İsmayıllıda sahibkara yaşadılan TORPAQ DRAMI: “Arxivə saxta sənəd yerləşdirərək...”


bitmap-img6




“Bələdiyyələrlə iş üzrə mərkəz ortada korrupsiya faktının olmasından şübhələnərək, işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərib”.

Bu iddia ilə Yenicag.az-a müraciət edən Dönməz Məmmədovun sözlərinə görə, 2012-ci ildən İsmayıllı rayonunun Tircan kənd sakinindən satın aldığı torpaq sahəsində maldarlıq və arıçılıq təsərrüfatı yaradıb.

Dönməz Məmmədov bildirib ki, təsərrüfatın böyüməsi sayəsində heyvanlarının sayı artıb və ərazini genişləndirməyə ehtiyac yarandığı üçün 2016-cı ildə kənd bələdiyyəsindən əlavə torpaq sahəsi alıb. Bütün problemlər də bundan sonra qabarıb:

“Boş torpaq sahəsini almaq üçün kənd bələdiyəsinə müraciət etdim. Qanuni şəkildə, dövlət rüsumu ödənilməklə 66 hektar torpaq sahəsini götürdüm. Sənədləşmə aparılandan 15-20 gün sonra məlum oldu ki, həmin ərazidə qonşu olduğumuz Həsrətov Əflatun Ağayar oğlu aldığım torpaq sahəsini hələ bir neçə il əvvəl heç bir sənəd olmadan Ağsu rayonundan olan vətəndaşa satıb.

Əldə etdiyim məlumata görə, həmin vətəndaşdan o ərazinin qarşılığında “Tofaş” markalı avtomobil və bir neçə baş iribuynuzlu heyvan alıb. Bu məsələni araşdırmaq üçün İsmayıllı Rayon İcra Hakimiyyətinə getdim və Əflatun Həsrətovun da orada olduğunu gördüm. Onunla söhbət etdik, göstərdiyi sənədlərə baxanda açıq-aydın göründü ki, sənəddəki çertyoju mütəxəssis çəkməyib. Həsrətov məndən xahiş etdi ki, ona üç ay vaxt verim. Deyirdi ki, sənədləri saxtadır, torpağı satacağı adamı aldadacaq, sonra isə aradan çıxacaq.

Bir müddət keçəndən sonra mənə məlumat verdilər ki, Həsrətov rayon arxivinə gedib, sənəd düzəltmək istəyir. Bunu eşidəndən sonra Tircan kənd icra nümayəndəsi ilə görüşdüm. Mənə dedi ki, heç nədən narahat olma, bu sənədlərin heç bir əsası yoxdur, arxivdə elə bir sənəd tapa bilməzlər. İşimi etibarlı tutmaq üçün Milli Arxiv idarəsinin rəhbərliyinə müraciət etdim ki, rayon arxivi nəzarətə götürülsün, hazırda arxivdə həmin ərazi ilə bağlı sənəd olmadığı halda, ora saxta sənəd yerləşdirə bilərlər.

Araşdırma zamanı saxta sənədləri ələ keçirdim, orada bələdiyyənin möhüründən istifadə olunmuşdu, imzalar isə bir-biri ilə uyğun gəlmirdi. Hətta oradakı mütəxəssisi də tapdım, sənəddə onun imzasının olub-olmadığını soruşdum. Dedi, sənəddəki imza ona məxsus deyil. Buna görə də polis və prokurorluq orqanlarına müraciət etdim. Aldığım torpaq sahəsini dövlət reyestr xidmətində də yoxlatdım, orada 32 hektar göstərilirdi. Yəni sənəddə 65 hektar kimi göstərilən ərazi reyestr xidmətində 32 hektar olaraq təsdiqlənib. Bu səbəbdən, təkrar İcra Hakimiyyətinə müraciət etdim”.

Dönməz Məmmədov deyir ki, işin gedişində əvvəllər adı çəkilməyən sənədlər “peyda olmağa” başladı və onu yenidən icra hakimiyyətinə çağırdılar:

“Orada mənə dedilər ki, Əflatun Həsrətovun sənədləri tapılıb. Onlara dedim ki, bura gəlməzdən əvvəl arxiv idarəsinə getmişdim, maraqlandım, arxivin rəhbəri dedi ki, qarşı tərəfin sənədləri arxivdə yoxdur. Bu zaman İcra Hakimiyyətində dedilər ki, işi verin məhkəməyə, orada araşdırılsın. Həmin söhbətdən sonra gəldim Bakıya, Milli Arxiv İdarəsinin rəisi Ataxan müəllim məni qəbul etdi. Üzləşdiyim vəziyyətlə bağlı ona məlumat verdim. O da, telefonla zəng elədi rayon Arxiv idarəsinin rəhbəri İsa müəllimə. Ondan soruşdu ki, dünən sizin arxivə sənəd qoyulub? İsa müəllim dedi ki, mənə İcra Hakimiyyətindən tapşırdılar, mən də arxivə 5 vərəq sənəd əlavə etmişəm. O sənədlərdən 2-si əsas, 2-3-ü isə sürətidir.

