Tahir Məmmədov şamaxılıların ümidlərinı doğrultmadı
Bir müddət bundan əvvəl aktualxeber.az saytında “Ümidi qırılan Şamaxı” başlıqlı məqalə dərc etmişdik. Məqalədə videoxülasə kimi Şamaxı rayonundakı bir sıra sosial problemlər və natəmizlikdən söhbət açmışdıq. Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 30.10.2018-ci il tarixli Sərəncamı ilə Tahir Məmmədov Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. Qeyd edək ki, T. Məmmədov bu sərəncama qədər Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri vəzifəsində çalışıb. Bütün şamaxılılar bu təyinatı sevinclə qarşılamışdı və ümid edirdilər ki, yeni icra başçısı illərlə yığılıb qalmış bir çox problemləri həll edəcəkdir. Amma bu gün rayonda olan vəziyyət bu ümidlərin puç olduğuna dəlalət edir. Prezident İlham Əliyev dünən yeni təyin etdiyi gənc icra başçılarını qəbul edərkən onlara müəyyən tapşırıqlar verməklə yanaşı, olduqca maraqlı məqamlara da toxundu. Prezident həmçinin bəzi icra başçılarının yol verdiyi nöqsanlardan ancaq media, televiziya vasitəsilə məlumat əldə edə bildiyini dedi. Buna misal olaraq Prezident İlham Əliyev 28 oktyabr tarixində “ARB-Şəki” kanalının xəbərlər proqramında Şamaxının bərbad vəziyyətdə olan şəhər 2 saylı tam orta məktəbinin vəziyyəti ilə bağlı izlədiyi reportajı göstərdi.Prezident bildirdi ki, problemlə bağlı icra başçısı ona məlumat verməli olsa da, o, bu haqda mediadan eşidib: “İctimai nəzarət rayonlarda daha güclü olmalıdır. Buna nail olmaq üçün müvafiq təkliflər hazırlayın. Bəzi icra başçıları tərəfindən yalan məlumatlar ötürülür. Özlərini göstərmək, yaxud da ki, nöqsanlarını ört-basdır etmək üçün yalan raportlar verilir, rayonların inkişafı ilə bağlı, mövcud problemlərlə bağlı həqiqəti əks etdirməyən məlumatlar verilir. Ona görə mən də rayonlara tez-tez gedirəm ki, o problemləri xalqın dilindən eşidim. Mən media nümayəndələrinə də dəfələrlə müraciət etmişəm, demişəm ki, siz mənim köməkçilərimsiniz. Bəzi hallarda mən dözülməz vəziyyətlə bağlı mediadan xəbər tuturam. Bax, son hadisəni demək istəyirəm ki, Şamaxı rayonunda zəlzələ olub, oraya böyük vəsait ayrılıb. Mən oraya getmişəm, yeni tikilmiş evlərin açarlarını vətəndaşlara təqdim etmişəm. Ancaq o gün televizorda baxıram ki, məktəb binasının yarısı uçubdur, çatlar var, uşaqlar qorxudan orada otura bilmirlər. Bəs yaxşı, bunun üstündən səkkiz ay keçibdir, bunu etmək mümkün deyilmi? Vəsait ayrılıb, göstəriş verilib, bir çox evlər tikilib, bu məktəb belə yararsız vəziyyətdə ola-ola bununla necə barışmaq olar? İndi əgər mediada, televizorda bu reportaj getməsəydi, mən bilməyəcəkdim. Mən bilən kimi dərhal göstəriş verdim. İndi orada işlər başlayacaq və o məktəb binası ya sökülüb yenidən tikiləcək, ya da əsaslı təmir olunacaq. Ona görə ictimai nəzarət olmalıdır. Siz də bundan qorxmamalısınız, əksinə, ictimaiyyət sizə dəstək verməlidir”. Bu sözlərdən bir daha aydın olur ki, Şamaxı Rayon İcra Hakimiyyətinin Tahir Məmmədov vaxtında dövlət başçısını məlumatlandırmayıb və buna görə də cəzalanacaqdır. Biz də aktualxeber.az saytında bir neçə ay öncə getmiş bir videonu yenidən sizlərə təqdim etməklə dövlət başçısının dünənki çağırışına qoşuluruq.
Mövzuya qayıdacağıq və qarşı tərəfi də dinləməyə hazırıq.