çatdırır. Bağçalara yoxlama gələndə isə həmin baş məsləhətçi xanım şəxsən zəng edib xəbərdarlıq edir ki, hər şey qaydasında olsun. Bu pulu verməyən bağçalarda isə vəziyyət tamam başqa cürdü.
Məlumdur ki, dünən təqaüd yaşına çatmış məmurlara dövlət başçısı müraciət edərək özlərinin vəzifələri ilə vidalaşmasını məsləhət gördü. Ümidvarıq ki, xəstəliyə görə pensiya alan 65 yaşlı müdirə Aybəniz Hüseynova da bundan bir ibrət götürəcəkdir.
Bu yazımızla əlaqədar RİH başçısı Taleh Qaraşovun mövqeyini öyrənmək cəhdlərimiz alınmadı. Köməkçisi Elnur Hüseynov isə heç bir açıqlama vermək istəmədi.

Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.
Tarix: 23-10-2019, 09:07
Xəbəri paylaş





Xəbər lenti