İcra başçısı haqda ilginc iddialar... - Belə deyirlər...
Xatırladaq ki, bu yaxınlarda aktualxeber.az saytında “Taleh Qaraşov bağçadan haqq alır” və “İcra başçısı bağçalara “racon kəsib”” başlıqlı məqalələr dərc edilmişdi. Məqalələr Lənkəran şəhəri 5 saylı uşaq bağçasının keçmiş tərbiyəçisi Mirzəyevə Nuridə Arif qızının redaksiyamıza etdiyi müraciət əsasında hazırlanmışdı. Şikayətçi bildirirdi ki, bağçanın müdiri Aybəniz Hüseynova ayrılan ərzağı təyinatı üzrə istifadə etmir. Eyni zamanda qeyd etmişdik ki, A.Hüseynovanın arxasında İcra başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rasilə Arifqızı dayanır. Müdirənin yaxın ətrafına dediyinə görə icra başçısına da müavini vasitəsilə ildə dörd dəfə (rüblük) 10.000 manat miqdarında haqq verir. Bu pulu isə hər dəfə Lənkəran İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi işləyən Günəş Mükrəmin qızı Quluzadəyə şəxsən çatdırır. G.Mehdizadə bu pulu Rasilə xanıma, o da öz növbəsində İcra başçısı Taleh Qaraşova çatdırır. Bağçalara yoxlama gələndə isə həmin baş məsləhətçi xanım şəxsən zəng edib xəbərdarlıq edir ki, hər şey qaydasında olsun. Bu məqalələrdən sonra icra başçısının tapşırığı ilə adı çəkilən xanımlar şikayətçiyə hədə qorxu dolu ismarıclar yollamağa başlayıblar. Onların adamları şikayətçi xanıma zəng edərək əgər bu yazılar dayanmasa Taleh Qaraşovun onu məhkəməyə verərək həbs etdirəcəyini deyirlər. Onların bildirdiyinə görə icra başçısı onun barəsində xüsusi ittiham qaydasında iddia qaldıracaqdır. Belə yerdə yadımıza, ”oğru elə bağırdı ki…” atalar sözü düşür. Ümidvarıq ki, dövlət başçısının iradəsi və qətiyyəti ilə həyata keçirilən son kadr islahatlarından sonra Taleh Qaraşovun da arxalandığı adam işdən çıxarıldığından Lənkəranda qanunun şahlığı əsas götürülərək haqq öz yerini tutacaqdır.