Gəncənin icra başçısı büdcəni belə mənimsəyir... - FAKTLAR
Azərbaycanda şəhər və rayonlarda tikinti-quruculuq və abadlıq işləri aparılmasına dövlət büdcəsindən hər il yüz milyonlarla vəsait ayrılır. Ancaq bəzən ayrılan vəsaitlər təyinatı üzrə xərclənmir və yaxud görülən işlər keyfiyyətsiz aparılır.
Tikinti-quruculu və abadlıq işlərinə böyük miqdarda vəsait ayrılan regionlardan biri də Gəncə şəhəridir.
Bu ilin mart ayının 4-də Prezident İlham Əliyev Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Gəncə şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi üçün 11 milyon, küçələrin əsaslı təmiri üçün 4 milyon, işıqlandırma sistemlərinin yenilənməsi üçün 1 milyon, əhaliyə kommunal xidmətlər göstərilməsi sahəsində istifadə olunan maşın və mexanizmlərin alınması üçün 6 milyon, ümumilikdə 22 milyon manat ayrılıb.
Bəs Gəncənin abadlaşmasına ayırdığı milyonlarla vəsait necə xərclənir?
Qlobal.az-ın budəfəki araşdırması Gəncə Şəhər İcra Hakimiyyətinin cari ilin iyul ayının 25-də keçirdiyi katirovka sorğuları və tenderlər üzərindədir.
Gəncə Şəhər İcra Hakimiyyətinin qeyd olunan tarixdə səkkiz lot üzrə keçirdiyi katirovka sorğularının və açıq tenderlərin ümumi məbləği 298.403 (iki yüz doxsan səkkiz min dörd yüz üç) manat təşkil edib.
Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişçisi olduğu "idarənin sair xərcləri" (31.120), "bərk inventarın alınması" (60.716), "digər maşın və avadanlıqlar" (62.780) üzrə katirovkanın və tenderin qalibi "ELEQANT R" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişçisi olduğu "avadanlıqların alınması" (19.492), "əsaslı təmir işləri" (54.890), "digər alış və xidmətlər" (13.000) üzrə katirovkanın və tenderin qalibi isə "QUBA TİKİNTİ SERVİS R" Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Gəncə Şəhər İcra Hakimiyyətinin sifarişçisi olduğu "Xidməti maşınlar üçün alınacaq maşın - mexanizmlərin ehtiyat hissələrinin satın alınması" (10.650) və "sair xərclər" (15.880) üzrə katirovkaların qalibi isə "STAMUS R" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.
Gəncə Şəhər İcra Hakimiyyətinin tenderlərinin qalibi hansı MMC-lərdir?
Məlum olub ki, Gəncə Şəhər İcra Hakimiyyətinin iyul ayının 25-də keçirdiyi katirovka sorğuları və tenderlərin qalibi olan hər üç şirkət ("QUBA TİKİNTİ SERVİS R", "STAMUS R", "ELEQANT R") eyni ildə, eyni ayda və eyni gündə - 2017-ci ilin noyabr ayının 27-də təsis edilib.
Nizamnamə kapitalları 10 (on) manat olan hər üç MMC-nin hüquqi ünvanı da həm eyni, həm də qeyri müəyyəndir: Quba rayonu, Amsar kəndi.
"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.
Bu şirkətlərin isə nə əlaqə telefonu, nə faktiki ünvanı, nə də "web" ünvanı yoxdur.
Bəs, görəsən, maliyyə imkanları, hesabatları, maddi-texniki bazaları, əmək müqaviləsi ilə çalışan işçilərinin sayının nə qədər olması da qaranlıq olan şirkətlər necə oldu ki, Gəncə Şəhər İcra Hakimiyyətinin səkkiz lot üzrə sifarişçi olduğu katirovka və tenderlərin qalibi ola bildi?
Qalib olan şirkətlər ata-oğulundur
Gəncə Şəhər İcra Hakimiyyətinin cari ilin iyul ayının 25-də sifarişçi olduğu iki katirovka sorğusunun və bir açıq tenderin qalibi olan "QUBA TİKİNTİ SERVİS R" MMC-nin qanuni təmsilçisi Cəfərov Rafiq İmamqulu oğludur.
İcra Hakimiyyətinin tenderlərinin digər qalibi - "ELEQANT R" MMC-nin qanuni təmsilçisi isə Cəfərov Mehman Rafiq oğludur.
Gəncə Şəhər İcra Hakimiyyətinin iyul ayının 15-də sifarişçisi olduğu tenderin üçüncü qalibi "STAMUS R" MMC-nin qanuni təmsilçisi də Cəfərov Mehman Rafiq oğludur.
Məlumata görə, Qaradağ rayonu Qobustan qəsəbəsində yaşayan, "QUBA TİKİNTİ SERVİS R" MMC-nin rəhbəri 1966-cı il təvəllüdlü Cəfərov Rafiq İmamqulu "ELEQANT R" və "STAMUS R" MMC-lərin rəhbəri Mehman Cəfərovun atasıdır.
"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununda tender sifarişçisi olan təşkilatın formalaşdırdığı komissiyada təmsil olunan şəxslərlərdən hər hansı ilə tenderdə iştirak edən təşkilatın rəhbəri qohum ola bilməz. Bu cür halların olması keçirilən kotirovka və tenderlərin şəffaflığını ciddi şübhə altına alır. Yaxın qohumluq əlaqələri olan şəxslərin rəhbər olduqları şirkətlərin eyni qurumun sifarişçi olduğu kotirovka və tenderlərin eyni gündə qalib olması mövcud qanunvericiliklə birbaşa qadağan edilməsə də, hər halda müyyən şübhələrə yol açır.
Qlobal.az yuxarıdakı faktlara aydınlıq gətirilməsi üçün ölkədə keçirilən satınalmalara nəzarət edən quruma - Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə rəsmi müraciət edib, lakin Xidmət sorğunu cavablandırmayıb.
Gəncə Şəhər İcra Hakimiyyətindən də mövqe bildirilməyib.