Ataxan müəllim ona dedi ki, bu hərəkətin cinayət olduğunu bilmirsən? O da cavab verdi ki, sənədləri arxivə məcburiyyət qarşısında qaldığı üçün əlavə edib. Sonra Ataxan müəllimin sualına cavabında qarşı tərəfə müvafiq arayış verdiyini də etiraf etdi. Ancaq bildirdi ki, o arayış torpaq sahəsinin qarşı tərəfə aid olduğunu təsdiqləmir.

Baş verənlərlə bağlı məhkəmə oldu. Ancaq məhkəmə heç bir əsas olmadan əleyhimə qərar çıxardı. Yuxarı instansiya məhkəməsinə şikayət etdim. Şəki şəhər Apellyasiya məhkəməsi mənim xeyrimə qərar çıxardı. Qarşı tərəf isə bu dəfə Ali Məhkəməyə üz tutdu. Ali Məhkəmə isə yenidən baxılması üçün işi Şəki Apellyasiya məhkəməsinə göndərdi. Bu dəfə işə Şəki şəhər Apellyasiya məhkəməsinin hərbi kollegiyası baxdı”.

Dönməz Məmmədov qeyd edib ki, kənd bələdiyyəsi qarşı tərəfin ərazidən çıxması üçün göstəriş verib:

“Hərbi kollegiyanın hakimi Bələdiyyələrlə iş üzrə mərkəzinin aparatının məktubu əsasında Həsrətov Əflatun İsmayıllı prokurorluğuna müraciət edib. İsmayıllı rayon prokurorluğu araşdırma aparıb. Araşdıma nəticəsində Əflatun Həsrətovun sənədlərinin saxta olduğu müəyyən edilib. Bu haqda Bələdiyyələrlə iş üzrə mərkəzə müvafiq məkub göndərilib. Bələdiyyələrlə iş üzrə mərkəzin aparatı da həmin məktubu əsas götürərək, İsmayıllı rayon Tircan kənd bələdiyyəsinə məktub göndərib ki, Əflatun Həsrətovun sənədləri saxtadır. Tircan kənd bələdiyyəsinin sədri də öz növbəsində qarşı tərəfə məktub göndərib ki, ərazini boşaldın. Ancaq bütün bunlara baxmayaraq, onlar ərazini boşaltmadılar.

Şəki Apellyasiya məhkəməsinin hərbi kollegiyasının hakimi Elçin Hüseynov mənim əleyhimə qərar çıxardı. Buna görə də Ali Məhkəməyə müraciət etdim və müxtəlif dövlət orqanlarına məktublar göndərdim. Bələdiyyələrlə iş mərkəzi həmin məsələ ilə bağlı keçmiş bələdiyyə sədrini və müavininin izahatlarını alıb. Onlar bildirib ki, həmin torpaq sahəsini onlar satmayıblar və sənədlərdəki imzalar da onlara məxsus deyil.

Bundan sonra yerli bələdiyyə iclas keçirərək, müqaviləni ləğv edib. Bələdiyyələrlə iş üzrə mərkəz ortada korrupsiya faktının olmasından şübhələnərək, işi Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərib. Hazırda həmin İdarədə məsələ ilə bağlı araşdırma aparılır”.

Şikayətçi bildirib ki, qarşı tərəf dəfələrlə onun təsərrüfatında işləyən çobanları hədələyərək, işdən çıxmalarını tələb edib.

Haqqında danışılan qalmaqallı məsələ ilə bağlı Yenicag.az-a danışan Tircan kənd icra nümayəndəsi bildirdi ki, o, torpaq məsələlərinə qarışmasa da, yaranmış problem barəsində məlumatlıdır. İcra nümayəndəsi bu işlə bağlı məhkəmə prosesinin davam etdiyini xatırladıb.

Məsələdə adı hallanan Tircan kənd bələdiyyasənin sədri isə davamlı zənglərimizə cavab vermədiyi üçün onun mövqeyini öyrənmək mümkün olmadı.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.












Tarix: 31-10-2019, 08:20
Xəbəri paylaş





Xəbər lenti